Təqaüd yaşı keçən deputatlar seçkilərə qatılmaq istəyir - GƏLİŞMƏ

21-11-2019, 09:11           
Təqaüd yaşı keçən deputatlar seçkilərə qatılmaq istəyir - GƏLİŞMƏ
Azərbaycanda parlament seçkilərinə bir il qalır. Doğrudur, seçkilərin vaxtından əvvəl keçiriləcəyi barədə ehtimallar durmadan artır. Bu baş tutmasa belə gələn il noyabrın ilk on günlüyündə yeni parlament formalaşacaq.

Hazırda əsas diqqətləri təqaüd yaşını keçmiş deputatlar çəkirlər. Bu da səbəbsiz deyil. Çünki bu ilin ortalarından başlayaraq, ölkə iqtidarı yaşlı məmurlarla vidalaşmağa başlayıb. Bunu dövlət başçısı İlham Əliyevin apardığı kadr islahatlarında açıq şəkildə görə bilərik. Artıq bir çox yaşlı məmurlar vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalıblar. Bu proseslərin parlamentə də təsir edib-etməyəcəyi ciddi suallar doğurur.

Bir neçə təqaüd yaşını ötmüş deputatla söhbət etdik.

72 yaşlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı öncəliklə bizə sual ünvanladı: “Belə bir sualı sizə ünvanlamaq istəyirəm ki, kifayət qədər ölkəmizin ictimai-siyasi həyatında rol oynayan bir qəzetin son dərəcə istedadlı və fəal yazarı kimi necə düşünürsünüz, iştirak etməliyəm ya yox?”

Fəzail Ağamalı: “Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyəm”

Müsbət rəyimizdən sonra deputat sözlərinə bu cür davam etdi: “Sizin verdiyiniz rəy mənim üçün çox ciddi rəydir. Müsbət rəyə görə minnətdaram. Əslində parlamentdə, siyasətdə və müxtəlif sahələrdə yüksək intellekt olmaqla yanaşı təcrübənin də vacibliyi hər zaman öndədir. Son vaxtlar yaş məsələsinin önə çəkilməsi, onun aktuallılıq kəsb etməsi bir tərəfdən başa düşüləndir, digər tərəfdən bunun bu dərəcədə yenidən gündəmdə saxlanılması, hər halda, anlaşılan deyil. Nəzərə alsaq ki, ölkə prezidenti bununla bağlı öz konkret fikrini söyləyib. O deyib ki, bu, kampaniya deyil, bu cür yanaşmalara müsbət yanaşmıram, hər kəsin xidmətləri gözümün önündədir və s. Bu kontekstdən çıxış edərək demək istərdim ki, əsas məsələ intellektin, dünyagörüşünün, müasir çağırışlara cavab verəcək yanaşmaların ortada olmasıdır. Heç şübhəsiz ki, bununla bərabər insan sağlamlığı vacib şərtdir. Əgər insanın sağlamlığı, fikri, məntiqi, dünyagörüşü, intellekti yerindədirsə, əlbəttə, elə insanların potensialından dövlətçiliyimiz üçün istifadə olunmalıdır. Belə insanlar istər millət vəkili olsun, istərsə də yox, qarşıdan gələn seçkilərdə iştirak edib gücünü sınamalıdır. Konkret mənə gəldikdə, dəfələrlə dediyim kimi, sağlamlığım imkan versə, qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyəm. Düşünürəm ki, mən hələlik bundan sonra da dövlətimizə, xalqımıza şərəflə xidmət edə bilərəm. Bu mənim üçün çox böyük imkan, şansdır. Çalışacam ki, sağlamlığım imkan versə, bu şansdan bir daha istifadə edim, sizlə, dəyərli jurnalistlərlə, soydaşlarımızla, millət vəkilləri ilə bərabər dövlətçiliyimizə, xalqımıza töhfələr verim”.

Bəxtiyar Sadıqov: “Göndərilməsəm, öz peşəmlə məşğul olacam”

68 yaşı olan “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı Bəxtiyar Sadıqov partiyanın qərarına tabedir: “Yeni Azərbaycan Partiyasının üzvüyəm və partiya siyahısı ilə seçkilərə gedirəm. İndiyə qədər bir dəfə də olsun müstəqil şəkildə seçkilərə qatılmamışam. Partiya məni məsləhət bilib, dəstək verib. Bu hesabla artıq 19 ildir ki, Milli Məclisin üzvüyəm. Parlamentdə həm partiyamızı, həm də jurnalistlərimizi təmsil edirəm. Əgər partiyanın dəstəyi olmasaydı, çətin ki mən 20 il deputat olardım. Hazırda qüvvədə olan mövcud qanunvericiliyə görə, seçkili orqanlar üçün heç bir yaş məhdudiyyəti yoxdur. Bir dəfə ulu öndərin nüfuzundan, xalqın ona, onun da xalqına olan sevgisindən qorxaraq, prezident seçkilərində yaş məhdudiyyəti qoyulmuşdu. O zaman xalq təpki göstərdi və nəticədə bu ədalətsizlik ləğv olundu. Yəni seçkili orqanlar üçün yaş məhdudiyyəti yoxdur. Onu seçicilər müəyyənləşdirir ki, bu insan bizi təmsil edərmi, bu insan bizə dövlət başçısı kimi səmərəli xidmət edə bilərmi? Bu dəfə də Yeni Azərbaycan Partiyası məsləhət bilsə ki, Ağdamdakı kənd dairəsindən partiyamızı təmsil edim, müraciət edib partiyamızın dəstəyi ilə səs yığım, o zaman gedəcəm. Göndərilməsəm öz peşəmlə məşğul olacam. ”Xoşbəxtlik"dən jurnalistlər üçün yaş məhdudiyyəti yoxdur. Hətta evdən də yazıb redaksiyaya göndərmək mümkündür. Öz işimlə sona qədər məşğul olacam".

Aqil Abbas: “67 yaş olanda nə olar ki?”

66 yaşlı Aqil Abbas: “Əgər Qarabağ camaatı məsləhət bilsə, təbii ki, iştirak edəcəm. Üç dəfə oradan deputat seçilmişəm. Seçicilər istəsə yenə də namizəd olacam. Həmişə belə olub. Camaatla görüşmüşəm və onların rəyi ilə namizədliyimi vermişəm. Üzümüzə gələn seçkilər vaxtı 67 yaşım olacaq. Mənə nə olub ki, namizəd olmayım? 67 yaş olanda nə olar ki?”
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.