“O vəziyyətdə nəfəs alan 7-30 dəqiqəyə ölər” - Məsuliyyətsizliyimiz ucbatından yaşanan faciələr

12-12-2019, 00:00           
“O vəziyyətdə nəfəs alan 7-30 dəqiqəyə ölər” - Məsuliyyətsizliyimiz ucbatından yaşanan faciələr
Hər il qışda Azərbaycanda, xüsusilə də Bakıda dəm qazından boğulma halları yaşanır. Statistikaya nəzər yetirsək, görərik ki, ilin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub.
Bəs görəsən, dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməli, cəmiyyəti bu ucuz ölüm hallarından qorumaq üçün hansı məhdudlaşdırıcı və maarifləndirici qərarlar qəbul edilməlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovla əlaqə saxladıq. "Yeni Sabah"a danışan N. Qasımov zəhərlənmələrin bir çox səbəblərinin olduğunu, ən çox da cihazların düzgün quraşdırılmama hallarından yarandığını və yarasız cihazlardan istifadə etmənin fəsadlarından danışıb:

"2016-cı ildə 470 adam, 2017-ci ildə 258 nəfər, 2018-ci ildə 157, 2019-cu ildə isə 152 nəfər dəm qazından zəhərlənmə bağlı müraciət edib. Yaxşı haldır ki, onların hamısı ölümlə nəticələnməyib. Zəhərlənmənin çox səbəbləri var. Fikir verirsizsə, müraciət edənlərin əksəriyyəti kənd yerlərindən olur. Onun da əsas səbəbi məsuliyyətsizlik, diqqətsizlik, qazdan təhülkəsiz istifadə etmə qaydalarına məhəl qoymamaq halları olur. Çoxmərtəbəli binalarda belə hallar yaşanmır. Niyə? Çünki təzə binalardır, tüstü bacaları təzədir, havalandırma sistemləri təzədir. Bunlarda avtomatika var, yanma prosesinin düzgün aparılması sistemində dəm qazı yaranmır və karbon 4 oksid yaranır. Hər bir cihazın istismar müddəti var. Su qızdırıcılarında 10 il, dörd gözlü sobalarda isə bu müddət 20 ildir. Onları istifadə edildikdən sonra, yorulurlar, aşınırlar və dəyişdirmək lazım gəlir. Onu çıxarıb küçəyə atan kimi, imkansız adamlar götürüb, təmizləyib, rəngləyib istifadə edirlər.

Bu, düzgün deyil. Çünki 1 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava-qaz konsentrasiyası da cihazlarda yaranır. Cihaz köhnə, istismara yararsız olanda əlbəttə ki, konsentrasiya yaranmır, karbon 4 oksid əvəzinə, karbon-monoksid yaranır. Bunu bilmək lazımdır ki, karbon 4 oksid zərərsiz, karbon-monoksid isə dəhşətli dərəcədə zəhərlidir. O vəziyyətdə insan nəfəs alarsa, 7-30 dəqiqəyə qədər həyata son qoyula bilər.

Digər səbəbi isə bacaların nəzarət edilməməsidir. Kim harda gəldi, necə gəldi quraşdırır. Bunun özünün standartı var. İşlədicinin gücündən asılı olaraq, tüstü bacasını aparan boruların diametri 100 millimetrdən, 150 millimetrə qədər olmalıdır. Yəni, 10 santimetrdən, 15 santimetrə qədər. Biri gərilib 70 millimetr hündür qoyur, biri 50. Bu da yanan tüstünü bayıra ötürmək iqtidarında olmur. Yarısı gedir havaya, yarısı isə vanna otağında qalır.

Tüstü bacası quraşdırılarkən damdan yarım metr hündürdə quraşdırılmalıdır. Buna çox adam riayət etmir. Elə quraşdırırlar ki, külək olan kimi, tüstünü otağa vurur.

Ceyran peçləri, rus peçləri - bunlar primitiv cihazlardır və istifadəsi çoxdan qadağa olunmalıdır. Çox təəsüflər olsun ki, bugünkü gündə 800 minə qədər belə cihaz var. Onlarda qaz-hava qarışığı getmir. Yalnız təmiz qaz yanır, o da hava çatışmazlığını, toksidli olan dəm qazını hasil edir.

Hamamxanın qapılarını plastiklə bağlayırlar, bacanı bağlayırlar. Hava dəyişməsi olmur. Bütün bu səbəblər üst-üstə yığılıb zəhərlənmələr yaradır".

Ekspert bildirib ki, belə halların qarşısını almaq üçün cihaz quraşdıran ustaların da lisensiyası olmalıdır, imtahan verməlidirlər:

"Caamatın arasında söz yayırlar, başlarının altına yastıq qoyurlar ki, qaz zəhərlidir. Deyirlər ki, qayda-qanun boş şeydir, qaz zəhərlidir. Bu, absurddur. Rəsmi şəkildə deyirəm ki, qaz zəhərli deyil. Karbon da zəhərsizdir, hidrogen də. Metan, etan, propan kimi tərkiblər var. Bunlar yanıcı qazlardır və yanmaları üçün də hava lazımdır. O da cihazda yaranır. Bütün bu standartları gözləməməkdən başımıza belə hallar gəlir.

Bir məqama da toxunum. Ölüm hadisələrinin mətbuatda müzakirəsi getməldir. İnsanı Allah yaşamaq üçün yaradıb. Bu hansı səbəbdən ölüb? Ustalardırmı bunun günahkarı? Dolanışıq dərdindən hərə əlinə bir çemodan alıb deyir ki, mən ustayam. Ustanın lisenziyası, sertifkatı olmalıdır. İmtahan verməlidir. Qazdan təhlükəsiz şəkildə cihazların quraşdırıması üçün o imtahan verməlidir. Bizim ölkədə bunların heç birinə riayət olunmur. Ona görə də belə zəhərlənmə halları çox olur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.