TÜRKİYƏNİN QARŞISINDA DURAN SUAL –Tranzit ölkəsi, yoxsa ticarət mərkəzi olmaq? -TƏHLİL

26-12-2017, 09:08           

Ünal Çeviöz

“Hürriyyet”

25 dekabr 2017



Türkiyə bir tərəfdən regiondakı əhəmiyyətli xarici siyasət hadisələrinin, digər tərəfdən qərbli müttəfiqləri ilə qeyri-müəyyən münasibətin təsirində qalmağa davam edir. Müzakirənin aktual mövzusu Türkiyənin yaranmış vəziyyətdən necə istfiadə edəcəyi ilə bağlıdır: tranzit ölkəsi, yoxsa ticarət mərkəzi olacaq?

Rusiyanın energetika sferasında apardığı siyasət, ilk növbədə “Türk axını” və onun İraq Kürdüstanındakı enerji layihələri Türkiyəyə bu sahədə birbaşa təsir göstərir.

Şərq və Qərb münasibətlərinin sağlam əsas üzərində irəliləyə bilməsi üçün mühüm platforma kimi nəzərdən keçirilən Türkiyə hələlik bu funksiyanı uğurla və lazımi qaydada yerinə yetirmək iqtidarında olduğuna dair təəssürat yaratmır.

Şərq və Qərb arasındakı münasibətlərin uyumlu və münaqişəsiz bir şəkildə inkişaf etməsi üçün Türkiyənin lazım olan iqtisadi, siyasi, mədəni irsə və təcrübəyə malik olduğunu demək olar. Son illər bunlara enerji məsələləri də əlavə olunub. Şərqin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracı və bu baxımdan Qərbin ehtiyaclarını təmin edən əhəmiyyətli bir tədarükçüyə çevrilməsi Türkiyəni bir də bu mövzuda iki region arasında əlaqələndirici həlqəyə çevirir.

Türkiyənin tranzit ölkə, yoxsa ticarət mərkəzi kimi davam edəcəyi müzakirə mövzusuna çevrilib. Bəzi müşahidəçilər iddia edirlər ki, Türkiyənin coğrafi mövqeyi onu əla tranzit ölkəsinə çevirəcək. Adətən xaricdə səslənən bu fikirlərin müasir dünyada ölkəmizə enerji balanlsarının aktiv iştirakçısı statusu qazandırması çox çətindir.

Digər tərəfdən, Türkiyənin “enerji ticarət mərkəzinə” çevrilməsi tezisini dəstəkləyənlər isə çaşqınlıq içərisindədirlər. Enerji istehsalında istifadə edilən kömür, neft, təbii qaz kimi bir və ya bir neçə xammalın ticarət mərkəzi olmaq mümkündür. Lakin bu materialların istifadəsi ilə istehsal olunan enerjinin ticarət mərkəzi olmaq nəinki Türkiyəyə, həmçinin başqa dünya ölkələrinə nəsib olmuş özəllik olaraq nəzərdən keçirilmir.

Türkiyə Avropa və dünyanın ən qabaqcıl təbii qaz idxalçılarından biridir. Bu xarakteristika ilə Türkiyənin təbii qaz ticarət mərkəzinə çevrilmə şansı çox böyükdür. Bunun üçün Türkiyədə enerji bazarının liberallaşması ilə yanaşı, əlbəttə ki, təbii qazı saxlama gücünün də ticarət mərkəzi olmağı hədəf götürən bir ölkədə mütləq lazım olan səviyyəyə yüksəltmək gərəkdir.

Türkiyə Enerji və Təbii Ehtiyatlar nazirliyinin 2018-ci ildən etibarən təbii qaz anbarlarının həcminin artırılması və yenilərinin yaradılması sahəsində mühüm irəliləyişlər həyata keçirəcəyi ilə bağlı məlumatlar Türkiyənin təbii qaz ticarət mərkəzi olmasına inananları həvəsləndirib. Təəccüblü deyil ki, regionda bu məsələ ilə bağlı Türkiyə ilə rəqabət aparmağa çalışan ölkələr, məsələn, İtaliya, Yunanıstan, Bolqarıstan oxşar təşəbbüslərə əl atıb.

Türkiyə istər bazar şərtləri, istərsə də anbar gücü olsun, milli imkanlarını təkmilləşdirərkən dünya miqyasında bu sahədə aparılan sərt rəqabəti də diqqətlə izləməlidir. Məsələn, şərqi Aralıq dənizində İsrailin ərazi sularında təbii qaz yataqlarının işlənməsi və istismarının Qərbi Avropaya ixracı üçün Türkiyənin bir tərəfdaş olaraq qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Türkiyə və İsrail arasında siyasi münasibətlər hələ də tam normallaşmayıb və üstəlik, Türkiyə yeni gərginliklər meydanına çevrilib, digər tərəfdən Kiprə görə meydana çıxan problem həll edilməyib. Bütün bunlar bu sahədə Türkiyədən yan keçən layihələrin şansını yüksəldir.



Türkiyəni xüsusilə maraqlandıran hadisələr isə Rusiyanın enerji sahəsində apardığı siyasətlə əlaqədardır. Məsələn, İraq Regional Kürd Höküməti (İRKH) ərazisindəki təbii qaz yataqlarının istismarı üzrə bir çox Türkiyə mənşəli şirkətlərlə ilkin saziş imzalasa da, son dövrlər “Rosneft”-in bölgəyə Türkiyədən daha çox investisiya yatırması diqqət çəkir. İRKH-nın keçirdiyi referendumla əlaqədar Ankara və Ərbil arasında yaşanan soyuqluq bu baxımdan Rusiyaya daha uyumlu fəaliyyət məkanı verir.

Bir tərəfdən, Rusiya “Türk axını” layihəsini bacardığı qədər sürətli bir şəkildə reallaşdırmağa çalışır, digər tərəfdən, Balkanlarda yeni irəliləyişlər həyata keçirir. Onlardan biri “Qazprom” ilə Xorvatiyanın sentyabrda imzaladığı illik 1,4 milyard kub metrlik təbii qaz ixracı haqqında sazişdir. Digəri isə “Qazprom”-un Serbiya ilə imzaladığı illik 350 milyon kub metrlik qaz sazişi ilə bağlı sənəddir.

Hələlik, aydın olur ki, Rusiya bu tədarükləri Ukraynadan yan keçən mövcud boru kəmərləri vasitəsilə təmin edəcək. Ancaq “Türk axını” layihəsinin uzunmüddətli perspektivdə Ukraynadan yan keçməyi hədəflədiyini unutmaq olmaz. Həmçinin qeyd etmək lazımdır ki, Rusiyanın planlaşdırdığına görə bu layihə gələcəkdə hazırda inşa edilən iki xəttə əlavə olaraq Balkanlar istiqamətinə daha iki paralel boru kəmərinin qurulmasını nəzərdə tutub.

ABŞ Avropa bazarında yer tutmağa çalışarkən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi və onun enerji siyasətinə təsir göstərməyi planlaşdırdığı bir vaxtda Rusiyanın belə bir səy göstərməsi xüsusi əhəmiyyətə malikdir. Rusiya və ABŞ arasında qlobal miqyasda yeni enerji rəqabətinin meydana çıxdığı bir dövrdə Türkiyənin təbii qaz ticarət mərkəzinə çevrilməsi layihəsinin inadla, səbirlə və ən əsası, sürətlə həyata keçirməsi vacibdir. (Xpressa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.