Səfəvilər məzhəbçi idilərmi? - Faktlara nəzər yetirək I hissə

3-06-2023, 09:54           
Səfəvilər məzhəbçi idilərmi? -
Tarix elmləri doktoru, professor Anar İsgəndərov yazır: “Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi bir dövrüdür. Bu dövlət Azərbaycan tarixində uzunmüddətli fasilədən sonra, ilk dəfə olaraq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) düşüncə tərzini bizə qaytardı.
Amudəryadan Sırdəryaya, Fəratdan Dəcləyə, Şimali Qafqazdan İran körfəzinə qədər geniş əraziləri özündə ehtiva edən nəhəng dövlət quruldu. Səfəvilər böyük bir imperiya yaratdılar. Amma bu imperiya, digərlərindən fərqli olaraq, heç bir xalqın dini inanclarına, milli dəyərlərinə toxunmadı, ölkədəki etnik rəngarəngliyi pozmadı.
Dövlətin paytaxtında hansı qanunlar işləyirdisə, ucqarlarda, qeyri-müsəlman, qeyri-türk vilayətlərində də həmin qanunlar tətbiq olunurdu. Səfəvi dövləti haqqında nə qədər yazılsa, yenə də azdır. Bu dövlət Vətən tarixinin ən uzunömürlü sütunlarından biri olmuşdur”.
Lakin təəssüf ki, bəzən Şah İsmayılı və Səfəviləri məzhəbçilikdə, dini ayrı-seçkilik siyasətində ittiham edənlər də olur. Tarix onların yazdıqlarını və dediklərini təsdiq edirmi? Faktlara diqqət yetirək:
1. Şeyx Cuneyd Səfəvi (1429–1460) şiə olduğu halda, Qaraqoyunlu hökmdarı şiə Cahan şah Baranlının (1397–1467) deyil, Ağqoyunlu hökmdarı sünnü Həsən padişah Bayandurun (1423–1478) yanına getmiş, onunla qohumluq və dostluq münasibətləri qurmuşdu. Məzhəbçi dini lider belə seçim edərdimi? Sözsüz ki, yox!
2. Şeyx Cuneyd Səfəvi 1459-cu ildə Ağqoyunlu hökmdarı Həsən padişahın bacısı Xədicə bəyimlə ailə qurmuşdu. Bu nikah bağlananda Şeyx Cuneydin şiə olduğu hamıya bəlli idi. Özü əhli-sünnə etiqadında olan Həsən padişah Şeyx Cuneydi məzhəbçi və sünnü düşməni hesab etsəydi, sevimli bacısını ona verərdimi? Sözsüz ki, yox!
3. Şeyx Heydər Səfəvinin (1460–1488) də şiə olduğunu bilən Həsən padişah təxminən 1483-cü ildə onu öz qızı Aləmşahbəyim xatunla (1460–1522) evləndirmişdi. Müdrik və çox ağıllı hökmdar olmuş Həsən padişah Şeyx Heydəri qatı məzhəbçi kimi tanısaydı, qızını ona verərdimi? Sözsüz ki, yox!
4. 1488-ci ildə baş vermiş Təbərsəran döyüşündə Şeyx Heydər Səfəvi Ağqoyunlu sərkərdəsi Süleyman Bəyçioğlu (?–1492) ilə qarşı-qarşıya gəlmişdi. “Şeyx nizəsi ilə o dəyərsizi at üstündən yerə salıb qara torpaqla bir etdi. Bəyçioğlu onu tanıyıb yalvardı ki, qanından keçsin. Sultan Heydər də kifayətlənib onu qətlə yetirmədi”. Tarixdən məlumdur ki, məzhəb savaşlarında “din naminə qətl” prinsipinə həmişə riayət olunmuşdur. Şeyx Heydər fanatik məzhəbçi olsaydı, düşmən ordusunun sərkərdəsinə rəhm edərdimi? Sözsüz ki, yox!
5. 1500-cü ildə baş vermiş Cabanı döyüşündə Şah İsmayıl Səfəvi Şirvanşah Fərrux Yəssarı (1441–1500) məğlub edib Şamaxı şəhərinə daxil olmuşdu. Amma o, bu şəhərdə nə kütləvi qətliam törətmiş, nə də zor gücünə əhalinin məzhəbini dəyişdirmişdi. Bəllidir ki, Səfəvilər dövlətinin sonunadək, yəni XVIII əsrin birinci yarısında da Şamaxı camaatının əksəriyyəti əhli-sünnə etiqadında idi. Şah İsmayıl radikal məzhəbçi olsaydı, yerli əhali ilə belə mülayim rəftar edərdimi? Sözsüz ki, yox!
6. 1501-ci ildə Şah İsmayıl Səfəvinin qoşunu Bakı şəhərini mühasirəyə almışdı. Şirvanşahın Bakıdakı qarnizonuna Fərrux Yəssarın gəlini rəhbərlik edirdi. Həmin qadının əmrilə Şah İsmayılın elçisi və sülh tərəfdarı olan şəhər darğası Əbülfəth ağa vəhşicəsinə qətlə yetirilmiş, onların cəsədləri təhqir edilmişdi.
Buna baxmayaraq, Bakı şəhərini birbaşa hücumla ələ keçirmiş qızılbaşlar orada kütləvi qırğın törətməmiş, zorakılığa yol verməmişdilər. Şah İsmayıl fanatik məzhəbçi olsaydı, belə bir humanizm nümayiş etdirərdimi? Sözsüz ki, yox!
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.