Türk ordusu Dabıq əməliyyatına başladı:İŞİD üçün “Qiyamət savaşı” gəldi!

15-10-2016, 20:29           

"Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalına girən Türkiyə ordusu daha bir mühüm hərbi əməliyyata başlayıb.

Strateq.az xəbər verir ki, əməliyyatın budəfəki hədəfi əl-Bab qəsəbəsinin 3 km-liyində yerləşən Dabıq kəndini tutmaqdır.

Əslində ciddi hərbi strateji önəmə sahib olmayan Dabığın İŞİD üçün xüsusi anlamı var. “Xilafətçi”lər bu kənddə başlayacaq savaşdan sonra qiyamətin qopacağına inanırlar. Əsaslandıqları dəlil isə ən etibarlı sünni qaynaqlardan sayılan Müslimin hədis kitabıdır. Kitabın 2897-ci səhifəsində (34-cü cild) yer alan 5018 nömrəli hədisdə deyilir:

“- Yenə Əbu Hureyrə (radıyallahu ənh) nəql edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: "Rumlar, Ə'maq və Dabiq adlanan yerlərə enmədikcə qiyamət qopmaz. Onlara qarşı Mədinədən bir ordu çıxar. Bunlar o günün ərz (dünya) əhlinin ən xeyirlisidir. Bu ordunun əsgərləri döyüşmək üzrə səf-səf düzülüncə, rumlar xəbər göndərər:

"Bizdən əsir edilənlərlə aramızdan çəkilin ki, onları öldürək!"

Müsəlmanlar isə: -"Xeyr! Vallahi, sizinlə qardaşlarımızın arasından çəkilmərik" deyərlər.

Bundan sonra (müsəlmanlar) onlarla hərb edərlər. Hərbə qatılan müsəlmanların üçdə biri qorxudan həzimətə uğrayar; Allah əbədi olaraq onların tövbəsini qəbul etməyəcək. Üçdə biri qətlə yetirilər; bunlar Allah qatında şəhidlərin ən fəzilətliləridir. Üçdə biri qalib olur: bunlar əbədi fitnəyə düşməz və İstanbulu fəth edərlər …”

Göründüyü kimi, hədisdə qiyamətdən əvvəl müsəlmanların Dabıqda rumlarla vuruşacağı və axırda İstanbulu alacaqları bildilir. Anadolu fəth edildikdən sonra belə, indiki Türkiyə ərazisinə İslam ədəbiyyatında “diyari-Rum” deyildiyindən və İŞİD anlayışına görə, rəsmi Ankara islami rejim kimi görülmədiyindən, “xilafətçilər” hədisdəki rumların elə türklər olduğuna inanırlar. Əks tərəfin ən strateji şəhərlərindən birinin İstanbul olması da “xilafətçilər” üçün arqumentlərini gücləndirən dəlillərdəndir.

İŞİD-çilərin özlərinin Haqq yolunda olduqlarına inandıran digər dəlil Dabıqda rum əsgərləriylə qarşılaşacaq İslam ordusunun Mədinə kökənli olmasının xəbər verilməsidir. Sirr deyil ki, İŞİD də öz maliyyə, hərbi sursat, ideoloji qaynaqlarını, hətta yeri gələndə sosial bazasını da Səudiyyə Ərəbistanından alır. Bu məntiqlə, İŞİD-i krallığın adı qoyulmayan qoşunu saymaq olar.

Odur ki, Türkiyə ordusunun Dabığı alması ilə İŞİD ideoloqlarının bu günə qədər müqəddəs donuna bürüdükləri bir arqumentin sıradan çıxacağı gözlənililir. Nədən ki, hədisdə Mədinə kökənli müsəlman ordusunun 3/1-nin vəlvələyə düşərək qaçacağı, 3/1-nin öldürüləcəyi bildirilsə də, digər 3/1-nin qalib gələcəyi, hətta rumları İstanbula qədər qovalayacağı və bu şəhəri də alacağı vəd olunur. İŞİD həmin hədisin mənəvi cazibəsinə elə qapılıb ki, ingiliscə dərc etdikləri rəsmi jurnalı belə “Dabıq” adlandırıb.

Bu gün isə türk ordusu öz zirehli texnikaları və hərbi qüvvələri ilə Dabıq istiqamətində irəliləyir. Hərbi ekspertlərin təxminlərinə görə, Dabığı almaq Türkiyə Silahlı Qüvvələri üçün çətin olmayacaq. Əsas döyüşlərın isə Dabıqdan sonra başlanacaq əl-Bab və Raqqa əməliyyatlarında gedəcəyi güman edilir.

İŞİD-in hədislərin kölgəsinə sığınıb alınmaz qala hesab etdikləri Dabıqdan sonra ciddi mənəvi sarsıntıya düşəcəyi və bu psixoloji sarsıntının yaxınlarda İraqda başlayacaq Mosul hərəkatına da təsir göstərəcəyi ehtimal olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.