Rusiyalı ekspertlər Maksim Şevçenko və İqor Korotçenko hədələnir - NİYƏ SUSURUQ?

31-10-2020, 12:40           
Rusiyalı ekspertlər Maksim Şevçenko və İqor Korotçenko hədələnir - NİYƏ SUSURUQ?
Rusiya mediasında yetərincə təsir imkanlarına malik olan, telekanallarına özlərinə yaxın politoloqları çıxara bilən ermənilər bizi müdafiə edən tək-tük rus təhlilçiləri sıxışdırmağa başlayıblar. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycanın aşkar üstün hərbi gücündən danışan tanınmış rusiyalı hərbi ekspertlər Maksim Şevçenko və İqor Korotçenko açıq şəkildə hədələnirlər.

Qarabağda gedən müharibə ilə bağlı obyektiv təhlillər verən, o sırada işğalçı ordunun məğlubiyyətə məhkum olduğunu deyən və hadisələri rus auditoriyasına dürüst çatdıran analitiklərə təzyiq olunması nəzərimizdən qaçmamalıdır. Həm Şevçenko, həm Korotçenko görməlidirlər ki, Azərbaycan onların bizim haqlı mövqeyimizi müdafiə etdiklərini görür, alqışlayır.

Əslində Rusiya Cənubi Qafqazda təsirli amil olsa da, ümumi mənzərə 1988-1994-cü illərlə müqayisədə köklü dəyişib. O zaman hamı acgözlüklə Moskva qəzetlərini oxuyur, Moskva televiziyasına baxır və hər məqalədə, hər verilişdə yazılan və səslənən hər sözdə hansısa bir dərin məzmun axtarırdı.

İndi isə fərqli dövrandır, bəzi rus TV-lərində gedən tok-şoular rus cəmiyyəti tərəfindən ciddi qarşılanmır. Bu mənada efirə çıxan hansısa ermənipərəst politoloqun əleyhimizə çıxışı bizi çox da məyus etməməlidir. Amma Şevçenko kimi Azərbaycanın hərbi gücünü hər dəfə öz xalqına çatdıran politoloqları da qiymətləndirmək lazımdır.

Bununla belə, telejurnalist Turan İbrahimovun fikrincə, rus ekspertlərin müdafiəsi üçün xüsusi dəstək kampaniyasına zərurət yoxdur. Bu barədə fikirlərini “Yeni Müsavat”a bölüşən T.İbrahimov hesab edir ki, hər iki rus politoloqu şəxsən tanıyır və onların potensialına bələddir.

“Azərbaycanın haqlı davasını, mövqeyini müdafiə edən rus ekspertlər bu təzyiqləri qabaqcadan gözə alıblar. Həmin ekspertlərlə şəxsən təmasda olmuşam, söhbətləşmişəm. Onların nə üçün bizi müdafiə etdiklərini yaxşı bilirəm. Əslində bir çoxu haqlı olduğumuzu gözəl bilirlər, sadəcə, susurlar, ya da neytral mövqedə dayanırlar. Adını çəkdiyiniz rus ekspertlər isə xoş olmayan təzyiqlərə hazırlıqlıdırlar, hansı addımlar atacaqlarını da gözəl bilirlər”, - deyə media mütəxəssisi qeyd etdi.

Onun sözlərinə görə, indiki şəraitdə onlara açıq yardım, dəstək kampaniyası bizə müsbət dividend qazandırmaz: “Bu, haqlı mövqeyimizə olan əminliyimiz baxımdan zərərli ola bilər. Amma Rusiyadakı imkanlı azərbaycanlılar onlara tək olmadıqlarını lhər hansı şəkildə hiss etdiməlidirlər. Əminəm ki, bu belədir, azərbaycanlılar onların arxasındadır, ona görə həmin ekspertlərin səsi gəlməkdə davam edir”.

Politoloq Azad Məsiyev erməni lobbisinin nəinki Rusiya, eləcə də Avropa və Amerikada kifayət qədər fəal olduğunu, Azərbaycanı müdafiə edənlərə təzyiqlər göstərdiyini qeyd etdi. Siyasi şərhçi erməni diasporu aktiv olduğu ölkələrdə Azərbaycanın haqlı mövqeyini qoruyan medianı və politoloqları şantaj etdiklərini açıqladı.

“Onların niyyəti budur ki, ədaləti müdafiə edən adamları sıxışdırsınlar, bizim səsimiz eşidilməsin. Bu mərkəz Ermənistanın siyasi rəhbərliyi tərəfindən idarə olunur. Amma dünya ermənilərdən ibarət deyil.

Ona görə Azərbaycan diasporu bu sahədə mövqeyini ortaya qoymalıdır, haqqı müdafiə edən insanlara dəstəyini ifadə etməlidir", - deyə o qeyd edib.

A.Məsiyev bildirdi ki, Moskvada kifayət qədər nüfuzlu şəxslərimiz, diasporumuz var. O, bu məsələyə reaksiya verilməsini zəruri sayır: “Bu məsələdə vacib mövqe nümayiş etdirilməlidir. Həmçinin, Xarici İşlər Nazirliyi, Rusiyadakı səfirliyimiz mövqeyini bildirməlidir. Onlara hər baxımdan dəstək olmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.