NATO Rusiya ilə konfrontasiyanın davamından yayındı - genişlənməyə son?

7-12-2019, 08:42           
NATO Rusiya ilə konfrontasiyanın davamından yayındı - genişlənməyə son?
Tofiq Zülfüqarov: “Qərb də başa düşür ki, Rusiya da hansısa qırmızı xətləri keçməyə tərəddüd edir”
İngiltərənin paytaxtı Londonda NATO-ya üzv ölkələrin liderlərinin Zirvə Toplantısı ilə bağlı səslənən bəzi proqnozlar özünü doğrultmadı. Bir sıra ekspertlər Rusiyaya qarşı soyuq savaşın şiddətlənəcəyini zənn etsələr də, bu, müşahidə olunmadı.

Alyansın 70-ci ildönümünə təsadüf edən sammitdə bloka üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edirdi. Tədbirə ev sahibliyi edən Böyük Britaniyanın Baş Naziri Boris Conson üzv dövlətlərə bir-birini müdafiə etmək öhdəliyinin ittifaqın əsas məqsədlərindən biri olduğunu xatırladıb. Üç saat davam edəcək müzakirələrdə liderlərin müttəfiq qüvvələrin hərbi hazırlığının daha da yaxşılaşdırılması, NATO-nun terrorizmə qarşı fəaliyyət planının yenilənməsi də daxil olmaqla bir sıra məsələlər barədə müzakirələr aparılıb. Təbii ki, Rusiya mövzusu diqqətdən kənarda qalmayıb. Həmminin silahlara nəzarətin gələcəyi və Çinin yüksəlişi ilə bağlı müzakirələr gedib.

Əvvəlcədən o da bildirilirdi ki, liderlərin masasında əsasən kosmik siyasət, terrorizmlə mübarizə, yük bölgüsü, Rusiya və Çin kimi mövzular olsa da, müttəfiqlər arasında ticarət, iqlim, İranın nüvə sazişi və Suriyanın şimal-şərqi kimi fərqli mövzuların olması London sammitinin kifayət qədər gərgin keçəcəyindən xəbər verir. Hesab olunurdu ki, xüsusən də son zamanlar, Zirvə öncəsi Fransa prezidenti Emmanuel Makronun NATO haqqında, o cümlədən qurumun əsas aparıcı dövlətləri olan ABŞ və Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, bu toplantının hərarətini artıracaq. Faransa dövlət başçısı E. Makronun NATO haqqında, o cümlədən Alyansda müttəfiqi olan ABŞ və Türkiyənin ünvanına “NATO ”beyin ölümü" keçirib!", “Avropa ölkələri təhlükəsizlik məsələsində artıq ABŞ-a etibar edə bilməzlər!”, “Ankara Suriyanın şimalına özbaşına girib, sonra NATO-dan dəstək uma bilməz!”, “Türkiyəni NATO-dan çıxarmaq lazımdır!” kimi ard-arda fikirlər səsləndirməsi, dünən isə Fransa Müdafiə naziri Florans Parlinın “Amerika həmrəylik bəhanəsi adı altında, NATO-dakı müttəfiqlərinə öz silahlarını almağa məcbur edir” deməsi, 70 illik ittifaqın daxilində nələrinsə baş verdiyini göstərirdi.

Yekunda NATO liderləri sammitinin London Bəyannaməsi qəbul edilib. Bəyannamədə ABŞ-dan savayı, digər müttəfiqlərin müdafiə xərclərinin 5 ildir artmaqda olduğu qeyd olunub. Sənəddə terrorizmin hamı üçün təhdid olmağa davam etdiyi vurğulanıb və müttəfiqlərin terrorizmlə mübarizədə qətiyyətli olduğu və bu kontekstdə birlikdə güclü addımlar atıldığı bildirilib. Bəyannamədə ilk dəfə Çinin artan qüdrətinə də toxunulub.

Mümkündür ki, NATO zirvəsindən əvvəl, noyabrın 26-da Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçlə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün keçirilməsi iki qarşı duran güclər arasında mülayim atmosferin yaranmasına səbəb olub. Qeyd edək ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması və hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivlərinin müzakirə olunduğu vurğulanırdı.

O da məlum olub ki, 2020-ci ildə Alyansın sammiti baş tutmayacaq. Belə ki, NATO-da təmsil olunan dövlətlərin Böyük Britaniyanın Uotford şəhərində keçirilən görüşü Alyansın ən ziddiyyətli sammiti kimi tarixə düşə bilər. Sammit iştirakçıları üç saat ərzində fikir ayrılıqlarını nizamlamağa çalışsalar da, buna qismən nail olublar.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, həmişə olduğu kimi, Rusiya Qərb və NATO üçün prioritet məsələlərdən biridir: “Müxtəlif mərhələlərdə bəyan olunan şüarlar, prinsiplər və sair həmişə reallıqlara uduzmaqdadır və uduzacaq. Bu baxımdan mən burada təəccüblü bir şey görmürəm. Çünki biz Gürcüstan nümunəsini görmüşük və Ukraynada demək olar ki, bu ssenari təkrarlanıb. Ona görə də NATO-nun Gürcüstan, ya da Ukraynadan ötrü Rusiya ilə münasibətlərini daha da gərginləşdirəcəyini düşünmək sadəlövhlük olardı. Təbii ki, heç kəs hansısa qırmızı xətləri keçmək istəmir. Həm Gürcüstanın, həm Ukraynanın mövqeyinin dəstəklənməsi ilə bağlı bəyanatlar olub. Amma hesab edirəm ki, real addımlar heç vaxt atılmayacaq”.

NATO-nun genişlənməsi ilə bağlı taym-autun götürüldüyü, yaxud ümumiyyətlə, proseslərin dayandırıldığı barədə yanaşmalara gəlincə, T.Zülfüqarov qeyd etdi ki, hazırda NATO-nun daxilində böhran yaşanır: “Çünki 5-ci bəndə, yəni kollektiv müdafiəyə aid müxtəlif fikirlər səslənir. Bu şəraitdə genişlənmə söhbəti də naməlum məsələdir və aktual deyil. Çünki genişlənməni nəzərə alsaq, biz başa düşməliyik ki, əgər Gürcüstan və Ukrayna Alyansa üzv olsa, deməli, birmənalı şəkildə onların problemləri NATO ölkələrinin problemlərinə çevriləcək. Demək olar ki, mövcud olan bu konfrontasiyanı Alyans və üzv ölkələr öz üzərinə götürəcək. Bunu da təsəvvür etmək çox çətindir”. Eks-nazirin sözlərinə görə, NATO-Rusiya savaşına qədər vəziyyətin gərginləşməyəcəyini hamı başa düşür: “Bu, mümkün olan şey deyil. Çünki hər kəs öz maraqlarını düşünür. Ukraynanın, yaxud Gürcüstanın maraqlarına görə, bu ölkələr öz maraqlarını qurban verməz. Çünki hamı başa düşür ki, Rusiya nüvə silahına malik olan ölkədir. Bu baxımdan ümumiyyətlə, müharibə mümkün deyil. Çünki burada qələbə qazanmaq mümkünsüzdür. Bəyanatlardan artıq nəyisə gözləməyə dəyməz”.

T.Zülfüqarov postsovet məkanını Rusiyanın təsir dairəsi kimi qəbul olunduğunu zənn etmir: “Qərb də başa düşür ki, Rusiya da hansısa qırmızı xətləri keçməyə tərəddüd edir və bu həvəsdə deyil. Rusiyanın postsovet inersiyasından azad olunması tarixi, uzunmüddətli bir prosesdir. Qərbin marağı bundan ibarətdir ki, Rusiya postsovet mentalitetdən uzaqlaşsın. Həm iqtisadiyyatda, həm siyasətdə, həm hərbidə və s. Faktiki olaraq NATO Rusiyanı islah etmək yolunu tutub. Onsuz da bu ölkədə islahatlar gedir. Gürcüstana görə konfrontasiya nə verəcək? Gedən prosesləri Gürcüstan, yaxud Ukraynanın maraqları naminə təhlükə altında qoymaq düzgün olmazdı”.

Keçmiş nazir istisna etmir ki, Qərb üçün əsas problem Çindir: “Rusiyanı hansısa vəziyyətə gətirib çıxartmaq istəyir ki, Çinlə konfrontasiyada o, Qərbin tərəfində dayansın. Strateji məqsəd budur, yoxsa Ukrayna, ya Gürcüstanın ərazi bütövlüyünün bərpası deyil. Böyük hədəflərin yanında o məsələlər aktual görünmür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.