Uzağı kimisə "nakazat" etmək lazım gələcək, onu da edərik"-“QOÇU” DƏSTƏSİ, YOXSA...

12-07-2019, 00:05           
Uzağı kimisə "nakazat" etmək lazım gələcək, onu da edərik"-“QOÇU” DƏSTƏSİ, YOXSA...
"Quska" və "AMAY Abdulla"nı əvəz edəcək “Şef” hər idmançıya aylıq maaş təyin edib
Həmkarlarımdan birinin mütəmadi işlətdiyi maraqlı bir kəlmə var və artıq bu, öz aramızda aforizmə çevrilib: Ən gözəl və ən ilginc mövzular məhz çayxanalardan çıxır. Çünki bura cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunan ayrı-ayrı peşə sahiblərinin toplaşdığı yeganə məkandır. Odur ki, çayxanalarda hansı məsələ ilə bağlı istəsəniz mövzu tapmaq, heç kimin eşitmədiyi və ya eşitmək istəmədiyini faktlara rast gəlmək mümkündür. Ona görə də bugünlərdə, paytaxtın sayılıb-seçilən və "çayxorlar"ın daimi məskəninə çevrilmiş məkanlardan birinə üz tutdum. Təxminən, yarım saat oturduqdan sonra həmkarımın dediklərinin doğruluğunu, yəni çayxanaların mövzu mənbəyi olduğunu bir daha yəqin etdim. Belə ki, qonşu masada əyləşmiş iri cüssəli, idmançı görkəmli bir qrupun söhbəti mənə olduqca maraqlı gəldiyindən onlara qulaq verməli oldum.
Qeyd edim ki, ordandan biri digərlərinə "Şef idmançı yığır" deyərək, ətrafındakılara təklifi olduğunu bildirdi: "Bugünlərdə öyrəndim ki, şef bizim kimi idmançıları yanına yığır. Təxminən, 350-400 idmançı tələb olunur və hər birinə ayda 400-500 manat əməkhaqqı veriləcək. Hələlik konkret nə iş görəcəyimiz deyilmir. Sadəcə, bildiriblər ki, ayda bu qədər maaş alacaqsınız və lazım olduğunda sizə telefon açılacaq. O zaman qeyd olunacaq ünvana yığışmağımız tələb olunur. Şəxsən mən artıq adımı yazdırmışam. Nəyimə lazımdır, havayı yerdən ayda 500 manat maaş alacam. Çağırsalar da nə desələr edəcəm. Bizim kimi idmançıdan nə tələb olunacaq?! Uzağı kimisə "nakazat" etmək lazım gələcək, onu da edərik".
Sözün açığı, onların söhbətindən sonra dərhal ağlıma sabiq deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayev və "AMAY Abdulla" ləqəbli, AMAY Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev gəldi. Çünki artıq hamıya bəllidir ki, mövcud iqtidarın qorunmasında xidmətləri olmuş "Quska" və "AMAY Abdulla" başında durduqları "bespredel" idmançılardan ibarət "qoçu" dəstələri vasitəsiylə mitinqlər zamanı müxalif düşüncəli insanlara qan uddurub, onlara amansızcasına fiziki güc tətbiq ediblər. Yəni onların xalqın gözünün qorxudulmasında, ölkədə demokratiyanın susdurulmasında, vətəndaşların hüquqlarının tapdanmasında, əhalinin zülmə, qeyri-insani rəftara məruz qalmasında, mitinqlərdə müxalifətin qarşısının alınmasında xüsusi xidmətləri olub. Nəzərinizə çatdıraq ki, "AMAY Abdulla" 2010-cu ilin sentyabrın 22-də özünün ticarət mərkəzindəki konfrans zalında çıxışı zamanı "Mitinqlərin dağıdılması sistemini işləyib hazırlamışam" deməklə bunu təsdiqləyib. Odur ki, çayxanadakı idmançı görkəmli qrupun söhbəti zamanı işlədilən "Şef idmançı yığır" kəlməsi olduqca ciddi məqamlardan xəbər verir. Görünən odur ki, nüfuzlu, yetərincə səlahiyyət sahibi olan şəxslərdən biri və ya onun əlaltısı iri cüssəli, qoluzorlu şəxsləri ətrafına yığmaqla yeni "qoçu" dəstəsi formalaşdırmağa çalışır.
Maraqlıdır, görəsən, bu dəstə həmin şəxsin nəyinə lazımdır? Onlardan hansı məqsəd üçün istifadə olunacaq? Bu suallara cavab tapmaq üçün ölkədə baş verən və yaxın müddətdə baş verəcək proseslərə nəzər salmaq yetərlidir. Bildiyiniz kimi, bu ilin yanvar ayının 19-da paytaxtın Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda Milli Şuranın təşkilatçılığı, Müsavat və REAL partiyalarının, ADR hərəkatı və müxalif düşərgənin digər bir sıra təşkilatlarının, ictimaiyyət və siyasət adamlarının dəstəyi ilə mitinq keçirilmişdi. Həmin mitinq son illər ərzində təşkil olunmuş ən izdihamlı aksiyalardan biri olduğundan bu, iqtidarın ciddi şəkildə təlaşlanmasına səbəb olmuşdu. Məhz bundan sonra hökumət xalqın etimadını qazanmaq, illər uzunu yaranmış və artıq kulminasiya həddinə çatmaq üzrə olan qəzəbi sovuşdurmaq məqsədiylə bir sıra islahatlara baş vurmuşdu. Lakin görülən tədbirlər xalqın iqtidara olan inamsızlığını aradan qaldırmayıb. Odur ki, yeni "qoçu" dəstəsinin yaradılmasının bir səbəbi də məhz bu amillə bağlı ola bilər. Ancaq çox güman ki, "bespredel" idmançıların bir araya yığılmasında əsas səbəb növbədənkənar parlament seçkiləri ilə əlaqəli ola bilər. Məlumdur ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konstitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məhz elə bu səbəbdən də 11 aprel 2018-ci il tarixdə ölkədə növbədənkənar prezident seçkiləri keçirilib. Prezident seçkilərindən sonra isə cəmiyyətdə belə bir fikir formalaşıb ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Əslində, hazırda bunun üçün kifayət qədər əsas var. Buradan da belə qənaətə gəlmək olar ki, qoluzorlu şəxslərdən ibarət yeni "qoçu" dəstəsindən növbədənkənar parlament seçkiləri ərəfəsində təşkil olunacaq mitinqlər zamanı istifadə olunacaq. Lakin burada bir məsələ qaranlıq qalır: "Quska" və "AMAY Abdulla"nın yerini alacaq "şef" kimdir?..
siam.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.