Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!

28-09-2020, 08:19           
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Bir gözəl payız günü-27 sentyabrı ayaq səslərinə oyandım, Azərbaycan əsgəri! Onsuz da kəndimizdən gələn xəbərlər uyumağa qoymamışdı. Həm də təkcə mən yox, otaylı-butaylı Azərbaycan oyandı, sənin torpağımızı və qəlbimizi titrədən ayaq səslərinə oyandıq, mənim əzizlərim, doğmalarım-Azərbaycan əsgərim! Bir ayağın Kiçik Qafqazın ən yüksək zirvəsində - Murovda, bir ayağın Arazın sahilində. Bu yerlər öz doğmalarının ayaq səslərinə, nəfəsinə 30 ildi həsrət idi. Murovun zirvəsi sizi görəndə o hündür boyunu bir az da qaldırıb sənin ondan da böyük boyuna baxdı, sevindi, qürrələndi, zirvəsində gözü tutulan bulaqlar sevincdən ağlayıb, bu payız günündə gözündən nur tökdü. Onsuz da yaralı olan Arazın yaralarına məlhəm oldun, Azərbaycan əsgərim!

Ayaq səsini daha bir zirvə-Cıdır düzü də eşitdi, ümidləndi, bir az rahatladı ki, bu ayaqların növbəti addımı Şuşada atılacaq, nəhayət o zərif Xarı bülbülü doğma əllər dərib sevgililərinə götürəcək.

Canını qoydun bu yolda əsgərim. Sən tarix yazdın, vətənin azadlıq tarixini. Düşməndən azad etdiyin bu yerlərin keçmiş sakinləri geri dönəndə birinci səni yad edəcəklər, hamımız yad edəcəyik, ömür boyu, vətənimz, dövlətimiz var olduqca.

Dünya binnət olandan onun ən məşhur tarixini əsgər yazıb. Sən də bu gün illərdir həsrət qaldığımız yurdumuzun kiçik də olsa bir parçasını özümüzə qaytarmaqla bizim ən yaxşı tarixi yazdın, Azərbaycan əsgəri!

Yaz əsgər, yaz bu millətin tarixini!

İlham İsmayıl

Birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant, ikinci qrup əlil












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru