"Əgər həqiqətən də TƏBİB-ə xaricdən dəstək lazım idisə, nədən aprelin 6-da.."

11-07-2020, 10:01           
"Əgər həqiqətən də TƏBİB-ə xaricdən dəstək lazım idisə, nədən aprelin 6-da.."
Keçəl dərman bilsə öz başına sürtər
TƏBİB sədri R. Bayramlı deyib ki, rəylərin alınması üçün xarici ölkələrdən bir sıra məşhur həkimlər dəvət olunub: “Onlar bizim tətbiq etdiyimiz protokolların düzgün olduğunu bildirib, yeni tövsiyələr veriblər. Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqnozlar da var. Əgər payız aylarında koronavirusla bağlı müsbət nəticəyə nail olmasaq, xəstəxanaların üzərinə düşən yük arta və ağır nəticələr ola bilər”.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur. Nazir qeyd edib ki, xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycana da səfər planlaşdırılır.
Verilən məlumatlardan bəlli olur ki, artıq Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib. Bu günədək Türkiyədə 209962 nəfər yoluxub, 5300 nəfər dünyasını dəyişib, ölüm faizi 2,5 faizdir, son günün yoluxması 1000 nəfərdən çox olub, Rusiyada 707301 nəfər yoluxub, 10843 nəfər dünyasını dəyişib, ölüm faizi 1,53 faizdir, son günün yoluxması 6509 olub. Hər iki ölkə virusa ən çox yoluxan ilk onluğa daxildir və hər iki ölkədə ölüm faizi Azərbaycandan yüksəkdir. Azərbaycanda vəziyyət Türkiyədən və Rusiyadan yaxşı görsənir. Belə ki, Azərbaycanda bu günədək 22464 nəfər yoluxub, 284 nəfər vəfat edib, ölüm faizi 1,26 faizdir. Burda deyirlər ki, keçəl dərman bilsə öz başına sürtərdi.
2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1,369 milyard manata nəzərdə tutulub ki, bu da əvvəlki ilin səhiyyə büdcəsi ilə müqayisədə 34 faiz artım hesabına baş verib. 2020-ci il üçün dövlət büdcəsinin səhiyyə ilə bağlı xərclərin 79,7 faizinin və ya 1091 milyon manatının icbari tibbi sığorta sisteminin tətbiqinə yönəldilməliydi.Ona görə də cari il üçün səhiyyə bölməsinin inzibati təsnifat üzrə strukturunda roqnozlaşdırılmış xərclərin 10,5 faizi isə Səhiyyə nazirliyinə, yerdə qalan hissəsi isə TƏBİB-ə aiddir. Görünür ki, icbari tibbi sığortanı ölkə üzrə tətbiq edə bilməyən TƏBİB büdcə pullarını xərcləməyin yeni üsullarını axtarır.
Əgər həqiqətən də TƏBİB-ə xaricdən dəstək lazım idisə, nədən aprelin 6-da "Xaricdə yaşayan Azərbaycanlı həkimlər, tibb işçiləri və tibb sahəsində təhsil alan tələbələri təmsil edən cəmiyyətlər" tərəfindən edilən rəsmi müraciətə indiyə qədər cavab verməyib? Həmin müraciətdə ABŞ, Almaniya, İsrail və Türkiyədə çalışan azərbaycanlı həkimləri birləşdirən tibb dərnəkləri asssosiasiyalarının rəhbərləri hər cür dəstəyə hazır olduğunu bildirməsinə baxmayaraq TƏBİB onlara 3 ay ötməsinə baxmayaraq hətta məktublarını aldıqları bardə bildiriş belə göndərməyib.
Əgər TƏBİB-ə həqiqətən xaricdən dəstək lazımdırsa, onda niyə qonşu Gürcüstandan və Almaniyadan həkimlər dəvət etmir? Hansı maraqla yalnız Rusiyadan və Türkiyədən həkim gətirir?
Hesab edirəm ki, hazırda ən düzgün strategiya Azərbaycan həkimlərinin kvalifikasiyasını artırmaq, onların bacarıqlarını çoxaltmaq üçün vaxtında Gürcüstana və Almanyaya təcrübə mübadiləsi proqramlarına göndərmək olardı. Bununla yanaşı, hazırda çox önəmli olanı həkimlərimizə güvənmək və onların sosial-iqtisadi təminatını və təhlükəsizliyini təmin etməkdir. Odur ki, milyonlarla dollar xərcləyib, xaricdən, xüsusilə də Rusiyadan həkimlər dəvət etməyə dəymir, həmin pulları öz həkimlərimizə ödəyin, cənablar!. Ruslar dərman bilsəydi öz başlarına sürtərdi.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.