Türkiyədə maraqlı oğurluq: Kişi üç gün ərzində havalandırma boşluğunda gizlənib

Bu gün, 17:19           
Türkiyədə maraqlı oğurluq: Kişi üç gün ərzində havalandırma boşluğunda gizlənib
Türkiyənin Adana şəhərində ticarət mərkəzindən qızıl və pul oğurlayan kişi 3 gün ərzində havalandırma sisteminin kanalında gizlənib.

Bu barədə "Hürriyet" nəşrinə xəbər verir.

Məlumata görə, ticarət mərkəzindəki zərgərlik mağazasına oğru girdiyi və zərgərdən 3 kiloqram qızıl və 100 min Türkiyə lirəsi (təxminən 4800 manat) oğurladığı iddia edilib.

Fevralın 2-də gecə saatlarında oğrunun tutulması üçün əməliyyat keçirilib. Lakin polis, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və özəl təhlükəsizlik işçilərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticə verməyib, şübhəli tapılmayıb.

Ticarət mərkəzinin havalandırma kanalında gizlənən şübhəli orada yerləşdirilən təhlükəsizlik kamerasına düşsə də, dərhal yerini dəyişib. Üç gündən sonra o, nəhayət, binadan kənara çıxıb və qaçmağa çalışıb, lakin saxlanılıb. Ərazidə araşdırma aparan polis şübhəlinin oğurladığı iddia edilən qızıl və pulları isə tapmayıb.

Eyni zamanda, mağazasından oğurluq olunduğunu iddia edən zərgərlik firması şikayətini geri götürüb.

Şübhəlinin bu 3 gün ərzində susuz və qidasız qaldığı, zibil qutularındakı yeməklərlə qidalandığı məlum olub və xəstəxanaya yerləşdirilib. Müalicəsi tamamlandıqdan sonra polis bölməsinə aparılıb.

Həmçinin şübhəlinin geyiminin üzərində ingiliscə "Done" ("bitdi, tamamlandı") sözünün yazılması diqqət çəkib. Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.