"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...

14-07-2020, 12:36           
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...


"Belə gerçəkləri vəzifəni, deputat mandatını düşünmədən onda - vaxtında demək gərək idi. İndi artıq gecdir – Mavr öz işini gördü..."
"Milli çoxluq olan türklər neyləməlidirlər? Bəlkə hamımız çıxaq gedək, məsələn, Naxçıvan türkləri kimi, Türkiyədə qul kimi işləyək?.."




Azərbaycanda on illərlə korrupsiyanın, özbaşınalığın baş alıb getməsinin, bu gün də həmin amillərin həyatımızın bütün sahələrinin inkişafına əngəl olmasının əsas səbəblərindən biri də vəzifəlilərin nöqsanlarını, günahlarını, xəyanətlərini vaxtında deyərək onları uzaqlaşdıra bilməməyimiz olub...



Amma biz müstəqil yazarlar, jurnalistlər elə müstəqilliyimizin ilk illərindən “qanımızı qaşığa qoyub” gördüyümüz, bildiyimiz gerçəkləri bu və ya digər formada, senzuranın, “37”nin naftalin iyini verən Cahangir İldırımzadələrin kəsakəs vaxtında belə, mümkün qədər, ya birbaşa, ya sətiraltı, yaxud satirik şəkildə deməyə çalışırdıq... Belə cəsarətli müstəqil həmkarlarımızdan biri də eyni zamanda siyasətlə məşğul olan rəhmətlik naxçıvanlı dostumuz Qeyrət Quliyev idi...



O illərin məşhur müxalif partiyalarından olan ADP-nin qurucularından biri, sonradan isə Müstəqil Siyasətçilər Hərəkatına rəhbərlik etmiş Qeyrət Quliyev 22 il öncə - 1998-ci ildə “Ramiz Mehdiyev “Talış-Muğan Respublikası”nı müdafiə edir?” başlıqlı məqaləsində yazırdı:





“Parlamentin 30 sentyabr iclasında “boz kardinal” imici qazanmış Ramiz Mehdiyev 12 sentyabr hadisələrinə(1998-ci ildə həmin gün müxalifətin Bakının mərkəzində qarşıdan gələn Prezident seçkiləri ilə bağlı keçirdiyi etiraz mitinqi- S.L.)verilən qiymətlə bağlı qərara bir düzəliş etdi. Dedi ki, “Talış-Muğan Respublikası” ifadəsinin əvəzinə “Azərbaycanın cənubunda ölkəni parçalamaq üçün qiyam” yazılsın. Xeyr, xeyr deyə bilməzsiniz ki, burada “Keçəl Həsən, Həsən keçəl” deyimi yerinə düşür...



Dəxli olan bir haşiyə çıxaq. Ölkəmizdə etniklərin hakimiyyətdə təmsilçiliyi milli çoxluq olan türklərdən qat-qat çoxdur. Hətta onların, yəni qeyri-türk vətəndaşlarımızın – bəzi aparıcı dövlət qurumlarına nəzarət etdikləri də mübahisəli deyil. İndi çox qəribə vəziyyət yaranıb. Bir tərəfdən milli azlıq olan ermənilər Azərbaycanın dövlət kimi hüququnu tapdalayıb, digər təfədən isə “etnik siyasət və etniklərin siyasəti” (ifadə N.Əhədzadədəndir-Q.Q.) nəticəsində türklər öz ölkələrində əsas sahələrdən sıxışdırılıblar. “Mən türkəm” demək getdikcə çətinləşir...



Nə isə, bu hakimiyyətin uğurlarından biri hakimiyyət uğrunda silahlı mübarizəyə son qoymasıdırsa, digəri etnik separatizmin necə yaranmasından asılı olamayaraq onun qarşısını qətiyyətlə almasıdır. Etnik separatizmin arxasında Rusiyanın müəyyən dairələrinin yox, elə bütövükdə durduğu da şübhəsizdir. Çünki 1 milyard dollarlıq müəyyən dairə ola bilməz, eləcə də “TMR” yekəlikdə. Yadınızdan çıxmayıbsa, “Vesti” proqramı tələskənliyə yol verərək “TMR”-in elan edildiyini bir gün yarım qabaq xəbər vermişdi...



İndi Ramiz Mehdiyev etnik separatizmin öz adı ilə( bu halda “TMR”) adlanmasının niyə əleyhinədir? Kimi və nəyi müdafiə edir? Milli çoxluq olan türklər neyləməlidirlər? Bəlkə hamımız çıxaq gedək, məsələn, Naxçıvan türkləri kimi, Türkiyədə qul kimi işləyək? Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər? Bizim milli dövlətçliyimizə kosmopolitizm və separatiizm qədər heç nə ziyan vurmayıb...”



“Meqapolis-reklam”, 4-6 oktyabr 1998-ci il.



P.S. Bəli, belə gerçəkləri Qeyrət dostumuz kimi qeyrətlə, çəkinmədən, vəzifəni, deputat mandatını, var-dövlətini düşünmədən məhz o illərdə - vaxtında demək gərək idi. İndi artıq gecdir – mavr öz işini gördü... Odur ki, heç olmasa, bugünkü gerçəkləri vaxtında demək lazımdır... 20-30 il sonrakılar da bizlərə lənət oxumasın...



Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.