Pul paylamaq monopoliyası

27-11-2019, 10:17           
Pul paylamaq monopoliyası
“Borc mini aşdı, hər axşam paxlava ye”

(Azərbaycan ata sözü)

Bir nəfər messenat, bəlkə də başdanxarab qurğu qoyub camaata pul paylayırdı, imkan vermədilər. Düzdür, əslində qurğu guya kiçik kredit, borc verirdi, 20 manat qoyub 21 manat qaytarırdılar, daha sonra 40 manat və 1000 manata qədər almaq, faiziylə qaytarmaq olurmuş. Ancaq pulun qaytarılması mexanizmi demək olar yox idi. Qurğuya yalnız şəxsiyyət vəsiqəsini və barmaq izini göstərib pul alırmışlar. Bizdə də bunlar ən mənasız sənədlər və məlumatlar sayılır. Axtarsan orta statistik azərbaycanlının əl izləri Marian çökəkliyinin dibindən də çıxar. O üzdən mən qurğuların yiyəsini girişdə “idiot” adlandırdım, çünki camaat pulu alıb faktiki aradan çıxırdı. Qaytarmasalar nə edəcəksən? 20 manata görə adam tutsalar türmədə yer qalmazdı. Lap tut. Camaata elə bu lazımdır, bizdə türmə aləminin xüsusi romantikası var. Görürsən hansısa manıs yatır-çıxır, artıq manıs aləmində qaydalara baxır. Uşaqlar məktəbdə partanın üstünə ulduz şəkli çəkirlər, ancaq bayrağımızdakını yox, türmə aləmindəki ulduzu. Tərslikdən hər ikisi səkkizguşəlidir. (Dəli şeytan deyir, respublikamızı da dünya dövlətlərinin “vor-zakonu” elan eləyək).

Ya da ola bilərdi qurğunun da öz “qurğusu” vardı, misal üçün, camaatın əl izləri və şəxsiyyət vəsiqələrinin surətləri ilə başqa çirkli əməliyyatlar həyata keçirirmişlər. Məsələn, o vəsiqəni 20 manata “alıb” başqa yerdən həmin sənədlə 2 min manat kredit alırmışlar. Hər halda, həmin qurğuların peyda olması özü sirr içində idi, çünki bizdə pul alıb-satmaq faktiki bank fəaliyyətidir, bunun üçünsə xüsusi icazə-zad lazımdır. İndi bağlamaqla iş bitmir, araşdırmaq lazımdır ki, bunlar ümumiyyətlə necə ortaya çıxmışdı. Sən metronun qabağında iki nəfər toplaşmaq üçün icra hakimiyyətinə ərizə, məktub, qəbz, vəsiqə, yalvarış, sevgi məktubu, minnət, sünnət, teleqram, mesaj, votsap, inbox, dua, qarğış, cadu, roman, poema, bayatı, ağı və sairə yazmalısan, adam isə eşşək boyda qurğular quraşdırmışdı. Bəlkə də qurğunun içində kimsə oturub vətənə xəyanətlə məşğul olurdu, nə biləsən...

Uzun sözün qısası, hökumət qurğuları bağladı. Özləri yemir, imkan vermirlər başqaları da yesin. Paxıllıqdır. Bəlkə xeyirxahlıq da inhisara alınıb? Fikirləşirlər, burada pulu camaata yalnız biz paylaya bilərik, başqalarının ağzı nədir...

Oxşar durum avtomobil bazarında da var. Gömrük rüsumlarını yüksək ediblər ki, guya camaat xaricdən maşını az gətirsin, yerli avtomobil sənayemiz inkişaf eləsin. Ancaq il qurtarır, baxırsan 3-4 “zavodun” (xaricdən hazır gələn hissələri bərkidən anbar-sexlər niyə yekə-yekə zavod adlanır, bunun özü maraqlıdır) istehsalı 2000 ədədi keçməyibdir. Onları da satmaq olmur, qalıblar anbarda. Mollalara, Qarabağ əlillərinə, şairlərə-zada neçəsini “hədiyyə” edəcəksən? (“Hədiyyə”ni ona görə dırnaqda yazdım ki, əslində dövlət büdcəsindən pulu ödənən o maşınlar elə xalqın cibindən çıxır. Di gəl, xalqın bundan “cırt” qədər xəbəri yoxdur). Dövlət orqanı əməkdaşlarına bu maşınları xidməti avtomobil kimi vermək planı da iflasa uğrayıb. Təsəvvür elə, hətta rayon icra hakimlərinin müavinləri belə bu maşınları bəyənmir. İnsafən, icra başçısı 250 min manatlıq maşında fırlanırsa, onun müavini niyə 10 minlik “drandulet”də gəzsin? Camaat arasında hörməti beş qəpiklik olmaz. Bizim camaat insanlara maşının yekəliyinə görə hörmət qoyur. Ağlınız İsveçə-Misveçə getməsin, bizdə məmur ucuz maşınla idarəyə gəlsə qəbuluna bir köpəyoğlu da yazılmaz, deyərlər bu heç özünə gün ağlamayıb, bizim yaramıza nə “piş” edəsidir. Velosipedlə gəzsə hətta daşqalaq edərlər. Yaxın tariximizdə örnəyi var: bir nazir tez-tez velsəpet sürürdü, axırı nə oldu? İndi elə yerə keçiriblər, kimsə maraqlanmır qardaşımız nə sürür, nə sürmür. Vicdansız xalqdır. Bir gedin baxın, bəlkə təkərin zənciri çıxıbdır? Bunlar idarəçilikdə vacib kriteriyalardır.

Həmçinin icra başçısının maşınını satıb həmin pulla yerli istehsaldan onlarla maşın almaq mümkündürsə, orada sənayenin inkişafı mümkün deyil.
siam.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.