Lukaşenkonun vəziyyəti belaruscadır - Kütləvi tətillər zəncirvari reaksiya ilə uzanır

15-08-2020, 11:07           
Lukaşenkonun vəziyyəti belaruscadır -
Firuz Kazımoğlu, pulblisist

Litva prezidenti Qitanas Nauseda deyir ki, Lukaşenkonu legitim prezident hesab etmək olmaz.

Ümumiyyətlə, Baltik ölkələrinin və Polşanın prezidentləri öz tələblərini Lukaşenkoya aydın şəkildə bəyan etdilər.

Avropa Birliyi sanksiyalar siyahısına son redaktələrini etməkdə ikən, BMT-nin “Belarusda baş verənlərdən narahatlığı” ifadə olunan məqamda ABŞ-ın dövlət katibi Pompeo əvvəlcə “Belarusdakı seçkilərin legitimliyinə şübhə ilə yanaşdıqlarını” bildirdi və cəmi 12 saat sonra isə “beynəlxalq təşkilatların müşahidəsi altında” təkrar prezident seçkilərinin keçirilməli olduğunu dilə gətirdi. Əlbəttə, “beynəlxalq siyasətin nəhəngi” olmaq yolunda 21 ildir yol gələn Vladimir Putin özü belə, 5 gün əvvəl “inamlıı qələbəsi münasibəti ilə” təbrik etdiyi Lukaşenko barədə əlavə söz deməyə çətinlik çəkdiyi indiki məqamlarda “Rusiya Federasiyasının danışan dili” olan və hər danışığında diplomatdan daha çox “seks simvol” kimi diqqət cəlb etməyə çalışan, temperamentli görünməyə can atan Mariya Zaxarovanın “Rusiya Federasiyasının əsas dostu Belarus xalqı olaraq qalır”- sözlərinin kölgəsinə çəkildi.

Bu məqamlarda Belarus prezidentliyinə seçkilərin eks- namizədi Valeri Sepkalo ölkənin güc strukrurlarına “ölkənin sabiq prezidenti Aleksandr Lukaşenkonun” həbsi çağırışını etdi. O, Lukaşenkonu “Belarus xalqının iradəsini qırmağa” cəhddə, “dövlət çevrilişinə cəhd” kimi ağır cinayətlərdə günahlandıraraq Baş prokurordan dərhal cinayət işi qaldırılmasını tələb etdi.

Həmin çağırışdan dərhal sonra “kiminsə məsləhəti ilə” Belarus daxili işlər naziri Yuri Karayev “dinc etiraz aksiya iştirakçılarına qarşı baş verənlərə görə” məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etdi. Bundan dərhal sonra Baş nazir Qalovçenko ölkə parlamenteriləri qarşısındakı çıxışında prezidentin “əmək kollektivlərinin çağırışlarını eşitdiyini və kütləvi həbslərin araşdırılması ilə bağlı göstəriş verdiyini” bildirdi. Əlbəttə, bunları deyərkən Baş nazir həmin prezidentin kütləvi aksiyaların ilk günündə bu nümayişlərdə “kriminalların və tüfeylilərin iştirak etdiyini” dilə gətirməsini yada salmağı yersiz hesab elədi.

Və bu gün, avqustun 14-də rəsmən elan olunan 7 minə yaxın insanlardan minə yaxını azad olundu, hətta “qarışıqlığa düşərək həbs olunan onlarla yeniyetmə” iltizamla valideynlərinə təhvil verildi.

Bunlara baxmayaraq, əvvəllər ancaq Minsk küçələrində eşidilən “Çıx get!” sözləri neçə gündür ki, bütün Belarusu başına götürüb.

Ondan da pis olan odur ki, kütləvi tətillər zəncirvari reaksiya ilə uzanır.

Artıq bir gün yarımdır ki, küçələrdə “gözü qızmış” OMON-çular görünmür, onları nümayişçilərlə “can bir qəlbdə olan” milislər əvəz edib.

Baş verənlər onu göstərir ki, istefa verən müxtəlif rütbəli güc strukturları əməkdaşları, hakimiyyətin müxtəlif təbəqələrindən xalqa qoşulan adamların cərgəsinə dünən Prezident Adminstrasiyasından ilk nümayəndə qoşuldu. Artıq Belarus hakimiyyətində “onun qanlı köynəyini” xalq arasına kimin çıxaracağı barədə söhbətlər getdiyi də sızılan məlumatlardandır.

Bir sözlə, başlanmış tarixin Lukaşenko üçün yaxşı qurtarmayacağı heç kimdə, hətta, böyük ehtimalla, onun ən yaxın sırasında olan adamlarda da şübhə yaratmır.

Bu, İnqilabdır.

O inqilabın, ölkədə hakimiyyət dəyişikliyini reallaşdıracağı, əl uzatsan, çatacaq məsafədədir.

Putin, onun “dar günün yarağı” belə, Lukaşenkoya, neçə vaxtdan bəri belarusların “Tarakan”- dedikləri, artıq sabiq hesab olunacağı şübhə doğurmayan prezidentə hansısa kömək göstərməkdə aciz görünür. Bu acizlik o qədər açıq- aşkardır ki, “dəliqanlı igid” kimi təqdim olunmaq üçün, bizim bakılılar demiş, “sino gedən” V.V.P-in “qupquru quruyub qaldığını” görməmək mümkün deyil. Əlbəttə, ötən əsrin 30-cu illərində “Anşlyus”- bağıran alman nasistlər kimi, ona da “rosqvardiyanı uzaqlara göndər”- deyib məsləhət görənlər, məsələn, Solovyov və Simonyan kimi səslənənlər də tapılar. Lakin çətin hesab etmək olar ki, Putin 6 il əvvəl girdiyi “Krım palçığı”na bir də girsin; azından, 5 ildir davam edən sanksiyalar siyahısının genişlənməsi Rusiyanın fiizki mövcudluğunu şübhə altına almış ola bilər. Putin “istinniy” rus olması ilə nə qədər fəxr etsə də, hər halda, özünü “İvan-durak” kimi təsəvvür etmədiyi sadəcə, görüntü deyil.

Belarusa qarşı hansısa ərazi iddiaları irəli sürmək, onun sərhədlərinin 1939-cu ildəki nöqtələrədək balacalaşdırmaq hədəsi də keçərli olana bənzəmir.

Yaxşısı budur ki, Putin Belarusda “legitim seçkilər yolu ilə hakimiyyətə gələcək qüvvələrlə” “dostluq və əməkdaşlıq” məqamını gözləsin..?

Bu, ancaq Putin üçün abırlı taktika kimi görünmür…

Nə isə…

Lukaşenko, “Batka” kimi çağirılmağı sevən, “ölməz Kaşşey” kimi görünməyə çalışan prezident, xanım Lidiya Yermoşinanın onun “adına layiq” olaraq “təşkil etdiyi” 80.08 %-ə baxmayaraq, getmək zorundadır.

Bu, hər bir dəqiqə gözlənilən xəbərin proqnozu və yaxud postsovet ölkəsi olan Belarusun yeni bir tarixinin başlanğıcıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.