Ərzaq marketlərində sizi necə tələyə salırlar - PROBLEM

14-10-2015, 12:47           
Ərzaq marketlərində sizi necə tələyə salırlar - PROBLEM
Yəqin ki, bir çox alıcılar supermarketlərdə bir neçə ərzağı bir-birinə bağlayıb üzərinə də böyük qırmızı hərflərlə “hədiyyəli” yazıldığının şahidi olub. Hədiyyə yazılan məhsul isə alıcının diqqətini o dəqiqə cəlb edir. Elə bizim də diqqətimizi cəlb etdi. Məlum oldu ki, əslində hədiyyə yazılan ərzaq məhsullarını ayrı-ayrılıqda hesablayanda onun üzərinə qoyulan qiymətdən daha ucuz qiymət alınır.

Məsələn, bir böyük, bir də balaca ölçülü kartof cipsisini bir-birinə bağlayıb üzərinə də qiyməti 2 manat 95 qəpik yazmışdılar. İki cipsini ayrı-ayrılıqda hesablayanda isə alıcının əslində aldadıldığının və bu “hədiyyə”nin pulunun ondan artıqlaması ilə çıxıldığını görürük. Belə ki, ayrılıqda böyük cipsi 1 manat 60 qəpiyə, balaca cipsi isə 50 qəpiyə satılır. İkisinin isə toplam qiyməti 2 manat 10 qəpik edir. Göründüyü kimi, market istehlakçıları 85 qəpik civarında aldatmış sayılır ki, bunun da adını “hədiyyə” qoyurlar.

Digər bir nümunə. Bankada və paketdə satılan iki mayonezi də bir yerə bağlayıb üzərinə də “hədiyyəli” yazılmışdı. Elə bu “hədiyyə”də alıcılar 12 qəpik civarında aldadılır. Bu kimi digər malların, məsələn, qab şampunlarının, yuyucu vasitələrin qiymətində də alıcıları 10-50 qəpik civarında aldadırdılar. Digər hədiyyəli ərzaqların, məsələn, duz, makaronun və digərlərinin isə üzərində qiymət qeyd edilməmişdi. Görünür ki, alıcı hədiyyəli ərzağın daha ucuz olacağını düşünüb onu piştaxtadan götürəcək və kassada real qiyməti biləcək. Bu zaman isə böyük marketlərdə çoxlu alış-veriş edildiyinə görə bu elə də diqqət çəkməyəcək. Ümumiyyətlə, hədiyyəli ərzaqlara diqqət etsək görərik ki, ya onlar çox istifadə edilməyən, ya da istehlakçı inamını itirmiş məhsullardır. Hətta marketlərin birində işləyən satıcı bu cür hədiyyəli ərzaqların bəzən istehsal tarixinin bitməsinə sayılı günlər qalmış və satılmayan məhsullar olduğunu bildirdi. Bəzən də elə hədiyyələr təqdim edirlər ki, bu hər kəsin evində var və artığı lazımsızdır. Məsələn, stəkan, taxta qaşıq, ya da mətbəx əlcəyi kimi əşyalar hər kəsin evində var. Bəzi sabunlardan isə 6 ədəd almalısız ki, sizə hədiyyə versinlər. Satıcıdan hədiyyəli ərzaqların bəzilərinin üzərinə niyə qiymət yazılmadığını soruşduqda isə cavabı “hansı ərzağı istəyirsinizsə, deyin, kassadan qiymətini öyrənim” oldu.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür vəziyyətin istehlakçının aldadılması olduğunu dedi: “Bu, istehlakçıların aldadılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə görə, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət xidmət sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın öz çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə bu az miqdarda, yəni 40 manat olduqda fiziki şəxslər 600 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat miqdarında cərimə edilir.

Biz istehlakçılardan gələn məlumatları ümumiləşdirib dövlət orqanlarına çatdırırıq. Lakin Azad İstehlakçılar Birliyi prezident yanındakı qeyri-hökumət təşkilatlarından, dəstək şurasından bununla bağlı layihə alıb. Biz 6 ay müddətində bu sahədə fəal iş aparacağıq. Yəni yaxın günlərdə marketlərdəki qiymətlər, istehlakçıların aldadılması ilə bağlı iş aparacağıq”.

Son illər ticarət obyektləri müştəriləri cəlb etmək üçün onlara bonus kartları təqdim edir. Hər alış-verişdə bu kartlara xallar toplanır, həmin xallar isə müxtəlif hədiyyələr və ya güzəştlərlə əvəzlənir. Bu kartlar adətən kassada ödəniş zamanı müştəriyə pulsuz təqdim olunur. Hər dəfə alış-veriş etdikdə karta bal və ya bonus yüklənir. Supermarketlərdə bonuslar müqabilində əsasən məişət avadanlıqları hədiyyə edilir. Bura ütüdən kondisionerə qədər bir çox məhsullar daxildir. Ancaq bahalı hədiyyələri almaq olduqca uzun müddətə başa gəlir. Bu da müştərini kampaniyadan yayındırır. Bunu da alıcıları alış-verişə cəlb etmək üçün bir “tələ” adlandırmaq olar. Çünki alıcı ən azı 50 manatlıq alış veriş etməlidir ki, onun kartına heç olmazsa 5-10 bal yazılsın. Ümumiyyətlə, satış üzrə mütəxəssislər alıcıları cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər.

İllərin tədqiqatçıları bir çox hiylələr hazırlayıb. Elə hiylələr ki, illər keçsə də, heç kim başa düşmür. Biz də bu hiylələrin nələr olduğunu öyrənmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq. Çox maraqlı məlumatlar ortaya çıxdı. Heç düşünmüsüzmü nəyə görə çox tələb olunan süd məhsulları həmişə supermarketin ən ucqar nöqtəsində olur? Çünki sahibkarlar istəyir ki, siz süd məhsullarını axtararkən bütün marketi gəzəsiniz və digər məhsullara da baxasınız. Alıcılar çox vaxt marketdə gəzəndə sol tərəfə baxır. Ona görə bahalı mallar həmişə sol tərəfdə yerləşdirilir. Supermarketlər tez-tez pəncərələrə iri və qırmızı hərflərlə yazılmış “ENDİRİM” sözünü yazırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.