Bərdədə bir müəllimə icra başçısının adıyla təzyiq edilir - ŞİKAYƏT

15-05-2019, 13:21           
Bərdədə bir müəllimə icra başçısının adıyla təzyiq edilir - ŞİKAYƏT
Saytımızın redaksiyasına Bərdə rayon Çələbilər kənd orta məktəbinrus dili müəllimi İbrahim Cəfərov tərəfindən müraciət daxil olub. Təhsil naziri Ceyhun Bayramova ünvanlanan müraciətdə müəllim rayon təhsil Şöbəsinin rəhbərliyinin ona qarşı haqsız basqılar etdiyi qey olunur. Gundeminfo.az həmin müraciəti olduğu kimi təqdim edir:


- Hörmətli Nazir. Sizin bu ilin 11 aprel tarixində Samux rayonunda təhsil işçiləri ilə keçirdiyiniz qəbulda olmağım, şikayətlərimə baxılması əvəzinə mənə qarşı təzyiqlərlə nəticələndi. Qəbul zamanı Murad Camalzadə ilə görüşdüm və vəziyyəti tam şəkildə izah etdim, o isə öz növbəsində mənim iştirakım ilə araşdırma aparılacağını bildirdi. Qəbul zamanı mənim yanımda təhsil şöbəsinin müdiri Rzaqulu müəllimə zəng etdi. Demək gec başa düşmüşəm, bu, onların oyunlarının bir hissəsi imiş. Təzyiq etmək.

Belə ki, 19 aprel tarixində 9 saylı ƏMHM rəisi Eçin Həsanzadənin göstərişi ilə (niyə onun göstərişi ilə çünki qəbulunda olmuşdum, məsələnin həll olunacağına söz vermişdi lakin...) Akademik Z.Əliyeva adına məktəb-litseydə direktor, psixoloq və sinif rəhbərləri (Şəbnəm və Afaq müəllimələr) dərs dediyim 5b və 5c sinif şagirdlərinə təzyiq edərək mənim əleyhimə tamamilə yalandan ibarət olan ərizə yazdırıblar və şagirdlər bu yalanlara imza atmaqdan imtina edəndə onlara deyiblər ki, narahat olmayın, artıq aprel 24-dən İbrahim müəllim sizə dərs deməyəcək.

Valideyinlərlə apardığım söhbətdən sonra məlum olub ki, onlar öz uşaqlarına belə saxta ərizə yazdırıldığından xəbərsizdirlər və buna öz kəskin etirazlarını bildiriblər. Bu əməli tutanların dərhal cəzalandırılmasını xahiş edirəm.
Bu, birbaşa uşaqların psixikasını pozmağa yönəlmiş addımdır. Bundan başqa, müəllimin işguzar nüfuzunu ləkələnməsidir (Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur). Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

Bu hadisədən əvvəl şagirdlərə dərsdən kənar təmənnasız olaraq xarici dillər tədris etməyimin qarşısı alındı. Bütün şagirdlər könüllü olaraq dərsdənkənar məşğələlərə qalırdı, lakin direktor şagirdlərin pulsuz xarici dil öyrənməsinin qarşısını almaq üçün sinifə girib bunun məcburi olmadığını dedi və bildirdi ki, bu məşğələyə gəlməyinizə ehtiyac yoxdur. Direktorun dediyindən belə çıxdı ki, uşaqları aldadıb onlara zərər vururam. Lakin nədənsə, həmin direktor şagirdlərin dərsdənkənar pullu xarici dil kurslarına və digər fənlərdən olan məşğələlərə getməsinə qarşı çıxmır, əksinə, bu kurslardan birini təşviq edir. Məktəbdə dərs deməyə bəzən otaq çatmır belə pullu hazırlıqların əlindən.

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-litseydə bir çox problemlərlə rastlaşdım. 9 saylı ƏMHM rəisi Eçin Həsənzadə mənim 6 saat dərsimi deyib əlavə işlərə qarışmamağımı məsləhət bildi. Mənə aydın deyil ki, bu şəxslər hansı səbəbdən mənim məktəblərdə şagirdlərə tam təmənnasız olaraq əlavə xarici dillər öyrətdiyimə qarşı çıxılır. Akademik Z.Əliyeva adına məktəb-litseydə də fakultativ və dərnəklər keçirilmir. Bunu sübut etmək üçün məktəbin kameralarının çəkdiklərinə baxmaq kifayətdir. Bu barədə iradıma rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov hədə-qorxu gəlməklə, həbs olunacağımla cavab verir.

Hal-hazırda həyatıma qarşı təhlükə hiss edirəm. Məktəbin direktor müavini Firdovsi müəllimin adına dərs saatları yazılıb, ancaq dərs keçmir (halbuki, mən elə uşaqlara həmin keçirilməyən dərslərin yerinə ödənişsiz dərslər keçirəm).
Akademik Zərifə Əliyeva adına məktəb-litseyin psixoloqu isə yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur. Bu yaxınlarda onu 5-ci sinifə dəvət etdim ki, bəs bir şagird var, dərslərini oxumur, ancaq mən bir müəllim kimi bu uşaqda potensial görürəm və xahiş edirəm ki, valideyini ilə danışın, pulsuz hazırlığıma gəlsin. Psixoloq şagirdlərin içində “bu uşaq nəsə öyrənə bilsə, adımı dəyişəcəm” dedi. Məktəbdə belə bir mühit yaradılıb.
Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə” hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar. Mən şəxsən hesab edirəm ki, bu hərəkət litseyin nüfuzunu aşağı salmağa yönəlib. Xahiş edirəm ki, məktəbdaxili pullu hazırlıqlara son qoyulmağına köməklik edəsiniz.

Məktəb-litseydə uşaqlar kompyuter otağından istifadə etmirlər. Muxtəlif kurslar edirlər orda, şagirdə də deyirlər evdən kompüter gətirərsən. Bundan başqa, məktəb rəhbərliyi şagirdləri kitabxanaya cəlb etməyimə maneçilik törədir. Bəzən elə olur ki, şagirdlərin dərsləri tez bitir və bacı qardaşlarını gözləməli olurlar. Həmin uşaqlar qışda soyuqda bayırda gözləməyə məcbur edilirlər.

Bərdə şəhəri 7 saylı məktəbdə də “Bərdə” hazırlıq kursları qeyri-qanuni fəaliyyət göstərir. Uşaqlara nə ödənişə görə çek verilir, nə də Təhsil şöbəsinə icarə pulu. Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər. Adını da qoyurlar icra başçısınındır.
Bu yaxınlarda Vergilər Nazirliyinə bu haqda məktubla müraciət etmişəm. Lakin onlar da məsələni ört-basdır elədilər. Həmin kursun əməkdaşları məktəblərə gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar. Hətta, məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər. Məktəbin müşahidə kamerasının görüntülərinə baxmaq dediklərimin doğruluğunu sübut etmək üçün kifayətdir.

Hazırlığa gələn uşaqlar məktəbə tez gələrək məktəbin normal fəaliyyətinə müdaxilə edirlər. Xatırladım ki, orada dərslər saat 14-00 da başlayır. Həmin kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər. Demək bu şagirdlər öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.

Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla fotolarını çəkdirib yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər. Ancaq maraqlı odur ki, işlədiyim məktəblərin (Çələbilər kənd orta məktəbi və akademik Z.Əliyeva adına məktəb-litsey) rəhbərləri mənim pulsuz olaraq xarici dilləri tədris etməyimə hər vəchlə mane olurlar.

Çələbilər kənd orta məktəbinə 12 saat vakansiya ilə qəbul olunmağıma baxmayaraq 2017-2018 tədris ilində cəmi 7 saat dərsim olub (qeyd edim ki, həmin kənd rayon mərkəzindən çox uzaqda yerləşir). Halbuki, dərs saatı məndən çox olan bəzi müəllimlərə fakultativ və dərnəklər verilib. Bu müəllimlər uzaq yerlərdən gəlirlər və yenidən qayıdıb digər məktəbdə həmin fənləri tədris etmirlər. Bu praktiki olaraq mümkün deyil. (Mənə də təklif olunmuşdu, lakin saatları uyğun olmadığından imtina etmişdim).

Dərs hissə müdiri dərsimə girib mənə təzyiq edir, guya şagirdlərə dərs keçmirəm, halbuki, direktorun həyat yoldaşı Sahib müəllimin keçdiyi texnologiya və musiqidən uşaqların ümumiyyətlə anlayışı yoxdur. Ümumiyyətlə, bilmirəm o diplom üzrə texnologiya keçməlidir, yoxsa musiqi.

Həmin məktəbdə köhnə kitab və avadanlıqları bir yerə toplayıb tədris muzeyi açmağıma kömək etmirlər. Otaqların birini təmir edib internet vasitəsi ilə uşaqlarla hər gün dərs keçməyimə imkan vermirlər. Özüm öz pulumla kinoaparat, lentlər, digər avadanlıqlar almışam, şagirdlərə mövzularla bağlı elmi-sənədli filmlər və digər vəsaitləri əyləncəli şəkildə tədris edirəm. Bu da şagirdlərdə dərslərə marağı artırır. Buna da mane olmağa çalışırlar.

Kəndin məktəbində cəmi bir neçə otaqda elektrik xətti var idi. Mənim müraciətimdən sonra isə bütün məktəbə çəkildi. Məktəblərdə hər il odun pulu yığılır, əgər dövlətimiz bunu təmin edirsə, bu pullar kimin cibinə gedir? Uşaqlar yalnız 2 saat istifadə edirlər odundan. Qalan dərslər çox soyuq keçir. Etiraz edənlər cəzalanır. Çələbilər kənd tam orta məktəbinin psixoloqu işə gəlmir, buna göz yumulur.

Dəftərxanaların birində uşaqlar üçün materiallar çıxartmaq üçün öz vəsaitimlə kağız alırdım və buna görə də oraya pul borcum olurdu həmişə. Mənə dedilər ki, “sən bunları uşaqlara öz pulunla təmənnasız çıxardırsan, ancaq təhsil şöbəsinin işçiləri bunu (bir bağlama ağ kağızı) bizə 1 manata satırlar” (kağızın bağlaması 6 manat ola-ola). Məktəbə verilmiş avadanlıq və materialların şagirdlərə sərf olunması əvəzinə kənara satılması cinayətdir.

Bu qədər qanunsuzluq, özbaşınalıq və yeyinti olan məktəb rəhbərliyi və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri həll etmək əvəzinə mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar. Öz bilik və bacarıqlarımı xalqımızın övladlarına təmənnasız olaraq (bu pulsuz məşğələlərə lazım olan xərcləri da özüm ödəyirəm) öyrətməyim bu adamların xoşuna gəlmir, belə çıxır ki, onları gələcəyimizin təhsilli olması yox, yalnız məktəblilərə müxtəlif üsullarla pul xərclədərək öz ciblərini doldurmaq maraqlandırır.

Qeyd etdiyim məqamlar məktəblərdəki problemlərin yalnız bir qismidir. Bütün bu baş verənlər əminliklə deməyə imkan verir ki, şagirdlərə pulsuz xarici dillər öyrətməyim kimlərinsə məktəb üzərindən açdığı bazarına və pullu xarici dil kursları biznesinə zərər vurur, ona görə də mənə qarşı mütəşəkkil şantaj və təxribat işi aparırlar, burada isə bəzi şagirdləri qorxudaraq alət kimi istifadə edirlər.

Xahiş edirəm ki, qeyd etdiyim məsələlərlə bağlı ciddi tədbir görəsiniz, bu məsələlər araşdırılsın, məktəblərdəki özbaşınalığa son qoyusun və dövlətimizə, qanunlarımıza qarşı saymazlıq edənlər cəzalandırılsın.
Gundeminfo.az
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.