“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ

7-08-2020, 19:19           
“Hamımız məsuliyyətli olmalıyıq” -
“Karantin rejimindən çıxaraq yenidən koronavirus pandemiyasından öncəki normal həyata qayıtmaq istəyiriksə, o zaman cəmiyyət olaraq hamımız koronavirusla bağlı tövsiyyələrə ciddi əməl etməliyik. Normal həyatın bərpası ancaq və ancaq bu halda mümkün ola bilər”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Onun sözlərinə görə, koronovirus dünyanın bir nömrəli bəlası olaraq qalmaqda davam edir. “Bir sıra ölkələr, hətta inkişaf etmiş Qərb ölkələri karantin rejimini yumşaltsalar da vəziyyətin pisləşdiyini görüb yenidən sərt karantin rejimini tətbiq etməli olublar. Dünyanın üzləşdiyi belə bir ciddi problemin qarşısını dövlət yox, ancaq cəmiyyət olaraq hamımız səylərimizi birlişdirməklə ala bilərik. Çünki dövlət üzərinə düşən vəzifəni yerinə yetirərək qlobal pandemiyadan daha az itki ilə çıxmaq üçün bütün gücünü səfərbər edib və bu istiqamətdə təxirəsalınmaz addımlar atıb. Bu işlər bu gün də davam etməkdədir. Məhz bunun nəticəsi olaraq bu gün ölkədə koronavirus pandemiyası nəzarət altında saxlanılır”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, əgər dövlət pandemiya ilə bağlı zəruri addımlar atıb, virusa yoluxan insanların müalicəsi üçün yeni modul tipli xəstəxanalar tikməsəydi, laboratoriyaların sayını artırmasaydı, xarici ölkələrdən peşəkar həkimlər dəvət etməsəydi, zəruri tibbi ləvazimatlar və avadanlıqlar alınmasaydı, xüsusən də bu istiqamətdə yerli istehsala başlanılmasaydı, may ayının əvvəlində karantin rejimi yumşaldılandan sonra vəziyyətin yenidən pisləşməsi zamanı hansı acınacaqlı durumla üzləşə bilərdik, onu təsəvvür etmək belə mümkün deyil: “Çünki aprel ayının sonunda mövcud xəstəxanalarda çox az sayda yerlər var idi. Məhz Azərbaycan Prezidentinin düşünülmüş addımı nəticəsində qısa zamanda yeni modul tipli xəstəxanalar tikilərək istifadəyə verildi. Hazırda 9 modul tipli xəstəxana tikilərək istifadəyə verilib. Bundan əlavə olaraq Fövqəladə Hallar Nazirliyi 800 yerlik xəstəxana tikərək istifadəyə verib və yaxın günlərdə daha 1300 yerlik əlavə xəstəxana istifadəyə veriləcək. Vaxtında görülən təxirəsalınmaz işlər öz nəticəsini verdi. Belə ki, İkinci dəfə karantin rejimi sərtləşdirilərkən virusa yoluxan xəstələr tikilən yeni xəstəxanlara yerləşdirildi. Bu xəstəxanalar tikilməsəydi çox acınacaqlı durumla qarşılaşacaqdıq. Görülən işlər nəticəsində bu acınacaqlı vəziyyətin yaranmasına imkan verilmədi. Odur ki, hökumətin bu müddətdə əsas hədəfi insanların sağlamlığını qorumaq və daha az itki ilə çıxmaq oldu. Görülən işlər də öz müsbət nəticəsini verməkdədir. Həm lazımi infrastuktur yaradılıb, həm də insanların virusa yoluxmasının qarşısı maksimum alınıb.
Ona görə də hökumət yenidən tədricən yumşaldılma prosesinin tətbiq etməkdədir. Bu zaman hamımız çox məsuliyyətli olmalıyıq. Əgər məsuliyyətli olsaq daha tez karantin rejimindən çıxaraq normal həyata dönə bilərik. İqtisadiyyatda da canlanma olar. İqtisadiyyatın bütün sahələri- istehsal, xidmət, ictimai iaşə, turizm və digər sferaları öz fəaliyyətini bərpa edər. Həm insanlar işləyər, həm də iqtisadiyyatımızın aktivliyini bərpa etməklə yenidən inkişaf yoluna qədəm qoyar. İndi cəmiyyət olaraq əsas hədəfimiz ölkə iqtisadiyyatının pandemiyadan daha ciddi ziyan çəkməsinin qarşısını almaq olmalıdır. Bir az öncə qeyd etdiyim kimi, bu, biz insanlardan asılıdır. Məsuliyyətli olub, qaydalara əməl edək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.