Naxçıvan səhiyyəsində RÜŞVƏT BAZARI - İTTİHAM VAR! Tarix: Bu gün, 14:44 | Çap et

2-02-2023, 16:16           
Naxçıvan səhiyyəsində RÜŞVƏT BAZARI - İTTİHAM VAR! Tarix: Bu gün, 14:44 | Çap et
Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 2, ev 57 ünvanında yaşayan Rzayev İlqar Əyyub oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə və Naxçıvan MR Prokurorunun müavini Sənan Paşayevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Fuad müəllim!

Həyat yoldaşım Rzayeva Hekayət İbrahimxəlil qızı 2014-cü il-dən Naxçıvan şəhər Ağciyər Xəstəlikləri Dispanseri Publik Hüquqi Şəxsin baş tibb bacısı vəzifəsində işləmişdir. Bu müddət ərzində heç bir töhmət və iradı olmayıb. 2020-ci ilin mart ayında Ağciyər Xəstəlikləri Dispanseri Publik Hüquqi Şəxs oldu. Baş həkim İlqar Rzayev yoldaşımı xəzinədar təyin etmək istəyib, bu zaman Hekayət etirazını bildirib ki, “mən mühasib deyiləm, xəzinə işlərindən anlayışım yoxdur”. Baş həkim deyib ki, “narahat olma, mən dediyim qaydada işləyərsən”.

Həyat yoldaşım 2020-ci il oktyabr ayının 22-nə qədər baş həkimin dediyi qaydada işləyib. Oktaybr ayının 22-də baş mühasib Sadıqlı Afət baş həkimə və Hekayətə deyib ki, Səhiyyə Nazirliyinin baş mühasibi Asəf Musayev kassirlərin yığılan pulları və qəbzləri birbaşa Hekayətə yox, Afətə verməsini tapşırıb. Oktyabr ayının 23-də Hekayət onda olan qəbzləri və pulları akt şəklində, baş həkimin də iştirakı ilə, baş mühasib Sadıqlı Afətə təhvil verib.

Onu da bildirim ki, Hekayətin pulu qəbul etdiyi dövrdə heç bir problem olmayıb. Yığılan pullar problemsiz “Naxçıvan Bank”a ödənilib(Bunun sübutu üçün qeydiyatçılardan pul və qəbzlərin təhvil-təslim kitabını, təhvil aktını və “Naxçıvan Bank”a təhvil verilən pulların çıxarışını sizə təqdim edirik).

Qeyd edim ki, baş həkim Rzayev İlqar Hekayəti razılıq ərizəsi olmadan (10 mart 26 saylı əmrlə) Əmək Məcəlləsinin 61-ci maddəsinin 1, 2, 3, 4-cü bəndlərinə zidd olaraq heç bir əmək haqqı ödəmədən, Əmək Məcəlləsinin 82-ci maddəsinə zidd olaraq əmək müqaviləsinə dəyişikliklər və əlavələr etmədən və Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci bəndinə zidd olaraq məcburi əməyə cəlb etmişdir.

2021-ci il aprelin 7-də Səhiyyə Nazirliyinin mühasibat işçiləri tərəfindən baş mühasibin otağında yoxlama aparılıb. Hekayətin iştirak etmədiyi yoxlamadan sonra ona irad tutulub ki, baş mühasibin otağından pullar və qəbzlər yoxa çıxıb. Otağın açarı biri baş həkimdə, digəri isə baş mühasibdə olub.

Bundan sonra Səhiyyə Nazirliyinin baş mühasibi Asəf Musayev gəlib və Dövlət Qulluqçusunun Etik Davranış qaydalarını kobud surətdə pozaraq Hekayətə, dörd kassirə, baş mühasibə və baş həkimə müəyyən məbləğdə pul cəriməsi yazaraq, həmin pulları tələb etmişdir. Hekayətin bu puldan heç bir xəbəri olmadığı üçün həmin pulun nahaqdan verilməsinə etiraz etmişdir. Hətta pulun yığılması üçün akt da tərtib edilmiş. Həmin aktda da etiraz olaraq (yazılı şəkildə) bildirmişdir ki, mənim xəbərim olmadığı pulu verməkdən imtina edirəm, etirazımı bildirirəm və imzamla da təsdiq edirəm.

Bundan sonra Səhiyyə Nazirliyinin baş mühasibi Asəf Musayev tərəfindən Hekayətə təzyiqlər başladı və o, işdən çıxarılmaqla hədələndi. Həmin vaxtı Hekayəti o qədər əsəbləşdiriblər ki, onun təzyiqi qalxıb və yıxılıb. Hekayəti təcili yardımla Respublika Xəstəxanasına aparıblar. O, həkimlərin səyi nəticəsində yaxşılaşıb. Bu hadisə 14 aprel 2021-ci ildə saat 17-18 radələrində olub.

15 aprel 2021-ci il tarixdə Səhiyyə naziri Niyazi Novruzov xəstəxanaya gəlib, Hekayət ona Asəf Musayevin bu hərəkətləri haqda məlumat verib. Niyazi Novruzov cavab verib ki, “Hekayət, sən üstünə alma, burda sənlik heç nə yoxdur, sən Asəfə fikir vermə”.

Buna baxmayaraq Hekayətdən haqsız yerə tələb edilən 3000 min manatı vermədiyi üçün qərəzli olaraq işdən azad ediblər. Asəf Musayevin bu cür hərəkətləri ilə Dövlət Qulluqçusunun Etik Davranış Qaydqlarını kobud surətdə pozması haqda 16.05.2021-ci il və 01.06.2021-ci il tarixdə Naxçıvan MR Prokurorluğunada şikayət etdik. Amma Asəf Musayevin özünün də dediyi kimi, onun bu hərəkətləri haqda heç bir tədbir görülmədi və bu şikayət cavabsız qaldı(Göndərdiyimiz Şikayət məktubumuzun qəbzlərini sizə göndərirəm).

Əvvəlcə Hekayətdən 2000 (iki min manat) istədilər, onun etirazını gördükdən sonra isə Asəf Musayev hiddətlənərək 3000 (üç min manata) qaldırdı. 16 aprel saat 930-dək vaxt verdilər ki, bu məbləği gətirməsən işdən azad ediləcəksən. Həqiqətə uyğun olmayan və tətbiq edilən aktlarına qol çəkmədiyi və Asəf Musayevin qeyri-qanuni tələb etdiyi 3000 manatı vermədiyi üçün 16 aprel 2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən azad olunmağını Səhiyyə Nazirliyinin Kadrlar sektorunun müdiri Səmayə İbrahimova elan etdi. Ancaq işdən nə səbəbə azad olunmağını izah etmədilər və əmrin surətini və əmək kitabçasını bizim tələbimizə baxmayaraq, aprel ayının 29-a qədər vermədilər. Bizim davamlı tələbimizdən sonra nəhayət aprelin 29-da ala bildik.

Hörmətli Fuad müəllim!

Asəf Musayev Hekayətdən özlərinin istədiyi kimi izahat yazmağı tələb edib, Hekayət isə həqiqətə uyğun izahat yazıb. Asəf Musayev isə hiddətlənərək izahatı qəbul etmədiyi üçün biz də izahatı poçt vasitəsilə Asəf Musayevə göndərdik. Bu izahatın surətini sizədə göndərirəm.

Onu da qeyd edim ki, Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimov Hekayətin pozulmuş hüquqlarını müdafiə etmək əvəzinə, “hümanistlik” edərək deyib ki, sənin summan 5000 (Beş min) manat idi, mən üç minə endirdim. Eyni zamanda həmkarların iclası olmadığı halda Səbuhi İbrahimov saxta protokol yazıb və işçilərə bunun nə olduğunu söyləmədən qol çəkdirib(Bunun isbatı üçün işçinin həmkarlar təşkilatına yazdığı etiraz ərizəsini və saxta protokolu sizə göndərirəm). Xahiş edirəm ki, həmkarlar təşkilatının bu saxta protokoluna diqqətlə fikir verilsin, burda yazılıb ki, mədaxil qəbzlərinin alınmasını Hekayət həyata keçirib. Həqiqətdə isə qəbzlərin “Əcəmi” Nəşriyyatından alınmasını baş həkimin möhürlü vəkalətnaməsi ilə xəstəxananın təsərrüfat müdiri Gülnar Nəcəfova həyata keçirib. Nəyə görə bu hadisələrdə Gülnar Nəcəfovanın adı heç çəkilməyib?! Səbuhi İbrahimov və Səmayə İbrahimova bizim şikayətlərdən sonra bir daha “hümanistlik” etmək istədilər, Hekayəti çağırıb dedilər ki, “sənin körpə uşağın olduğundan (Hekayətin əsasız olaraq qərəzli şəkildə işdən azad olunduğu vaxt bizim 3 yaşı tamam olmamış körpə uşağımız var idi) nazir Niyazi Novruzova ərizə yaz ki, mən səhv etmişəm, sənə Mərkəzi Resbublika Xəstəxanasında xadimə okladı verək, amma səni tibb bacısı kimi işlədəcəyik”. Hekayət buna qəti etirazını bildirib.

Səhiyyə Nazirliyi işçilərinin Hekayəti qərəzli şəkildə işdən azad etdikləri vaxtda belə bir şaiyə də buraxdılar ki, Hekayət xəstəxananı çapıb talayıb, özünə maşın və Gənclər Şəhərciyində ev alıb. Hekayətin adına vurulan maşın isə xəstəxananın Həmkarlar Təşkilatının sədrinə aiddir. Mən Hekayətin adına vurulan o maşının və yaşadığımız evimizin nə şəraitdə olan şəkilini də sizə göndərirəm, baxıb qiymət verəsiniz, bu oğurluqda ittiham olunan Hekayətin yaşadığı ev bu isə Hekayəti oğurluqda ittiham edən Həmkarlar sədrinin maşını. Açıq-aydın bəllidir ki, bu xəstəxanada maliyyə yeyintisi olub. Bu yeyintini ört-basdır etmək üçün Asəf Musayev, Səbuhi İbrahimov və İlqar Rzayev birgə plan quraraq günahsız insanları qurban verdilər.

Biz bu haqsızlıq haqqında məhkəməyə, prokurorluğa və bir cox dövlət orqanlarına şikayət etdik. Bundan sonra şikayətimizi geri çəkmək üçün mənə təzyiqlər (Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən) oldu. Bundan sonra Hekayətə 09.07.2021-ci il tarixdə 16.04.2021-ci il tarixli işdən azad olma ərizəsi yazdırıldı, ona məhkəmədə akt tərtib edilərək 2.5 aylıq (950 manat) məcburu iş buraxmaya görə əmək haqqı ödənildi. Bu məbləğ tutqular tutulduqdan sonra hesablanan məbləğdir. Amma tutulan məbləğlərin (Gəlir vergisi, məcburu dövlət sosial sğorta haqqı, işsizlikdən sğorta, İcbari tibbi sğorta) heç biri təyinatına ödənilməyib.

Onu da qeyd edim ki, Hekayəti 2020-ci ilin noyabr ayında baş həkimin əmri ilə məzuniyyətdən geri çağırıb içlədiblər, amma heç bir əmək haqqı ödəməyiblər.

Bu hadisədən bir ildən artıq bir müddət keçdikdən sonra (2022-ci ilin avqust ayında) bizə məlum oldu ki, onlar kağız üzərində işlərini görüblər, amma “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə” isə 14.06.2021-ci il tarixli əmr qeyd ediblər. Halbuki onlar qərəzli əmri 16.04.2021-ci il tarixdə vermişdilər. Biz şikayət etdikdən sonra portalda məlumatlar dəyişdirildi, amma Əmək kitabşasında göstərilən maddənin bəndləri fərqlidir(əmək kitabçasında 69.1 portalda isə 69.3 göstərilib). Bunların da araşdırılması üçün əmrlərin surətini sizə göndərirəm.

Onu da qeyd edim ki, 2021-ci ilin iyun ayında Hekayət Ağciyər Xəstəlikləri Dispanserinə müayinə və müalicə üçün xəstə apardığı zaman dispanserin yeni baş həkimi Günay Quliyeva onu otağına çağıraraq deyib ki, “sən bura nəyə gəlmisən, səni işdən çıxardıblar, sən bura gələ bilməzsən”. Bu fikir bizim üçün çox qaranlıqdır. Nəyə görə Hekayət dövlətin xəstəxanasına gedə bilməzmiş?! Səhiyyə Nazirliyinin Sertifikasiya ilə bağlı məlumatını sizin diqqətinizə çatdırıram: Hekayət 18.02.2015-ci il və 13.03. 2020-ci il tarixdə yüksək nəticə ilə imtahan verərək Şəhadətnamə alıb, sonuncu Şəhadətnamənin 13.03.2025-cil tarixə qədər etibarlıq müddəti olmasına baxmayaraq 27.05.2022-ci il tarixdə 45 manat pul ödəməklə yenidən imtahandan keçiriblər.

Hörmətli Fuad müəllim!

Sizdən xahiş edirik ki, bizi izahat almaq üçün qəbul edəsiniz və bu hadisə yenidən araşdırılsın, nəyə görə Hekayət 11 il şərəfi ilə çalışdığı işdən Asəf Musayevin haqsız yerə tələb etdiyi 3000 manatı (Bu Hekayətin 8 aylıq maaşıdır) vermədiyi üçün işdən azad edilsin? Bir də araşdırılsın görək, boş qəbzlər və pullar həqiqətən yoxa çıxmışdırsa, niyə bu haqda hüquq mühafizə orqanlarına xəbər verilməmşdi?!

Hörmətli Fuad müəllim!

Sizdən xahiş edirik, bu işdə günahı olan şəxslər cəzalandırılsın, bu işə düzgün hüququ qiymət verilsin, Hekayətə dəyən maddi və mənəvi ziyan qarşılansın. Hekayətin 2020-ci il noyabr ayında məzuniyyət dövründə işlədildiyi günlərin və qeyri-qanuni xəzinədar vəzifəsində işlədildiyi ayların əmək haqqı hesablanıb ona verilsin, haqsız yerə itirilmiş 2 ay 23 günlük əmək stajı və məzuniyyət hüququ bərpa edilsin və bu dövr üçün ödənməli olan tutqular təyinatına ödənsin və Hekayətin tapdalanmış hüquqları bərpa edilsin.

Hörmətli Fuad müəllim!

Biz sizin ədalətinizə inanırıq. Ümid edirik ki, Hekayətin tapdalanmış hüquqları bərpa ediləcək, baş verən ədalətsizliklər ortadan qaldırılacaq və bu haqsız oyunda əli olan həqiqi günahkarlar cəzasını alacaq”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.