Türklərdə Tək Tanrı inancı: bu inanc onlara bütün dünyanı yurd olaraq qavramalarına şərait yaratdı

10-12-2024, 09:54           
Türklərdə Tək Tanrı inancı: bu inanc onlara bütün dünyanı yurd olaraq qavramalarına şərait yaratdı
XIX əsrdə formalaşan bir termin kimi şamanizm məna və mahiyət baxımından qədim türklərin dini həyatını əks etdirməkdən məhrumdur.
Türk həyat tərzində şamanizm ünsürləri yer alsa da, qədim türklər şaman və ya kamlıq inancına sahib deyildilər. Onların sosial-dini həyatında kamların rolu güclü olsa da, kam kimliyi şamanla eyni müstəvidə dəyərləndirilə bilməz.
Qədim türklər əbədi və yaradıcı bir varlıq olan, adına Tenqri dedikləri tək ilahi gücə itaət edirdilər. Qədim və orta əsrlər türk mətnlərində Tanrının yüzdən çox sifəti vurğulanır. Həmin sifətlərin hamısı Tanrını tək (bir), sonsuz, yaradıcı (yaratqan), əbədi (bengi), güc sahibi (mengzekiz), görən (sakçı), bilən (bil- gən), yaxşılıq edən (edgülük), əzab göndərən (qınqlıq/qınquçi), ulu (uluğ), uca (yitiz uluğ), görünməyən və s. kimi ilahi xüsusiyyətlər kəsb edir.
Səmavi köklərə sahib bir tanrıya ibadət edən kiçik ibrani camaatını diqqətə almasaq, böyük bir siyasi-hərbi güc və kütlə olaraq türklər tarixdə təktanrılı anlayışa sahib ilk xalq olma təsəvvürü bağışlayırlar. Türklərin bu dini təsəvvürü necə və hansı şəraitdə qavradıqları indilik qaranlıqdır. Ancaq müasir din tədqiqatçılarının iddia etdiyi kimi, türk tenqriçilik anlayışının "çoxtanrılı inanclardan təktanrılı inanca təkamül" nəticəsində formalaşdığı məntiqli görünmür.
Türklərin geniş coğrafiyalara yayılmasına sahib olduqları təktanrılı din təkanverici olmuş və onlar əsasən çoxtanrılı mədəniyyətlərin hakim olduğu ərazilərə nüfuz etmişdilər. Türklərin dini baxışında "Tanrı" anlayışı hər zaman mərkəzdə yer almışdır.
Tarix boyu ən çox din dəyişdirən kimliyə sahib olan türklərin manixeizm və buddizim kimi kiçik nümunələr xaricində heç bir zaman kütləvi şəkildə çoxtanrılı bir dini və inancı mənimsədikləri faktına rastlanılmamışdır.
Türklər tək tanrı təsəvvürünə bağlı güclü törə hüququ yaratdılar. Ümumi mənada qanun demək olan törə türklərin bü tün həyat tərzini içinə alan geniş mahiyyətli hüquqi sistemdir. Vahidləşmiş bir hüquq anlayışının ortaya çıxmasında türklərin bir olan Tanrıya bağlılığının təsiri böyükdür.
Törə kişi mərkəzli (patriarxal) bir hüquq rejiminə əsaslanırdı. Bu, qadını rədd edən və ya Roma, Sasani və Qədim Mesopotamiya inanclarında olduğu kimi qadını "qul" olaraq görən bir dini-hüquqi təsəvvür olmadığı kimi, əsasən cinslər arasında ilahi əmrləri tənzimləyən münasibətləri ön plana çıxarırdı. Törə anlayışında ata (kişi) məfhumunun mərkəzə yerləşməsi atlı kimliyinin formalaşmasına dini-hüquqi şərait yaratmışdır.
Tək tanrı təsəvvürü türklər üçün üfüq açıcı oldu. Bir olan ilahi gücə inam onların kainat və dünya təsəvvürünü formalaşdırmış, həyatın müqəddəs (iduk) və insani dəyərlərini təyin etməkdə başlıca amil olmuşdur. "Yuxarıda göy, aşağıda yer və ikisinin ortasında yaradılan insan" təsəvvürünü ön plana çıxardan türklərin din anlayışı onların bütün dünyanı yurd olaraq qavramalarına şərait yaratdı.
Bu dini zehniyyət türk dövlətlərinin və hökmdarlarının dünya üzərində özlərini tək və gerçək hüquqi güc olaraq görmək hissini gücləndirdi. Türklərdəki lider (xarizmatik hökmdar) anlayışını yaradan təməl anlayış buradan qaynaqlanırdı. Yəni bəzi müəlliflərin iddia etdiyi kimi, türklər üçün din hüquqi (törə) nizam içində yer alan bir təsəvvür deyil, həyatı bütünlüklə əhatə edən ilahi yaşam ölçüsüdür.
İnsanlığın qədim dünya təsəvvürünü dəyişdirən də məhz təktanrı inanclı türklərin mərhələli olaraq dünyaya yayılması və öz dini təsəvvürlərini yaymaları idi. Məhz türklərin yaydığı təktanrılı inanca söykənən yeni sosial-hüquqi şəriətin nəticəsində səmavi dinlər (ibrani, xristian və İslam) insanların zehninə güclü şəkildə təsir edəcək bir mühitə qovuşmuşdu.
İstinad: Əkbər Nəcəf-Rizvan Hüseynovun, "Parfiya. Orta dünyanın memarları"
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.