MÜHARİBƏ, DAVAM EDƏCƏKMİ? BUNDAN SONRA NƏLƏR BAŞ VERƏCƏK?- Proqnoz-təhlil

1-10-2020, 08:09           
MÜHARİBƏ, DAVAM EDƏCƏKMİ? BUNDAN SONRA NƏLƏR BAŞ VERƏCƏK?-
Əvvəla, çoxlarının beynində yaranan suala cavab verməyə çalışaq:
Niyə dünən, gün ərzində hansısa ərazi və ya məntəqənin alınması xəbəri gəlməyib? Bu, nə deməkdir? Uğursuzluqdur, yoxsa normaldır?

Öncə bunu nəzərə alaq ki, 27 sentyabrda, yəni ilk gün; cəbhə, bütün istiqamətlərdə olmasa da, xeyli istiqamətdə yarıldı və ümumilikdə təxminən 150-200 km kvadrat bir ərazi təmizləndi. Ən əsası, Murovdağ başda olmaqda, önəmli, strateji məntəqələr ələ keçirildi. Bu, ilk gün üçün və "betonlaşmış ön xətti" yarmaq baxımından, uğurlu nəticə sayıla bilər.

Bəs niyə gün ərzində hansısa real nəticə yoxdur?
Birincisi, nəzərə almalıyıq ki, qarşımızda; döyüşməyə, bizim qədər qərarlı olmasa da, müəyyən ideologiya və ideya ilə bəslənən minlərcə adam var. Biz, o torpaqların, özümüzün olduğuna əminiksə, onlar da, biz qədər olmasa da, Qarabağın özlərinin olmasına inanırlar, "beyinləri bu cür yuyulub".
Və onların arsenalındakı ehtiyat və texniki təchizat, bizdən aşkar şəkildə zəif olsa da, o qədər də bərbad deyil. Ən azından, Rusiyanın pulsuz və ya güzəştlə verdiyi ciddi silahlar var.
Və onu da nəzərə alaq ki, ilk günkü uğursuzluq və itkilərdən sonra, onlar, bütün güclərini, potensiallarını, cəbhə xəttinə yerləşdirəcəkdilər, yəni dünəndən başlayaraq "ölüm-dirim savaşına" girişmələri, labüd idi. Buna görə də Azərbaycan ordusunun hazırda ciddi dirənclə qarşılaşması, heç də gözlənilməz deyildi.
Onu da nəzərə alaq ki, dağlıq ərazilər və hündür məntəqələr, bəzən ağır artilleriya qədər avantajlı ola bilir. Yəni səndən, məsələn 1000 metr hündürlükdəki düşmənin əlindəki avtomat, sənin əlindəki topdan daha effektiv ola bilir.
Digər mühüm amil də budur ki: hücum etmək, müdafiədə oturmaqdan daha çətindir.
Çoxlu faktorlar var.
Və elə şəhid sayının da indiyəqədər onlarca olması, tamamilə təbiidir. Biz 100 atanda, onlar da 50 atacaqlar. Onlardan 10 nəfər öləndə, bizdən də 5 nəfər gedəcək. Bu, qaçılmazdır.
Amma, qeyd edim ki, qarşıdakı 2 gün, çox önəmlidir. Yəni bu gün və sabah. Bu 2 gün ərzində; düşmənin müqavimətini qırsaq və xüsusən də Fizuli və Ağdərəni alsaq, bu, Ermənistanı həm hərbi-strateji, həm də psixoloji olaraq sındıracaq. Sözügedən 2 rayonu ələ keçirmək, qalan bütün ərazilərin hamsını ələ keçirməkdən daha çətin və daha önəmli olacaq. Ələ keçirilsə, artıq, iş, xeyli asanlaşacaq və demək olar ki müharibənin taleyi həll olunacaq.

Proqnoz: sosial şəbəkədəki profilimdə, mən azı 3 aydır ki müharibədən danışırdım və ordumuzun, ərazilər ələ keçirəcəyindən bəhs edirdim. Hətta iyul döyüşlərindən öncə demişdim ki yaxında, olduqca ciddi hadisələr baş verəcək. Ciddi hadisələr deyəndə, əlbəttə ki xüsusən 2 hadisəni nəzərdə tutmuşdum: bunlardan biri müharibə idi.

Yeni proqnozum isə budur: bu müharibə, sona qədər davam etməyəcək! Yəni məntiqsal-intuitiv olaraq, bu, inandırıcı görünmür.
Heç düşünürsüzmü ki, həftələrcə savaş, davam edir və ordumuz, 16 min kvadrat kilometlik bir ərazini xarabaya çevirir və on minlərcə şəxsi öldürür?
Bu, real deyil. Yəni, təbii ki ordumuz və xalqımız, sona qədər getməyə qadirdir. Lakin XXI əsrdə, Qafqazda- bu qədər strateji bir məkanda, uzun müddətli bir müharibə və az qala bir xalqın və özü də Rusiyanın vassalı olan bir xalqın, darmadağın ediləcəyi, inandırıcı görünmür.

Bəs nə olacaq? Yenə Rusiya, bizim planlarımızı yarımçıqmı qoyacaq?
Xeyr, sadəcə olaraq, Paşinyan və erməni toplumu, ciddi və ağır zərbələrdən sonra, fakt qarşısında qalacaq, gücsüz və yetərsiz olduğunu dərk edəcək, eqosu sınacaq! Bu da onları, güzəştlərə açıq hala gətirəcək. Nəticədə, təslimçi sülhə razılaşacaqlar.
Və bu da, ilkin mərhələdə ən az 5 rayonun dərhal boşaldılması deməkdir. Sonrakı mərhələdə isə digər ətraf rayonlar boşaldılandan sonra, Qarabağın daha aşağı statusunun müzakirəsi, aktuallaşacaq.
Ancaq bir məsələ var; psixoloji və strateji üstünlük, Azərbaycanda olacaqsa da, lakin, Ermənistanın bir avantajı var: əhali üstünlüyü! Ordakı əhali durumu, ən azı bir neçə il belə qalacaq. Çünki orda, on minlərcə erməni yaşayır və çoxlu sayda azərbaycanlının oraya qayıtması, qısa müddətdə real deyil. Buna, ciddi hazırlıq və zaman lazımdır. Üstəlik də baş, hələki digər rayonların boşaldılmasına qarışacaq.

Nəticə
Azərbaycan, bu əməliyyatları, ən azı 1 həftə davam etdirməklə, 7 rayonun qaytarılmasını qarantiya altına alacaq. Dağlıq Qarabağa aid rayonlara sahib olmaqda isə ən azından, müştərək hüquqa sahib olacaq.
Lakin əhali üstünlüyü səbəbindən, hələki Dağlıq Qarabağın birbaşa qayıtması real olmayacaq.

Açar amil:
Bu günkü müharibədə açar amil məhz, Azərbaycan ordusunun sona qədər gedib-getməməsi olacaq. Yəni, əgər ordumuz, 2-3 həftə müharibə aparıb, bütün işğaldakı əraziləri qaytarsa, Azərbaycan dövləti, artıq, Dağlıq Qarabağda da tam söz haqqına sahib olacaq və ermənilər, ən yaxşı halda, orda məskunlaşmaq haqqı əldə edə biləcəklər.
Lakin, fikrimcə buna imkan verilməyəcək və xüsusən də Rusiyanın müdaxiləsilə, savaş, sona qədər davam etməyəcək. Çünki, Rusiya, Ermənistanın "ətini yesə də sümüyünü ata bilməz". Rusiyaya, indi, Paşinyanı devirmək və erməniləri, özündən asılı vəziyyətə salmaq lazımdır, Ermənistanı darmadağın etmək və göz görə-görə Azərbaycana yem etmək, ona sərf etməz.
Beləliklə; müharibə, hələ günlərcə davam edəcək, təxmini olaraq 5-7 gün sürməsi, daha güclü ehtimaldır. Çünki hələki Ermənistanın dirənci davam edəcək və bu dirənci qırmaq, ən az 3-4 gün sürəcək. Sonrakı 3-4 gündə isə ərazilərin əksər qismi təmizlənməlidir.
Məhz bundan sonra, yəni Azərbaycan, istədiyini əsasən əldə edəndən sonra, psixoloji-hərbi-strateji üstünlüyə sahib olandan sonra, beynəlxalq güclər, xüsusən Rusiya işə qarışacaq və müharibə dayanacaq.
Müharibənin sona qədər davam etməyəcəyini şərtləndirən amillərdən biri, Ermənistanın təslim olmaq məcburiyyətində olmasıdır. Digər amil də, on minlərcə erməninin, Dağlıq Qarabağda yaşaması və orda, daimi və ən az yüz illik sakin olmasıdır.
Müharibə, oraya qədər çatsa; onlar, ya ölməli ya da qaçmalı və əllərindəkini itirməli olacaqlar.
Odur ki, hazırki psixoloji-siyasi amillər, on minlərcə erməninin ölməsinə və ya qaçqın düşməsinə, qarşı olacaq şəkildədir.

Yekun olaraq; Ermənistan, bir neçə gün sonra təslim olmaqla, əslində Dağlıq Qarabağı tamamilə itirməməyi qarantiya altına almış olacaq.
Hər halda məntiq onu deyir ki Paşinyan, nə qədər zəif siyasətçi olsa da, müharibənin sona qədər davam etdirilib, Dağlıq Qarabağın tamamilə itirilməsinə getməz. Məhz orda söz haqqını qorumaq üçün, hərbi əməliyyatlar- Xankəndinə, Şuşaya, Hadruta, Laçına gəlmədən, ağ bayraq qaldıracaq.

P.S. Dəyərli xalqım! Bu, müharibədir və qurbanlara hazır olmalıyıq. Təbii ki, bu gün etibarilə onlarca şəhid vermişik. Lakin 90-cı illərdə, on minlərcə qurban verib 16 min kvadrat kilometr ərazi itirmişiksə və bu gün yüzlərcə şəhid verib onu geri qalmaq şansı varsa bunu dəyərləndirməliyik və tarixi məsuliyyətimiz baxımından bu, qaçılmazdır!
Yaşasın Azərbaycan dövləti və Azərbaycan ordusu!
Bu gün, iqtidar ya da müxalifət yox, dövlətçilik və milli mənafe məsələsi aktualdır!

Yunis Dürüst, filosof-alim
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.