İlham Əliyev 6 oliqarxın səlahiyyətini əlindən alıb - təfsilat

6-03-2016, 10:52           

Son həftə prezident İlham Əliyevin bəzi iri dövlət müəssisələrinin ilə bağlı imzaladığı fərmanlar iri çaplı məmur korpusunun səlahiyyət dairəsinin məhdudlaşdırılmasına xidmət edir. Maliyyə və biznes sektorunda üstün mövqelərə sahiblənmiş məmur qrupunun inzibati rıçaqlara çıxış imkanlarının məhdudlaşdırılması iqtisadi böhrandan çıxış üçün zəruri şərtlərdən biri və bəlkə də birincisidir.

Prezidentin fərmanı ilə ölkənin ən nəhəng şirkəti sayılan SOCAR-ın prezidenti təkbaşına qərar qəbul etmək səlahiyyətini itirib. SOCAR-da əsas idarəetmə funksiyalarını bundan sonra bu qurumun Şurası yerinə yetirəcək. Fərman SOCAR-ın idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutur, şirkətin prezidentinin səlahiyyətlərini məhdudlaşdırır.

Fərman indiyədək SOCAR prezidenti yanında məşvərətçi qurum olan Şuraya kollegial orqan statusu verir. Şuranın tərkibinə SOCAR-ın prezidenti, vitse-prezidentləri və digər vəzifəli şəxslər daxildir.
Qərarlar prezident deyil, Şura tərəfindən veriləcək. Fərman, həmçinin, SOCAR-ın vəzifəli şəxslərinin qohumları ilə bağlanan əqdlərə nəzarətin sərtləşdirilməsini nəzərdə tutur.

Bundan başqa, Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Bu dəyişiklik də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollegial icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri ilə bağlıdır.

Dəyişikliyə əsasən AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. Bundan sonra İdarə Heyəti “Azərbaycan Hava Yolları” QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZAL-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir. İdarə Heyəti aidiyyəti şəxslə dəyəri “AZAL-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə qərar qəbul etmək səlahiyyətində olacaq.

Bundan başqa, Azərbaycanda mərc oyunlarına nəzarət edən qurum dəyişib. Bu funksiya yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir. Bu barədə məsələ Milli Məclisin Gənclər və idman komitəsində müzakirəyə çıxarılan "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.

Qanunda “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib. Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.
Hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir. Beləliklə, böyük bir maliyyə axını nazirliyin nəzarətindəın çıxarılıb.

Bir qədər əvvəl isə Mərkəzi Bankın səlahiyyətlərinin bir qismi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdi.

Ümumiyyətlə, son 1 ildə oliqarxların səlahiyyət dairəsinin məhdudlaşdırılması tendensiyası gedir. Bir qədər əvvəl ölkənin nəhəng müəssisələrindən sayılan “Azərenerji” ASC-nin səlahiyyətləri də bölünüb. ASC 1 ilə yaxındır yalnız enerji istehsalı ilə məşğul olur. Prezident fərmanı ilə elektrik enerjisinin abunəçilərə satışı isə “Azərişıq” ASC-yə həvalə edilib.

Nəhayət, böyük səlahiyyətlərə sahib olan Nəqliyyat Nazirliyinin indi məhdud səlahiyyətləri qalıb. Nazirliyin tabeçiliyində olan “Azərbaycan Dəmir Yolları” QSC, “Azəyolservis” ASC müstəqil təsisatlara çevrilib, paytaxtda sərnişin daşınmasının təşkili nazirlikdən alınıb.

Beləliklə, son bir ildə yaxın keçmişin qüdrətli oliqarxlarından olan 6 məmurun səlahiyyət dairəsi əhəmiyyətli dərəcədə azalıb: Nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin sədri Cahangir Əsgərov, SOCAR prezidenti Rövnəq Abdullayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov səlahiyyətlərin bir hissəsindən məhrum olublar.

Göründüyü kimi, oliqarxların mövqelərinin sarsıdılması prosesi gedir və bu tendensiyanın daha da güclənəcəyi gözlənilir. Prezident İlham Əliyev dəfələrlə “idarəetmə və struktur islahatları 2016-ci ildə də davam edəcək” mesajını verib.istiqlal.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.