Yeməyə çörək tapmır, amma Ziya Məmmədovun dərdini çəkir... - Replika

3-07-2020, 11:51           
Yeməyə çörək tapmır, amma Ziya Məmmədovun dərdini çəkir... - Replika
Telefonun ekranında onun adını görəndə, əməlli-başlı dilxor oldum: “İşin qızğın çağında bu adamın arzusunu necə yerinə yetirəcəm? Hər dəfə də ömrümdə görmədiyim, üz-üzə gəlmədiyim adamların telefonunu istəyir”.

Bir-iki dost tanış var. Elə bilirlər ki, Azərbaycanda yaşayan 10 milyon əhalinin ən azı yarısının nömrəsi məndə var. Birdən elə adamların telefonunu istəyirlər ki, adını ilk dəfə eşitdiyimi deməyə üzüm gəlmir.

Saleh də onlardan biridir. Aprel-may aylarında həftədə ən azı üç dəfə zəng edirdi. Birinci dəfə danışanda, son vaxtlar xeyriyyəçiliyi ilə ad çıxaran tanınmış fitness məşqçisi Kamil Zeynallının telefonunu istədi. Kamili tanımadığımı desəm də, əl çəkmədi: “Uşaqlar acdır. Xahiş edəcəm ki, ərzaq göndərsin”.

Jurnalist həmkarlarımdan Kamil Zeynallının telefonunu tapıb, ondan birtəhər canımı qurtardım...

İkinci dəfə zəng vurub, Əməkdar artist Mətanət İsgəndərlinin nömrəsini soruşdu. Yenə barmağımı dişlədim. Yenə eyni sözləri dedi: “Uşaqlar acdır. Xahiş edəcəm ki, ərzaq göndərsin”.

Üçüncü dəfə kimin telefonunu istədiyi yadımda deyil. Amma o yadımdadır ki, aprel-may aylarında məndən üç dəfə Elgizin, dörd dəfə Zaur Baxşəliyevin telefonunu soruşub. Səkkiz deputatın, doqquz müğənninin telefonunu ona mesajla şəxsən özüm göndərmişəm...

Əminəm ki, mənim yerimə siz də olsaydınız, onun nömrəsini telefonun ekranında görəndə, dilxor olardınız...

Həvəssiz, hətta deyərdim ki, qorxa-qorxa “bəli” dedim. Könülsüz hal-əhval tutub, mətləbə keçdi: “Sizin saytda Ziya Məmmədovun qardaşı oğlu haqda olan məqaləni oxudum...”

Onun xasiyyətinə bələd olduğum üçün sözlərini təsdiqləməkdən başqa çarəm yox idi: “Bəli”.

Qısa pauzadan sonra sözünə qaldığı yerdən davam etdi: “Mən o yazılanlara inanmıram”.

Təmkinimi pozmadım: “Bu, sizin hüququnuzdur. Əgər əlinizdə bizim yazdıqlarımızı təkzib edən fakt varsa, onu da saytda yerləşdirə bilərik”.

Səsindən aşkar sezilirdi ki, sözlərimdən inciyib: “Mən yazı-pozu adamı deyiləm. Şəklini verdiyiniz o maşınların hamısı Ziya Məmmədovun qardaşı oğlunun deyil. Ümumiyyətlə, onlar pis adam deyillər”.

Aramızada belə bir dialoq baş tutdu:

- Ziya Məmmədovun telefonunu tapım?

- Yox, əşşi. Nəyimə lazımdır?

- Zəng edib, kömək istəyərsən...

- O, mənim zəngimə cavab verəndi?..

- Niyə vermir? İndi demədin ki, yaxşı adamlardı...

- A kişi, sən bu varlıları tanımırsan. Onlar bizi adam saymırlar.

- Bəs niyə bu adamlara qahmar çıxırsan? Sən Ziya Məmmədov kimi rüşvətxor məmurların üzündən hansısa müğənninin ərzaq paketinə möhtac qalmısan. Səklini gördüyün o maşınlar sənə çatmalı olan büdcə vəsaitinin hesabına alınıb...

Siz belə adamlarla qarşılaşmısınız? Yeməyə çörək tapmır, amma hansısa nazirə, icra başçısına, prokurora qahmar çıxır. Mən hətta Bakıda oturub, Naxçıvanda ortabab post tutan məmura yaltaqlanan adam da görmüşəm...

Saleh əsəblərimi tarıma çəkdiyi üçün söhbəti uzatmağa lüzum görmədim. Səsimi azca qaldırıb, son sözümü dedim: “İki ay evdə ac-susuz oturanda, Ziya Məmmədov sənə beş manat verdi? Ziya Məmmədovun sahib olduğu milyonlardan sənə nə?!”

Deməyə sözü olmadığı üçün sağollaşmadan telefonu söndürdü.

Onun sorğu-sualdan, mənim isə qorxaq və yaltaq bir adamla ünsiyyətdən canım qurtardı...
Seymur VERDİZADƏ //yenisabah.az//шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.