Türkiyə seçkiləri: Koalision hökumət qurulur YENİLƏNİR
7-06-2015, 19:06
Bakı vaxtı ilə saat 22:30-a olan məlumatlara görə, Türkiyədə bu gün keçirilən parlament seçkilərində artıq bülletenlərin 95 faizə yaxını sayılıb. Virtualaz.org saytı xəbər verir ki, AKP-nin topladığı səslərin faizində azalma davam edir. Hakim partiya 41,7 faizə yaxın səs toplaya bilib.
CHP-nin topladığı səslərin faizi 25 faizi azacıq keçir.
MHP isə 17 faizdən az səs yığa bilib.
Seçkilərin ən böyük sürpriz olan kürd partiyası HDP-nin səsləri isə 12 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, Türkiyədə AKP-nin 13 illik təkbaşına iqtidar dövrü başa çatmaq üzrədir.
İndi ən böyük intriqa koalision hökumətin kimlər tərəfindən qurulacağıdır. Nəzəri olaraq MHP, CHP və HDP öz aralarında ittifaq yarada bilsə, AKP müxalifətə keçməli olacaq.
Lakin bu partiyaların arasında ziddiyyətlər o qədər dərindir ki, onların arasında ittifaq ehtimalı çox cüzi görünür. Belə olan halda AKP kürd partiyası ilə anlaşa bilsə, yenidən hakimiyyətdə qala bilər. Belə ittifaq isə PKK-nın ağır şərtlərinin qəbul edilməsi hesabına başa gələ bilərdi. Başqa sözlə, Türkiyədə seçki nəticələri çox ciddi siyasi gərginlik vəd edir.
988Türkiyədə bu gün keçirilən kritik parlament seçkilərinin ilkin nəticələri hələ açıqlanmasa da son məlumatlara əsasən səslərin 60 faizdən çoxu sayılıb. Seçki nəticələrini online rejimdə yayan “Milliyet” qəzetinin xəbərinə əsasən “birinci partiya” 44 faizə yaxın səs toplayıb.
Mərkəzi Seçki Şurasının seçkilərin nəticələrinin açıqlanması üçün qoyduğu vaxt müddəti (Bakı vaxtı ilə saat 23:00) hələ başa çatmadığından qəzet həmin partiyanın adını açıqlamır. Ancaq təxmin etmək çətin deyil ki, söhbət hakim AKP-dən gedir.
İkinci yerdə gedən partiyanın isə 23 faiz səs topladığı göstərilir. Bu isə CHP-nin ənənəv elektoral dəstəyinin göstəricisidir.
Beləliklə, Türkiyə seçkilərində gözlənilən sürpriz qeydə alınmayıb və Ərdoğanın partiyası böyük ehtimalla yenidən təkbaşına iqtidar olacaq. Bu isə Ərdoğana konstitusiyanı dəyişdirməyə və ölkədə prezident üsul-idarəçiliyinə keçməyə imkan verəcək.
Bu seçki kampaniyasında əsas intriqa PKK-ya bağlı kürd partiyası HDP-nin 10 faizlik seçki baryerini aşa biləcəyi ətrafında idi. Rəy sorğuları HDP-nin 10 faizə yaxın səs toplaya biləcəyini göstərirdi. Əgər HDP parlamentə keçə bilsə, AKP-nin hakim çoxluğu itirməsi qaçılmaz olardı.