Məmur, vəzifəli şəxs, aparıcı və müəllim ləhcə ilə danışarsa...

14-12-2019, 10:58           
Məmur, vəzifəli şəxs, aparıcı və müəllim ləhcə ilə danışarsa...
Qulu Məhərrəmli: “Özünü mədəni sayan şəxs ləhcə ilə danışmamalıdır”
Vaxtaşırı televiziya ekranlarında hansısa məmurun, ictimai fəalın, eləcə də teleaparıcıların ləhcə ilə danışdıqlarının şahidi oluruq. Ləhcə dedikdə təkcə bölgə ləhcələri nəzərdə tutulmur, həmçinin rus dilində düşünüb, Azərbaycan dilində sxematik danışanların da sayı kifayət qədər çoxdur.

Bəzən buna etiraz ediləndə sərt reaksiya verənlər də olur. Məsələn, bir neçə il bundan əvvəl televiziya kanallarının birində aparıcı canlı yayında bir gəncin ləhcə ilə danışmasına etiraz etmişdi. Lakin sosial şəbəkələrdə izləyicilər bu iradı etirazla qarşılamışdı. Bəs ziyalı, ictimaiyyət təmsilçisi, məmurun ləhcə ilə danışması nə dərəcədə doğrudur?

Mütəxəssislər isə qeyd edir ki, ictimai nüfuzlu, vəzifəli şəxslər, məmurlar, aparıcılar, yazıçı və ziyalılar, müəllimlər ictimaiyyətdə, xüsusən də televiziya ekranlarında ləhcə ilə danışmamalıdır. Xatırladaq ki, bu yaxınlarda MTRŞ sədri Nuşirəvan Məhərrəmli də mətbuata açıqlamasında xüsusilə gənc aparıcıların ləhcə ilə danışmağa üstünlük verdiklərini və bunun yolverilməz olduğunu bildirmişdi.

Bir faktı da qeyd edək ki, dünyanın bir çox ölkələrində ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsi yolverilməzdir. Məsələn, iki il öncə İranın təhsil nazirliyi fars dilində səlist danışa bilməyən, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsini yasaqlayan qərar qəbul edib. Eləcə də Ukrayna təhsil nazirliyində də xüsusi komissiya var. Həmin komissiya müəllimlərin Ukrayna dilində səlist danışması ilə bağlı attestasiyalar keçirir. Yalnız bu attestasiyadan keçən müəllimlər auditoriyaya buraxılır. Çünki müəllim bütün cəhətləri ilə şagirdlərə nümunədir, onun nitqi aydın, səlis və anlaşıqlı olmalıdır.

Mövzu ilə bağlı teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışdı: “Ümumiyyətlə, təhsilli, mədəni mühit görmüş şəxs ədəbi dildə danışmalıdır. Ədəbi dil dedikdə normativ, ictimailəşmiş, sabitləşmiş dil nəzərdə tutulur. Məsələn, parlament üzvü ədəbi dildə normal danışmalıdır. Eləcə də müəllim auditoriyaya daxil olduqları fikirlərini ədəbi dildə ifadə etməlidir. Tutaq ki, kimdənsə küçədə müsahibə alanda sadə peşə adamları ləhcə ilə danışarsa, bu qəbahət hesab olunmur. Doğrudur, sadə peşə adamları da ədəbi dildə danışsa daha yaxşı olar. Beləliklə sadə peşə adamları ləhcə ilə danışanda bu ədəbi deyil, sadə məişət dili hesab olunur.

Beləliklə, dili bu cür daşıyanlar da var. Amma ümumiyyətlə, televiziya, radio, parlament tribunları təkcə fikir söyləmək üçün deyil, həm də ədəbi dil normalarını, mədəniyyətini təbliğ edən platformalardır. Ona görə də tələblərdən biri də budur ki, televiziya və radioda dil, danışıq, nitq normativ olmalıdır. Ədəbi norma ona görədir ki, insanlar bir-birilərini rahat anlasın. Ümumi sözlər meydanda olsun, fikirlər, cümlələr aydın və səlist olsun , deyilən fikir tez çatsın. Amma kimsə hətta dərin fəlsəfi bir məsələdən danışarsa, hansısa sözün vurğusunu, deyilişini səhv deyirsə, fikirlərini ləhcə ilə çatdırırsa, dediklərinin heç bir mənası olmur. Bunun üçün də hesab edirəm ki, özünü mədəni hesab edən şəxs ədəbi dildə danışmalıdır. Bu, nitq mədəniyyətinin ədəbi dilin daşıyıcısı kimi özünü ifadə etməlidir. Belə olmasa çoxlu ləhcələr ortaya çıxar, ekran-efir zibillənər, dil budan zərər çəkər və əlbəttə ki, bütövlükdə nitq mədəniyyətinin səviyyəsi aşağı düşər, insanlar bir-birini çətin anlayar , dildə ala-bəzəklilik, əlvanlılıq yaranar. Ona görə də ədəbi dil ondan ötrüdür ki, dil normativlərinə əməl edək, sözləri, cümlələri aydın, səlist ifadə edək və bununla da dilimizi gözəlləşdirək. Obrazlı danışsaq, bunun üçün mütaliyəmiz olsa, daha yaxşı olar. Yəni biz danışdıqda dilin ifadə tərzini, onun melodikliyini göstərə bilirik".

Qulu Məhərrəmli rus vurğusu ilə danışanlara da iradını bildirdi: “Rus vurğusu ilə danışanlar da kifayət qədərdir. Onların söz ehtiyatı geniş deyil, Azərbaycan leksikologiyasından, frazalogiyasındasn az bəhrələnirlər, çünki mütaliə yoxdur, öz doğma dilində olan materialları az oxuyurlar. Bu təfəkkür, ümumi mədəni səviyyə məsələsidir və əlbəttə ki, həm də dili pis bilməklə bağlıdır. Məsələn kimsə Qazax, Şəki ləhcəsində çox gözəl danışanda, adi ünsiyyətdə adam bundan zövq alır. Adi danışıqda bu gözəllikdir. Hətta onlardan müsahibə götürəndə onların ləhcəsini kolorit hesab etmək olar. Danışan adam həmin bölgənin şivəsinin gözəlliyini ifadə edir. Amma biri də var, natiq, təmsilçi, ekranda, efirdə müəyyən bir təbəqəni təmsil edir, müəllim, mühəndis və sairə, onların nitqləri normativ olmalıdır və bütün nitq mədəniyyətinə əməl etməlidirlər. Belə olanda əlbəttə ki, dilin gözəlliyi görünər”.

Teletənqidçi ləhcə ilə danışan gənc radio aparıcıları haqda da danışdı: “Radio aparıcısının imkanları genişdir. Bəzən mikrafonla təkbətək qalır, auditoriyanı cəlb etmək üçün müəyyən artistizmdən istifadə edə bilər. Yəni hansısa məqamda hansısa ləhcədən istifadə edərsə, bunu ona irad tutmaq olmaz. Amma əgər verilişi bütövlükdə ləhcə üzərində qurarsa, ədəbi dil normalarından uzaq danışırsa, o tendensiyanı qəbul etmək olmaz”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.