Rüstəm Behrudi - Dar ağacına salam deyən şair....

11-09-2019, 08:37           
Rüstəm Behrudi - Dar ağacına salam deyən şair....
Müasir Azərbaycan poeziyasının dəyərli nümayəndəsi Rüstəm Behrudinin sabah 62 yaşı tamam olur.
Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində doğulub. Bütün ömrünü ədəbiyyata həsr eləmiş adamdır. Yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. O, türk dünyasında məhşur olan "Şaman duası", "Salam, dar ağacı" kimi kitabların müəllifidir. Onun "Salam, dar ağacı" əsəri türkdilli xalqlar arasında dillər əzbəridir. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur.

Şair "Yaddaşlara yazın", "Şaman duası", "Salam, dar ağacı", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. "Şaman duası" kitabı türkdilli ölkələrdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur.

Təbrizdə və Tehranda çıxan şeir kitabları Güney Azərbaycan oxucusunun böyük rəğbətini qazanmışdır!

Yaradıcılığından seçmələr polyak, ukrain, fransız, belarus, rus və çex dillərinə tərcümə edilmişdir.

Almaniyada 2018-ci ildə "Der besorqte Baum im walde" adlı kitabı nəşr edilmiş və məhşur "Amozon" saytında satışa çıxarılmışdır. Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə, Mahmud Kaşqarlı adına beynəlxalq mükafata (M.Kaşqarlı adına medal) layiq görülmüş, Avropada keçirilən Türk Dünyası Uluslararası şeir festivalının qızıl mükafatını qazanmışdır. Bundan başqa o çox sayda ədəbi mükafatlara və diplomlara layiq görülmüşdür.
Poeziyası Azərbaycanda və Türk dünyasında çox sevilən şairin əsərləri bir çox dillərə çevrilib və müəllifini istedadlı söz adamı kimi geniş tanıdıb.

Teref.az oaraq əvvəldən dostum Rüstəm Behrudini 62 yaşı münasibətilə təbrik edir, şairə möhkəm sağlamlıq, uzun ömür və yeni yaradıcılıq uğurları diləyir, bu əlamətdar gündə şeirlərindən bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Nurəddin Xoca
Salam, dar ağacı...

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm... Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Vətən!

Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım - Vətən!

Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərdimi - Vətən!

Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı-qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı - Vətən!

Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi,
Füzulinin məzarı da Vətəndi - Vətən!

Mənə üz tut - yurda ocaq qurana,
"Turan" - deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana - Vətən!

Mənim andım "Ya bütövlük, ya qandı",
Zalım dostlar, qəbul edin bu andı:
Qara başım bu yol üstə qurbandı, - Vətən!

Vida türküsü

Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.

Bir sevda var ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdisə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.

Bu gün şaman imanını,
Öz içində Turanını,
"Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin".

Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.

Nə kafirəm, nə də asi,
Sevdim haqqa yenən kəsi.
Məkkəsiylə Mədinəsi
Ulu Altay olan gəlsin.

Gedin Çinə vara-vara
Xəbər verin Uyğurlara.
Tikə-tikə, para-para
Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.

Boz qurd

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim...
İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan, biri gündoğan -
Dağından, daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən -
Sevgili bir yurd.
Sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-Ulaya dolaşıb gəzən,
Obu, Yeniseyi, İtili keçib
Altaytək, Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd -
Hər gecə, hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa ordular basan.
Uluslar, "Bay göllər", Göyçələr səni
Məndən soruşurlar, Boz qurd, hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,
Gəl, çıx uğuruma qaba ağactək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar üstə
Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?! -
Qara qazlıq atların
Kişnərtisi gəlir misralarımdan.
Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm Boz qurd, hardasan?!
Hər gecə, hər gecə yuxularımda,
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd
Və sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm, Onun ucundan.
İlahi, nə çəkdim...
Bilməyəcəklər.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.