Xırdalanda binaların həyəti bazara çevrlib- İcra başçısının vecinə deyil - İDDİA/FOTO

30-06-2020, 02:12           
Xırdalanda binaların həyəti bazara çevrlib- İcra başçısının vecinə deyil    - İDDİA/FOTO
Üfunətdən evlərində rahat ola bilməyən, gəzişməyə yer tapmayan sakinlər Leyla Əliyevadan kömək istəyirlər

Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1A ünvanında yerləşən, “R+R” MTK-ya məxsus binanın sakinləri, şəhərin Mərkəzi Bazarından şikayətçidirlər. AYNA-ya danışan bina sakinlərinin sözlərinə görə, binanın həyatyanı sahəsi bazar rəhbərliyi tərəfindən faktiki olaraq bağlanılıb, hərəkət məhdudlaşdırılıb.

Sakinlər dəfələrlə bu barədə bazar rəhbərliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin problemin aradan qaldırılması istiqamətində heç bir addım atılmadığını deyirlər: “Bazarın önündə yerləşən binanın həyətində də satış piştaxtaları quraşdırılıb. Bazar rəhbərliyi həyətimizi də bazara çevirib. Minlərlə kvadratmetr ərazisi olan bazarın içərisi, demək olar ki, boşdur. Satıcıları, sahibkarları ora yerləşdirməkdənsə, binanın qarşısında, həyətdə piştaxtalar qurulmasına icazə verilib”.

“Bazarın idarəçiliyinə baxan Kamran adlı şəxs onlardan haqq yığır. Soruşanda ki, “niyə onlar bazarın içində yox, məhz həyətdə, küçə ticarəti ilə məşğul olurlar?”, cavab verir ki, “nə edim, sahibkarlar içəridən yer istəmirlər, burdan istəyirlər”. Həyətimiz antisanitar vəziyyətdədir. Üfunətdən evimizdə də rahat nəfəs ala bilmirik. Küçə ticarəti vüsət alıb, tədbir görən də yoxdur”, - bina sakinləri bildirirlər.

Bazarın nəzarətçisi olduğu deyilən Kamran adlı şəxs isə sakinlərin şikayətinə cavab olaraq deyib ki, əslində binanın həyəti bazara aiddir: “Rəsmi sənədlə bura bazarın ərazisi sayılır. Problem bizdə yox, binanı inşa edən “R+R” MTK-dadır. Layihədə binanın bloku bazar istiqamətinə deyil, əks tərəfdə olmalı idi. O vaxt bizdən xahiş olundu ki, binanın çıxışının, yəni blokun bazarın ərazisinə açılmasına icazə verilsin. Biz də o icazəni verdik, hətta, həyətdə maşınların parkı üçün ərazi də verdik”.

Həmin şəxsə AYNA-dan olduğumuzu, problemi ətraflı izah etməsini, niyə sahibkarların bazarın içərisində yox, küçədə, həyətdə satışına icazə verildiyini soruşduq. Mətbuatdan olduğumuzu bildiyi an, “mənlik bir şey yoxdur”, - deyərək ərazidən uzaqlaşdı.

Bina sakinləri dəfələrlə məsələ haqqında Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciət etdiklərini, amma hansısa cavab almadıqlarını söyləyirlər. Sakinlər bu dəfə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevaya müraciət edərək, ondan kömək istəyiblər.

Müraciətdə bildirilir: “Hörmətli Leyla xanım, Sizə müraciət edərək kömək istəyirik. Belə ki, bizim binanın həyətyanı sahəsi bazar tərəfindən zəbt edilib, uşaqlarımızın həyətdə gəzmələri üçün yer yoxdur. Binanın həyətyanı sahəsi genişdir, lakin bazar tərəfindən zəbt olunub deyə, binanın həyətyanı sahəsi, ümumiyyətlə yoxdur. Dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə, İcra Hakimiyyətinin Memarlıq şöbəsinə və digər aidiyyəti qurumlara müraciət etmişik, ancaq heç bir nəticə olmayıb, heç bir rəsmi cavab verməyiblər. Hörmətli Leyla xanım, Sizin humanist bir insan olaraq, bir valideyn olaraq biz sakinlərə biganə qalmayacağınızı bildiyimiz üçün Sizə müraciət edərək kömək istəyirik. Sizdən xahişimiz odur ki, bizim məhəlləmizin bazar tərəfindən zəbt olunmuş hisssinin yenidən bizə qaytarılmasına köməklik göstərəsiniz və eyni zamanda, IDEA İctimai Birliyinin sədri olaraq bizim də məhəllədə “Abad məhlə” layihənizin gerçəkləşdirilməsinə göstəriş verəsiniz. Hörmətli Leyla xanım, xahiş edirik bizim səsimizə səs verin, bizə yardım əlinizi uzadın. Uşaqlarımızın, körpələrimizin oynayacağı abad, təmiz bir məhəllə istəyirik”.
Fotoları təqdim edirik.ayna az.
Teref.az olaraq qarşı tərfi dinləməyə hazırıq!
Teref.az





шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.