Stres çox, vaxt az – Olan da “Əxlaqsızlıq yuvası”

14-12-2019, 03:13           
Stres çox, vaxt az – Olan da “Əxlaqsızlıq yuvası”
Vaxtilə Əbdürrəhman Vəzirovun “Yoldaş Azərbaycan xalqı, hamam tikin” məşhur ifadəsi lətifəyə çevrildi, amma o, nə qədər haqlı imiş

Bakı olduqca gərgin şəhərdir. Alyaskadan geri dönərkən bunu elə hava limanında hiss etdim”. Haradasa 10 il öncə ABŞ-da təhsil alıb Bakıya qatıdan bir nəfərdən müsahibə alarkən bu ifadəni işlətmişdi.

Böyük şəhərin hər günü bir problemdir
Hər bir meqapolisin gərginlik dərdi var. Axı necə gərgin olmayasan? Səhər işə gedərkən bir tıxacda qalırsan, axşam da evə dönərkən də başqasında. İşdə əsəbiləşirsən, evdə dalaşırsan. Günorta istədiyin bir yemək əvəzinə başqasını çatdırırlar. Müdir də danlamağa bir bəhanə axtarır. Maşın xarab oldusa, naşı ustanın qurbanına çevrilirsən. Qazandığın pulu da ürəyincə xərcləyə bilmirsən. Ya müəllim günü başının üstünü alır, ya da 8 mart.

Böyük şəhərin hər günü bir problemdir. Ortabab insan da bu ağırlığı dəf etmək üçün gündəlik stres keçirir. Bir il, iki il, beş il ötür, nəticədə iri bir xəstəlik paketi qazanır. Fərli-başlı bir tibbimiz də yoxdur. Dəyərli müalicə almaq özü bir qəhrəmanlıqdır.

İstirahət etməyin özü də asan məsələ deyil. “Hara gedəsən, necə dincələsən” sualını özünə yəqin, hər bir insan verir, amma doğru cavab tapa bilməyən də az deyil. Sovet dönəmində kino və teatra getmək insana əsl zövq verirdi, çünki məşhur fransız aktyoru Alen Delonun yeni filmini yalnız kinoteatrda izləmək olardı, televiziyada onun yalnız köhnə filmləri verilirdi. O da həmişə yox, bayramdan bayrama, ya da “Retro” kinozalında.

İmkan az olduğundan hər kiçik əyləncə növü indinin möhtəşəm şousuna bənzəyirdi. “Neftçi”nin oyununa düşmək bir xoşbəxtlik sayılırdı. Bilet zad da tapılmırdı. İndiki kino o kinodan deyil, nə qədər istəsən internetdə baxa bilərsən. Kino da, teatr da, futbol da oradadır. Heç maraqlı da deyil.

Əhalinin yarısı gününü hamamda keçirir, stres zad nədir bilməzlər
Ölkədə stres atmaq, istirahət etmək mədəniyyəti isə tam formalaşmayıb. Hamı işdə-gücdədir, istirahət də işdədir, həyatımız da. Sovetdən gələn bir düşüncə ilə hələ də marketdən mal alıb ev-eşiyin küncünü doldururuq, axtarsan, bəlkə də hər evdə ehtiyat 20-30 şam, 1-2 nöyüt lampası tapılar. Elə bilirik, o dövrün qıtlığı yenə də təkrarlanacaq. Bu qorxu, stresdən yaxa qurtarıb pulumuzu canımıza xərcləsək, ölənəcən xəstələnmərik bəlkə də.

Kimi dindirsən, deyir, problemim, dərdim çox, vaxtım isə azdır, istirahət edə bilmirəm. Bir müddət sonra da görürsən, xəstəxananın qapısını kəsdirib. Amma ölkə var, oranın insanı gərginlik, stres nədir, bilmir. Niyəsinin bir əsas səbəbi var: sağlamlığı puldan üstün tuturlar.

Finlandiya vətəndaşı həmişə sakit, mehriban və nəzakətlidir. Nə işə gecikər, nə də görüşə. Temperament baxımından finləri hətta melanxolik tipinə aid etmək olar. Bunlarda gərginlik deyilən əlamət yoxdur. Bir tərəfdən təbiətən belədirlər, digər tərəfdən həftədə 3 dəfə hamama getməyə adət ediblər. Məşhur fin saunası dünyanın hər yerində var, Finlandiyada isə hər tinbaşı rast gələrsən. Şəxsi evi olan finin mütləq saunası da olacaq. Əgər birdən ümumi hamama gedə bilməsə, evində yararlana bilsin.

Hamama getmək, orada dincəlmək hamıya əlçatandır. Gərginliyi hamamda qoyub evinə dönə bilərsən. Hamam mədəniyyəti təkcə Finlandiyada yox, dünyanın bir sıra ölkəsində geniş yayılıb. Almanlar imkan düşən kimi özlərini hamama verməyi sevirlər. Koreyanın paytaxtı Seulda isə əhalinin yarısı gününü hamamda keçirir. Həm fiziki cəhətdən istirahət etmək olar, həm də ruhun dincəlməsini təmin etmək. Koreyalıların gərginlik nə olduğunu bilmədikləri elə ilk söhbətdən aydın olur. Stres zad nədir bilməzlər.

Varlı qadınların hətta yükünü hamama qədər daşıyan işçiləri də olub
Hamam deyəndə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri göz qarşısına gəlir. Orada bir neçə dəfə hamam səhnəsinə rast gəlirik. Bir dəfə qoçu Əsgər səhvən qadın hamamına girəndə onun oradan qovulması, bir də Məşədi İbadın bəylik hamamı ilə bağı kadrlara filmdə əksini tapıb. Yəni o dövrün hamamları olub axı, özü də az olmayıb. Kişilər yığışıb hamama gediblər. Varlı qadınların hətta yükünü hamama qədər daşıyan işçiləri də olub.

Bu gün paytaxt Bakının və bölgələrin böyük bir dərdi var – hamamsızlıq dərdi. Hamamımız var, az deyil. Axtarsan, taparsan. Amma 4 milyonluq şəhər üçün, demək olar, yox kimidir. Elə həmin Finlandiyada 5,5 milyonluq əhaliyə 3,3 milyon sauna düşür. Sauna hətta ofislərdə də inşa edilib.

Bizdə isə hamam yox kimidir, hətta internetdə araşdırsaq, vur-tut 10-15 hamamın adı üzə çıxır. İnsanların gedəcəyi hamamların sayı ya azdır, ya da onlar adi insan üçün əlçatan deyil. Hamam var, çox əladır, hər şəraiti var, amma qabaqcadan yazılmasan, heç gecə 2-də belə yer yoxdur. Hamam gərək hər kənddə, hər qəsəbədə, hər yeni inşa edilən bina kompleksində olsun. Əlçatan, yaxın və münasib qiymətə. Əgər evinə yaxın yerdə bir fərli hamam yoxdursa, deməli heç yoxdur. Canına isti dəymirsə, heç olmasa, ayda bir dəfə belə bir yerdə dincələ bilmirsənsə, deməli, həyatdan zövq almaq imkanından məhrumsan.

Balaxanıda tapılmış hamam tariximizin bir sıra məqamlarını "təmizə çıxaracaq"
Məsələnin həm də psixoloji tərəfi var. Sovetdə hamam az olsa da, hamının sevdiyi bir məkan idi. Sonralar köhnə hamamlar bağlandı, yeni quraşdırılanların adı isə bədnam oldu. Yəni hazırkı dövrdə müasir hamam və saunalara həm də “əxlaqsızlıq yuvası” damğası vurulub. Ara-sıra polis də bu yerlərə “hücum” təşkil edir, kimisə qapazlayıb bölməyə aparır, sənəd tələb edib “xox” gəlir.

“Əxlaqsızlıq yuvasına” axı kim gedər? Elə gərginlikdə yaşamaqla, xarici filmlərdəki gözəl istirahət mərkəzlərinə, hamamlara baxmaqla təskinlik tapırıq.

Vaxtilə Azərbaycana qısa müddət rəhbərlik etmiş Əbdürrəhman Vəzirovun məşhur ifadəsi varmış – “Yoldaş Azərbaycan xalqı, hamam tikin!”. Vəzirovun bu sözü o zaman yaman söz-söhbətə səbəb olmuşdu. Azərbaycan dilini zəif bildiyindən oxşar ifadələri xalqın arasında bir çox lətifənin yaranmasına səbəb olmuşdu.

Amma bu gün bazar iqtisadiyyatı dediyimiz bir dövrdə yaşasaq da, hamamımız necə yox idisə, heç yenə də yoxdur. Ya gərək qolumuzu çırmalayıb özümüz tikək, ya da Koreya və Finlandiyadan bir dəstə mütəxəssis gətirək. Bəlkə onda gərginlikdən azad olub dincələrik.
sputnik.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.