Yoluxmanı təkrəqəmli həddə saxlayan ölkə – Gürcüstan koronavirusla necə mübarizə aparır?

2-07-2020, 00:23           
Yoluxmanı təkrəqəmli həddə saxlayan ölkə –
Virusun yoluxmasını təkrəqəmli həddə saxlayan, bu gün Avropa İttifaqına səyahət icazəsi verilən dünyadakı 15 ölkədən biri, keçmiş SSRİ ölkələrindən tək ölkə Gürcüstan oldu…

Gürcüstan koronavirusla mübarizəyə ilk yoluxmanın qeydə alındığı 26 fevraldan (yeri gəlmişkən, ilk yoluxma Azərbaycandan keçib) düz bir ay əvvəl, 28 yanvarda başlayıb.

Bizdə 27 fevralda yaranıb, 28 fevraldan fəaliyyətə başlayan Operativ Qərargah kimi qurum Gürcüstanda “Qurumlararası Koordinasiya Şurası” adi ilə düz bizdən 1 ay əvvəl, 28 yanvarda yaradılıb.

İlk yoluxma aşkarlandıqdan bir ay sonra, ölkədə ümumi 46, gündəlik ortalama 2-3 yoluxma olduğu vaxtda, 21 martda fövqəladə hal elan edilib.

Virusla mübarizə iki cəbhədə aparılıb – vətəndaşların və sahibkarların iqtisadi zərər görməsinin qarşısının alınması və sağlamlıqlarının qorunması istiqamətində.

1.2 milyon ailənin elektrik, su, məişət tullantıları xərcləri 3 aylıq dövlət tərəfindən ödənilib. 670 min ailənin təbii qaz borcu dövlət tərəfindən ödənilib. Bu xərclər üçün dövlət 150 milyon lari (83 milyon manat) sərf edib. 15 milyon lari (8.3 milyon manat) sərf edilərək 9 əsas məhsulun qiymətini sabit saxlamaq üçün bu qidaları idxal edən böyük şirkətlərə kompensasiya verilib ki, qiymət artımına getməsinlər.

600 000 insanın banklara kredit borcları 3 aylıq dondurulub. Bu müddət ərzində heç bir vətəndaşın kredit borcuna görə banklarda faizləri artmayıb.

Turizm sektorunu qorumaq üçün 4500 şirkətin gəlir və əmlak vergisi noyabr ayına qədər ləğv edilib, 850 kiçik otelin bank faizlərinin 80 faizini dövlət ödəyib.

Qeyri-rəsmi işləyən 250 000 vətəndaşa birdəfəlik 300 lari (166 manat) ödənib. Sosial müdafiəyə ehtiyacı olan, aztəminatlı və əlilliyi olan ailələrdə hər vətəndaşa 6 ay müddətində toplam 600 lari (332 AZN) olmaqla 243 min vətəndaşa yardım edilir. Yəni, bir ailədə 4 nəfər varsa, hərəsinə ayda 100 lari (55 AZN) olmaqla, 220 AZN yardım gəlir, ailənin bir işsizinə 2 ay 190 AZN yox.

İşini itirən, yaxud ödənişsiz məzuniyyətə göndərilən 350 000 vətəndaşa 6 ay müddətində ümumilikdə 1200 lari olmaqla (665 AZN) ödənir. Pensiyalar inflyasiya həddindən artıq olmaq şərti ilə artırılır. Təxmini 20-25 lari. Üstəlik, iyulun 1-dən etibarən 70 yaşdan yuxarı pensiya alanlara 30 lari əlavə edilir. Bu isə 450 000 pensiyaçının 15-30 manat arası pensiya artımı deməkdir.

Aqrar sektoru və kəndliləri qorumaq üçün 30000 lariyə qədər (16 min manat) qrantların verilməsi, 5000 kənd təsərrüfatı sahəsində çalışanın kredit faizlərinin tam olaraq dövlət tərəfindən ödənməsi.

Meliorasiya sahəsindəki bütün xərclərin dövlət tərəfindən ödənməsi və 2020-ci ilə qədər yığılmış bütün borcların dövlət tərəfindən silinməsi.

Bütün bu tədbirlər üçün Gürcüstan öz tərəfdaşları – ABŞ, Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşlardan aldığı yardımın həcmi – 3 milyard ABŞ dolları.

Və belə tədbirlərlə virusun yoluxmasını təkrəqəmli həddə saxlayan, bu gün Avropa İttifaqına səyahət icazəsi verilən dünyadakı 15 ölkədən biri, keçmiş SSRİ ölkələrindən tək ölkə Gürcüstan oldu. Birdən unutmuş olarsınız, özü də Gürcüstan vətəndaşları Avropaya vizasız gedirlər.

Və bütün bu tədbirlərdən sonra bizim bəzi rəsmilər “Gürcüstan rəqəmləri şişirdir, biz şəffaf veririk, bizim uğurlarımız Ermənistanın uğurlarını döyər” məzmunlu açıqlamalar verirlər. Gürcüstan ey, Karl, Gürcüstan… Kimi qeyri-şəffaflıqda ittiham edirsiniz, Avropa İttifaqını aldatmaqda ittiham edirsiniz, düşünürsünüz?













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.