"Həkim göndəriş vermədi... oğlum komaya düşdü" - NARAZILIQ VAR!

29-05-2023, 11:59           
"Həkim göndəriş vermədi... oğlum komaya düşdü" - NARAZILIQ VAR!
Ağır vəziyyətdə Babək rayon Təcili Tibbi Yardım Stansiyasına çatdırılan rayonun Naxışnərgiz kənd sakini 19 yaşlı Ramal İmaməliyev orada komaya düşüb. Bu haqda „Gündəlik Naxçıvan“a məlumat verən gəncin atası Məhəmməd İmaməliyev, ağ ciyər xəstəsi olan oğlunun bu vəziyyətə düşməsində staniyanın həkimlərini günahlandırır. O deyir ki, həmin gün stansiyada məsul olan həkim tibbi sığorta çərçivəsində göndərişi verməkdən imtina etdiyi üçün, oğlunu vaxtında Ağciyər Xəstəlikləri Dispanserinə çatdıra bilməyib:
“Mayın 25-də səhərə yaxın vəziyyəti ağırlaşdığı üçün oğlumu Təcili Tibbi Yardım Stansiyasna götürdük. Buradakı məsul həkimi Xəlil Cəfərəliyev özü dedi ki, bizim bu cür xəstələr təcili müdaxilə etmək üçün imkanlarımız yoxdur və uşaq dispanserə aparılmalıdır. Qanuna görə, bu vəziyyətdə həkim təcili olaraq tibbi sığorta göndərişi yazıb, imkanları geniş olan xəstəxanaya göndərməlidir. Xəlil həkim isə dedi ki, mən göndəriş verə bilmərəm, gözlə səhər baş həkim gəlsin, sonra. Məcbur olub, baş həkimi gözləməli olduq. Oğlumunsa vəziyyəti onun gözünün qarşısında getdikcə ağırlaşırdı, qan qusmağa başladı. Bir müddət sonra isə komaya düşdü. Dispanser göndərişsiz qəbul etmədiyi üçün, məcbur qalıb baş həkimi gözləməli olduq“.
Məhəmməd İmaməliyev deyir ki, oğlunu dispanserə gec çatdırdığı üçün, o hələ də komadan ayılmayıb:
“Dispanserin həkimləri dedi ki, komaya düşmədən öncə gətirsəydiz, tez sağalacaqdı. İndi isə, onun sağalacağına ümid azdır, oğlum ölüm ayağındadır. Buna görə vaxtında göndərişi verməyən həkim məsuliyyət daşıyır”.
Şikayətçi deyir ki, həkimin səhlənkarlığı ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyinə şikayət etsə də cavab ala bilməyib:
“Bu səhlənkarlıq yox, cinayətdir. Bu həkim cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki insanların taleyi ilə oynayır. Təəssüflər olsun ki, onun nazirlikdə himayədarları var. Bu himayədarlarının hesabına ona dəyib, toxunan yoxdur.”
Məsələyə münasibət öyrənmək üçün Babək rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxlasaq da, burada şikayətçinin iddialarına cavab vermək istəmədilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.