Yunanıstan terrorçu Monte Melkonyanı azadlıq mücahidi elan etdi

28-09-2020, 03:11           
Yunanıstan terrorçu Monte Melkonyanı azadlıq mücahidi elan etdi
PKK-çı kürdlər də erməni təbliğatına dəstək verir. İsrail mətbuatı isə...
Dağlıq Qarabağda Ermənistan-Azərbaycan savaşı başlayanda ortada iki tərəf vardı: Ermənistan+Rusiya və Azərbaycan. Düzdür, Rusiya and-aman edirdi ki, o bu münaqişəyə müdaxilə etmir. Daha çox Ermənistanla Azərbaycan arasında hakim rolunu oynayır. Ancaq Azərbaycan xalqı yaxşı xatırlayır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi və Xocalıda soyqırım törətdi. 63 uşaq da daxil olmaqla 613 nəfər qətlə yetirildi. Ermənistanın Baş naziri bu günlərdə “Xocalı soyqırımını Rusiya törədib” dedi. Uzun illər ərzində Xocalı soyqırımını inkar edən Ermənistan sonda bu cinayəti Rusiyanın üzərinə atdı.

Münaqişə başlayanda Rusiya mediası davamlı şəkildə Ermənistanı müdafiə edirdi. Elə indi də həmin tendensiya davam edir. Müvafiq olaraq, Azərbaycana qarşı total təbliğat gedirdi. Hələ də Rusiya bu ənənəsindən əl çəkməyib. Aradan 30 il keçib. İndi vəziyyət xeyli fərqlidir. Ermənistan-Rusiya birliyinin qarşısında Azərbaycan-Türkiyə ittifaqı dayanıb. Heç bu da hamısı deyil. ABŞ-dan Çinə qədər hər bir ölkə bu münaqişədə öz yerini alıb. Bu münaqişəyə yanaşmada hər bir ölkə öz dövlət maraqlarından çıxış edir. Problemin ədalətli həlli əksər ölkələr üçün elə bir önəm daşımır.

Aşağıdakı nümunəyə diqqət edək:

“Türkiyə ilə Pakistan arasında yaxınlaşma davam edir. Bu isə rəsmi Ankara ilə Dehli arasındakı münasibətləri pisləşdirir. Prezident Ərdoğan keçən ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Kəşmir problemindən dolayı rəsmi Dehlini tənqid etdi. Buna cavab olaraq Hindistanın Baş naziri Narendra Modi oktyabrda Ankaraya nəzərdə tutulmuş səfərinin üstündən xətt çəkdi. Üstəlik, Türkiyənin Şimali Suriyadakı hərbi əməliyyatını qınadı.

Baş nazir Türkiyənin bölgədəki bütün rəqibləri ilə, o cümlədən Kipr, Ermənistan və Yunanıstanla görüşlərə start verdi”. “The Hindustan Times” belə yazır. Yəni açıq şəkildə deyirlər ki, əgər Türkiyə prezidenti Pakistan üçün şərəf məsələsi hesab olunan Kəşmir problemini dünyanın gündəminə daşımasaydı, hər şey başqa cür ola bilərdi. Türkiyə Kəşmir müsəlmanlarının müdafiəsinə qalxdığına görə Hindistan Türkiyəyə, yumşaq desək, düşmən münasibətdə olan bəlli trioya (Yunanıstan, Ermənistan və Kipr) aşırı maraq sərgilədi.

Hazırda ABŞ, Avropa Birliyi, Çin Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. NATO da dəfələrlə bu məsələ ilə bağlı Azərbaycana dəstək verib. Gördüyünüz kimi, bu məsələ çoxdan Rusiyanın monopoliyasından çıxıb. Ancaq Rusiya indi də birbaşa bu işin içindədir. Təsadüfi deyil ki, Rusiyanın xaricdə olan ən böyük hərbi bazası məhz Ermənistandadır. Qonşu İranın bu məsələyə yanaşması da bəllidir. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma İran dövlətinin bütün mövcud imkanları Ermənistanın ayaqda durmasına yönəlib. Rəsmi Tehran Azərbaycanın zəifləyərək sıradan çıxmasında maraqlıdır. Səbəb də bəllidir. Bütöv Azərbaycan ideyası İran dövlətinin varlığına ciddi təhlükə sayılır.

İlk baxışda bölgədə qüvvələr nisbəti Ermənistanın xeyrinə kimi görünür. Ancaq Pakistanın da Türkiyə-Azərbaycan ittifaqına qoşulması bölgədə olan qüvvələr nisbətini ciddi şəkildə dəyişib. Bu baxımdan müəyyən balansın yarandığını söyləmək olar. Beynəlxalq səviyyədə isə yuxarıda vurğuladığımız kimi Ermənistan Azərbaycana böyük hesabla uduzur. Ancaq bəzi ölkələr Ermənistanın müdafiəsində xüsusi fəallıq göstərirlər. Bu sırada ən öndə gələn ölkə heç şübhəsiz ki, Yunanıstandır. Əslində, Yunanıstanla Azərbaycan arasında mübahisə doğura biləcək bir şey yoxdur. Fəqət Türkiyənin Azərbaycana dəstək verməsi yetir ki, Yunanıstan da Azərbaycana qarşı açılmış cəbhədə yer alsın. Yəni orta əsrlərdən qalmış “düşmənimin dostu mənim də düşmənimdir”, düşüncəsi bu yanaşmada əsas rol oynayır. Normalda Yunanıstan özünü demokratik dövlət hesab edir. Özü də Yunanıstan Avropa Birliyinin üzvüdür.


Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyün birmənalı şəkildə müdafiə edir. Ən azı ona görə ki, Avroda yüzlərlə etnik münaqişə zonası var. Avropa etnik separatizmə dəstək versə, özü darmadağın ola bilər. Amma Avropa Birliyinin bir hissəsi olan Yunanıstan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə müxtəlif bəhanələrlə bəraət qazandırır. Kiprin türk bölümünü tanımaqdan qəti imtina edən Yunanıstan Qafqazda etnik separatizmə yol açan Ermənistanı müdafiə edir. Dünya siyasəti bu kimi ziddiyyətlərlə doludur. Çünki dövlətlər bu və ya digər məsələlərə beynəlxalq qanunlar əsasında yox, bəlli maraqlara istinadən yanaşırlar. Dünya siyasi səhnəsində yayğın olan “ikili standart” anlayışı məhz bu yanaşmadan qaynaqlanır.
Azərbaycanla Ermənistan arasında müharibənin miqyası getdikcə genişlənir. Bu ölkələr arasındakı təbliğat müharibəsi isə çoxdan başlayıb. Bu cəbhədə də şiddətli döyüşlər gedir.

Bugünlərdə “Yeni Müsavat” olaraq rəsmi Brüsselə bağlı ”Eureporter” saytında gedən məqalə əsasında hazırladığımız “PKK-nın Dağlıq Qarabağa axını Avropaya təhlükədir” başlıqlı yazıda son günlərdə Dağlıq Qarabağda baş verən hadisələrə nəzər salmışdıq. Ermənistanın dövlət səviyyəsində PKK terrorçularını Dağlıq Qarabağa daşıması ilə bağlı Qərbdə yayılmış məlumatları oxucularımızla bölüşmüşdük.

Bu dəfə isə Yunanıstan və İsrail mediasında bu məsələ ilə bağlı gedən məqalələrin icmalını təqdim edəcəyik.

Bəri başdan deyək ki, hər ölkə Ermənistan təbliğatının tərkib hissəsi kimi çıxış edir. İsrailin bu sırada yer alması xeyli təəccüblü görünə bilər. Məsələ orasındadır ki, İsrailin Türkiyə ilə ciddi problemləri var. Ona görə də fürsətdən istifadə edərək Türkiyəni vurmağa çalışırlar. Bu məsələdə isə Türkiyə ilə Azərbaycan iç-içə olduğuna görə İsrail mediasının tutduğu mövqe bizim də maraqlarımızın əleyhinə çevrilir.

Yunanıstandan başlayaq.


Bu ölkənin “The Greek City Times” qəzetinin müxbiri Raul Antonopoulos “Reports Turkey is transferring Syrian militants to Azerbaijan as hostilities against Armenia increases” (“Xəbər verilir ki, Ermənistana qarşı hərbi əməliyyatlara hazırlıq güclənir, Türkiyə (özünə bağlı) Suriyadakı yaraqlıları Azərbaycana köçürür”) adlı məqaləsində qardaş ölkəni ittiham edir. Qəzet Lindsey Snell adlı jurnalistin “Twitter“ hesabına istinadən yazır ki, Suriyadakı Həmzə diviziyasının yaraqlıları artıq Azərbaycandadır. Bəs Lindsey Snell kimdir? Qəzet bildirir ki, o, mükafat almış jurnalistdir. Suriyada Türkiyənin dəstəklədiyi yaraqlılar tərəfindən girov götürülüb, daha sonra 2 ay Türkiyədə həbsxanada saxlanılıb. Mən bu xanım jurnalistin digər yazılarına da ötəri nəzər saldım. Adam təpədən dırnağa kimi türk və Türkiyə düşmənidir. Məqalədə deyilir ki, Həmzə diviziyası ərəblərdən və türkmənlərdən təşkil olunub. Onlar əsir götürdükləri qadınları zorlayıblar.

Qəzet iddia edir ki, Türkiyə dövləti həmin yaraqlılara ayda 2 min dollar məvacib verirmiş. Onlardan Liviyada da istifadə olunub.

Lindsey Snell digər “Twitter“ hesabında yazır ki, Türkiyəyə bağlı min yaraqlı sentyabrın 27-dən 30-na qədər Azərbaycana göndəriləcək.

Bəs xanım jurnalist bu məlumatı nəyə istinadən yazıb? Kevork Almassian “Syriana Analysis” adlı fondun rəhbəridir. O, Suriya əsilli ermənidir. Onun qardaşı da Türkiyəyə bağlı yaraqlılar tərəfindən girov götürülüb. Hər halda Yunanıstan nəşri belə yazır və deyir ki, Kevork Almassian da bu məlumatı Suriyadakı müxalif mənbələrdən alıb. Müxalif mənbə nə olan şeydir? Bəlli deyil. Kevork Almassian belə bir mənbəyə istinadən yazır ki, həmin yaraqlılara 600 dollar maaş verilir. Onlar Azərbaycanın tərəfində Ermənistana qarşı vuruşacaqlar. Ən maraqlısı odur ki, “The Greek City Times” qəzeti Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik isə Həmzə Diviziyasının Türkiyənin əli ilə Azərbaycana transfer olması ilə bağlı iddianı qəti təkzib edib və bildirib ki, bu “fake” təbliğatın arxasında Ermənistan dayanıb: “Əksinə, Ermənistan özü Yaxın Şərqdəki terrorçu qruplardan Azərbaycana qarşı istifadə edir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi xatırladıb ki, bir vaxtlar ASALA lideri Monte Melkonyan Livandan Azərbaycana gəlib və Dağlıq Qarabağın işğalında yaxından iştirak edib. O, Ermənistan hökuməti tərəfindən vəsf edilib. Bu faktın özü onu göstərir ki, Ermənistan terrorçulardan muzd müqabilində istifadə edir.

Yunanıstan qəzeti qeyd edir ki, Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı elan edilib. O inanırdı ki, Artsax əldən getsə, “erməni xalqı öz tarixinin sonuncu səhifəsini çevirmiş olacaq”.

Yunanıstan qəzeti PKK yaraqlılarının Ermənistana axını ilə bağlı heç bir söz demir. Dedikləri isə odur ki, Dağlıq Qarabağ Stalinin istəyi ilə Azərbaycana verilib. Heydər Əliyev isə Dağlıq Qarabağın etnik tərkibini dəyişmək üçün ciddi işlər görüb. Türkiyə və Azərbaycan Zəngəzuru ələ keçirmək istəyir. Yəni, qəzet müxtəlif mülahizələrlə ermənilərin Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsinə bəraət qazandırmağa çalışır. Hətta ASALA lideri olmuş Monte Melkonyanı azadlıq mücahidi kimi təqdim edir. Elə təsəvvür edin ki, bu məqaləni həyasız bir erməni jurnalisti yazıb.

İndi isə İsrail mediasına keçək.


“The Jerusalem Post” qəzeti indiyə qədər Azərbaycan haqqında onlarla xoşməramlı məqalə təqdim edib. Ancaq indi onların Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti xeyli dəyişib. Səbəb də bəllidir. Ermənistanın İsraildə səfirlik açması bu dəyişikliyə ciddi təsir göstərib. Həm də İsrail bu məqamdan istifadə edərək Türkiyəni vurur. Ancaq həmin zərbələr daha çox Azərbaycana dəyir. “The Jerusalem Post” nə yazır? Məqalənin adı belədir: “Is Turkey planning to recruit Syrians to fight Armenia?” (Türkiyə suriyalıları Ermənistanla savaşa səfərbər etməyi planlaşdırır?) Gördüyünüz kimi, yəhudilər yunanlardan daha insaflıdır. Onlar qəti fikir söyləmirlər, ancaq ehtimal olaraq bu fikri gündəmə gətirirlər.

Qəzet yazır ki, yüzlərlə suriyalı mühacir Türkiyə tərəfindən Ermənistana qarşı səfərbər edilib. İsrail qəzeti də Suriyaya bağlı mənbələrə istinadən belə yazır. Mənbəyin adı isə konkret göstərilmir. İsrail nəşri bildirir ki, Türkiyə və Yunanıstan mediası bu kimi şayiələrin geniş yayılmasına təkan verir. Türkiyə birmənalı və sərt şəkildə Azərbaycanın yanında yer aldığını bildirir və ən sərt şəkildə Ermənistanı hədələyir.

Qəzet yazır ki, sentyabrın 23-də Məcid Helobi adlı kürd jurnalist Suriyadakı mənbələrə istinadən fotolar yayıb. Onun iddiasına görə, 200 muzdlu döyüşçü Türkiyə tərəfindən Ermənistana yaxın əraziyə göndərilib. Sıravi döyüşçülərə ayda 500 dollar ödəniləcək. Zabitlərə isə xeyli yüksək maaş verilir. İsrail qəzeti iddia edir ki, Türkiyənin “Daily Sabah” nəşri Azərbaycanın işğal altında olan ərazilərinə YPG/PKK yaraqlılarının göndərilməsi haqqında xəbər yayıb. Guya bu yolla Türkiyə öz hərəkətlərinə bəraət qazandırmaq istəyir. “The Jerusalem Post” ”Eureporter” syatının bu məsələ ilə bağlı yazdığının üstündən sükutla keçir. Bu məsələ haqqında daha öncə isə Misir mətbuatında xəbər yaymasını da “The Jerusalem Post” görməzdən gəlir. Əvəzində yəhudi qəzeti Türkiyəni Suriya və Liviyanı işğal etməkdə suçlayır. Bir neçə dövlətin beynəlxalq səviyyədə tanınan ərazisini işğal etmiş İsrailin mətbu orqanı qardaş Türkiyəni işğalçı kimi təqdim etməyə çalışır. Halbuki Türkiyə Suriyanın və Liviyanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib.

İsrail qəzeti onu da bildirir ki, Aralıq dənizində fəallıq göstərən rəsmi Ankara Yunanıstan, Kipr, Misir, Fransa və BƏƏ-nin daha yaxın əməkdaşlığa sövq etdi.

Orasını da deyim ki, ortada Azərbaycan amili və rəsmi Bakı ilə İsrailin strateji müttəfiqliyi olmasaydı, bu məqalədəki ittihamlar daha kəskin olacaqdı.
Beynəlxalq şəbəkəyə sahib “Firat News Agency (ANF)” kürdlərə məxsusdur. Bu agentlik hələ iki ay öncə Türkiyənin Suriyada muzdla döyüşən yaraqlıları Azərbaycana göndərdiyi barədə xəbər yaymışdı.
BƏƏ-yə məxsus “Ahvalnews” saytı da eyni idda ilə çıxış edir.
Bəli, müharibə təkcə hərb meydanında getmir. Həm də təbliğat müharibəsində öndə olmağa çalışmalıyıq.

Bunun üçün isə sistemli şəkildə bu kimi dezinformasiyaları geniş yayılmasının və Azərbaycanın əleyhinə işləməsinin qarşısını almağa çalışmalıyıq. Necəsi də məlumdur. Bu işi peşəkarlara buraxmaq lazımdır.

Elbəyi Həsənli, Sürix

https://www.jpost.com/middle-east/is-turkey-planning-to-recruit-syrians-to-fight-armenia-643628
https://tsarizm.com/news/central-asia/2020/07/19/reports-turkey-sending-syrian-mercenaries-to-azerbaijan-to-fight-armenia-ankara-baku-deny/
https://ahvalnews.com/turkish-proxy-groups/turkey-deploys-syrian-fighters-azerbaijan-greek-city-times#
https://www.globalresearch.ca/video-turkish-based-syrian-militants-prepare-participate-azerbaijani-armenian-conflict/5724593












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.