Qüds tarixi : Ənvər paşanın yanlışı və CHP hökumətinin 1948-ci ildə Fələstini satması… – Professor Sofuoğludan sensasion yazı

19-12-2017, 00:16           

Türkiyəli professor Əbubəkir Sofuoğlu Qüds məsələsi ilə bağlı “CHP Fələstini satıb İsrail tərəfinə necə keçdi?” başlıqlı yazı yazıb.

Avropa.info saytı həmin yazını təqdim edir:

QÜDS TARİXİ

“1.Yaşdıqları ərazilərdə davamlı olaraq ədavət salaraq fitnə çıxaran İsrailoğulları e.ə 586-ci ildə Babil şahı Navuhodonosor, eramızın 70-ci ilində Roma imperatorları Tit, 132-135-ci illərdə Adrian tərəfindən sürgün ediliblər.

2.637-ci ildə Hz.Ömər (R.A) vaxtında müsəlmanların əlinə keçən Qüds 1099-da xaçlılar tərəfindən işğal edildikdən sonra, daha əvvəl Nurədddin Mahmud Zənginin böyük səyləri, daha sonra Səlahəddin Əyyubinin 1187-ci ildə fəthi ilə müsəlmanların əlinə keçdi.

OSMANLI ÇƏKİLƏNƏ QƏDƏR

İranın e.ə. 539-da buranı təkrar ələ keçirməsindən və İsgəndərin e.ə. 333-cü ildə fəthindən sonra Sultan II Əbdülhəmidi qanlı çevrilişlə devirən Ənvər paşanın addımı və Osmanlının buradan çıxmasına qədər təxminən 1714 il ərzində yəhudilər bu torpaqlara gəlmədilər.

ƏNVƏR PAŞANIN TƏYİN ETDİYİ ADAM…

3.Ən yaxın dostu Camal paşanın xatirələrinə görə, yəhudilərə Fələstində yer verməyən Sultan II Əbdülhəmidi devirən Ənvər paşa Yaxın Şərq cəbhəsi komandiri Camal paşanın bütün etirazlara baxmayaraq Qüds Cəbhəsi Komandanlığına fransızlarla apardığı Verden döyüşünü uduzmuş və bu səbəbdən almanlar tərəfindən cəzalandırılmış Falkenhaynı təyin etdi . Falkenhayn da ingilislərlə apardığı müharibəni qəsdən uduzaraq (Alman imperatorunun gizli təlimatı ilə) 1714 il sonra yəhudilərin buraya gəlməsinə imkan yaradır. Qüdsün I Dünya müharibəsində müttəfiqimiz almanların əli ilə ingilislərə verilməsi ilə bağlı Vyanada keçirilən təntənəli şənliklər Mehmet Akif Ərsoyun heyrətinə səbəb olur.

ALMANLAR QÜDSÜ İNGİLİSLƏRƏ VERMƏDƏN ÖNCƏ…

4. 1917-ci il 9 dekabrda ingilislər Qüdsə daxil olmadan bir ay əvvəl İngiltərə Sionist Təşkilatları sədri lord Rotşild şəxsən özü 1917-ci ilin 2 noyabrında Fələstində yəhudilər üçün bir vətən qurulmasını ehtiva edən məşhur deklarasiyanı yazır və eyni deklarasiyanı lord Balfor bütün dünyaya bəyan edir.

5.Beləliklə rəsmi və faktiki olaraq Fələstini vermənin yolu 1714 il fasilədən sonra yenidən açılır. Bölgədə “İrqun”, “Haqanah”, “Stern” terror təşkilatlarının həyata keçirdiyi qətliamlarla fələstinlilərin bu torpaqlardan çıxmasını təmin edilir. Terror təşkilatları qətliamı bu şəkildə həyata keçirirdilər. Bir Fələstin kəndinə gəldikdə kənd əhalisinin hamısını kənd meydanına yığır, kənd əhalisinin yarısını digər yarısının gözləri qarşısında ən vəhşi üsullarla işgəncələr verə-verə qətlə yetirirdilər. Daha sonra öldürmədikləri kənd əhalisini azad edir, onlar da başlarına eyni aqibətin gəlməməsi üçün yaşadıqları yerdən qaçır, keçdikləri yerdə gördükləri fələstinlilərə başlarına gələni danışır, onların da qaçmasına səbəb olurdular.

6. İsrail 14 may 1948-ci ildə müstəqilliyini elan edir. Guya ikiqütblü dünyada 11 dəqiqə sonra ABŞ, 3 gün sonra isə SSRİ bu müstəqilliyi tanıyır. Müstəqilliyin elanından sonra Misir, İordaniya, Suriya və İraq orduları Fələstinə girirlər. BMT 12 dekabr 1948-ci ildə Fələstin Barışdırma Komissiyası qurur. Komissiyada Fransa bitərəf qalacaq, İsrailin müstəqilliyini 11 dəqiqə fərqlə tanıyan ABŞ yəhudilərin tərəfini, Türkiyə isə Fələstinin tərəfini tutacaqdı. Lakin Türkiyənin o zamankı CHP hökuməti komissiya işə başlayan kimi Fələstin tərəfini tərk edərək, İsrail tərəfinə keçir və 30 iyun 1948-ci ildə İsraili dövlət olaraq tanıyır. Hətta CHP hökuməti qətliamlara qarşı fələstinlilərə dəstək olmaq üçün regiona getmək istəyən türk vətəndaşlarına mane olur. İki ay sora İsraillə birlikdə Türkiyədəki on minlərlə yəhudini Fələstinə apararaq onların sayının (1920-1922-ci illərdə 25000 nəfər gəlmişdi) 50000 nəfərədək qalxmasını təmin edir. Beləliklə çox deyil, 31 il əvvəl öz torpağı olan Fələstində yəhudi əhalinin sayını öz əli ilə artırır.

7. Bu müharibədən sonra BMT Fələstindəki İsrail və Fələstindən formalaşmış federativ dövlət qurulmasını, Qüdsün də beynəlxalq statusa sahib olmasını təklif edir. İsrail daxil hər iki tərəf buna qarşı çıxır. Lakin İsrail müstəqilliyini elan edir. 1948, 1956, 1967, 1973-cü illərdən aparılan müharibələrdən sonra İsrail çox böyük sərhədlərə malik olur.

8. Sina yarımadası, Colan təpələri, İordan çayının Qərb sahili, Qəzzanı işğal edir və paytaxtın Qüds olduğunu elan edir. İsrailin son dəfə 1980-ci ildə verdiyi ilhaq qərarını BMT həmin il 478-ci qətnamə ilə rədd edir.

9. BMT-nin qətnaməsinə əhəmiyyət verməyən İsrail Fələstin torpaqlarında böyüməyə davam edir. Bütün dünya bu böyüməni sadəcə qınamaqla və tamaşa etməklə kifayətlənir.

10. 1967-ci ildə 242 saylı, 1980-ci ildə qəbul olunmuş 478 saylı qətnamələrə baxmayaraq, ABŞ prezidenti Donald Tramp heç bir hüquqi əsasa istinad etmədən Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan etdi.

Buna cavab olaraq Türkiyənin İƏT-nın sammitini çağıraraq 48 ölkə ilə birgə Qüdsü Fələstinin paytaxtı olaraq tanıması bütün planları alt-üst etdi. ABŞ bu qərar qarşısında heç bir şey edə bilmədi. Hətta ABŞ vitse-prezidenti Mayk Pens İsrailə edəcəyi səfəri təxirə salmaq məcburiyyətində qaldı. Bu vaxta qədər geri addım atan İslam aləmi Türkiyənin təşəbbüsü ilə ABŞ-a geri addım atdırdı. Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarından iki gün sonra BMT TŞ-ı bu qərarı tanımadı.

Bu addım da əslində Qərb qarşısında geri addım atmağın heç bir fayda gətirmədiyini, haqlı olan yerdə geri addım atanın deyil, atmayanın qazandığını göstərən açıq bir nümunədir”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.