"Bir sot yer istəyirəm,vaqonumu qoyub balalarımla yaşayım" - Çarəsiz müəllimə

21-11-2019, 09:21           
"Bir sot yer istəyirəm,vaqonumu qoyub balalarımla yaşayım" - Çarəsiz müəllimə
"Bir sot yer istəyirəm,vaqonumu qoyub balalarımla yaşayım"
Bu günlərdə saytımızın facebook səhifəsində Mingəçevirdə yaşayan Səfərova Afayət adlı müəllimənin çarəsiz vəziyyəti ilə bağlı video yayınladıq. Videoda gənc müəllimə çətin durumu haqda danışır. Onun hekayəsi qısaca belədi:

Afayət xanım Mingəçevir şəhərində doğulub, böyüyüb. Biləsuvara gəlin gedib. 3 məktəbli qızı var. Ailədə dözülməz vəziyyətə görə boşanmağa məcbur olub. 3 uşaqla evini tərk edəcək qədər seçimsiz qalan qadın yaşamaq üçün kreditlə vaqon almaq qərarına gəlir. Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət edir. Ona vaqonunu qoymağa yer ayırırlar ki, yaşasın. Bir müddət sonra keçmiş yoldaşının təhdid və təqibləri altında yaşamağın mümkünsüz olduğunu görüb təhsil naziri Ceyhun Bayramovun qəbuluna gedir. Xahiş edir ki, işlədiyi məktəbi Mingəçevirdə başqa bir məktəbə dəyişsinlər. Yeri dəyişdirilir və qadın uşaqlarını, vaqonunu da götürüb doğulduğu şəhərə köçür. Burada Mingəçevir Şəhəri İcra Hakimiyyəti vaqonu qoymağa yer ayırmır. Torpaq üçün sənəd lazım olduğunu bildirirlər. Afayət xanımı müxtəlif qurumlara sənəd dalınca yollayırlar. Getdiyi yerlərdə ona sənəd verən olmur. Müəllimə həm işə gedir, həm uşaqlara baxır, həm də o qurum, bu quruma gedib sənəd almaq üçün çabalayır. Afayət xanım ödənişlə bir sot torpaq alıb vaqonunu qoymaq istəyir. Bildirilir ki, bir sot torpaq satılmır. Torpaq satışı 4 sotdan başlayır. Afayət müəllimə əlacsız qalıb razılaşır. Fikirləşir ki, bəlkə insanlar kömək etsə, 4 sot torpağı ala bilər. Amma onu da vermirlər. İndi həmin müəllimə böyüdüb, oxutduğu 3 qızla kirayədə yaşayır. Həm kirəpulu, həm vaqonun krediti, həm ailənin yükü üzərindədi. Aldığı müəllimlik məvacibi isə bu yükü çəkməyə yetmir. Afayət müəllimə video çəkib dərdini danışıb məsul qurumların diqqətini çəkmək qərarına gəlir. Video yayımlanır. Sadə insanlar bacardıqları köməyi təklif edirlər. Mingəçevirə məsul olan şəxslərdən isə səs çıxmır.

Afayət xanımın Qadinkimi.com-a müsahibəsini təqdim edirik:

- Vəziyyət nə yerdədi? Kömək olundumu sizə? Müraciətlərinizə cavab verilibmi?

- Xeyr, heç bir kömək olmayıb. İcra hakimi videomüraciətimdən sonra çağırıb dedi ki, daha müraciət hazırlama, kömək edəcəyik. Hələ xəbər yoxdu.

- Sizin konkret istəyiniz nədi?

- Mən 10 nömrəli məktəbə yaxın ərazilərdən birində 1 sot torpaq istəyirəm, başqa heç nə istəmirəm. İndi kirayədə qalıram. Öz vaqonum ola-ola kirayəyə sığınmışam. Çox çətinlik çəkirəm, kirəpulu verə bilmirəm. Başçı və adamları məni çağırıb gülərək deyir: "Eşitdik məktəbin içindən torpaq istəyirsən”? Dedim, məktəbin içi sinif otaqlarıdı. Mən məktəbə yaxın ərazilərdən torpaq istəyirəm. Bu günlərdə təcili teleqram da vurdum ki, fərdi qəbul etsin, qış gəldi. Etmədi. Mənim teleqrama verdiyim pul onun bir stəkan çayının pulu, mənimsə beş günümün çörək pulu idi. Nə bilim, nə edim, bilmirəm. Kimə deyim dərdimi? 3 uşaqla qalmışam ortada.

- Başqa harasa yazmısız?

- Bələdiyyə başçısına, prezidentə, heç bir nəticə yoxdu...

- Nə vaxt yazmısız?

- Martdan bəri, martda bura gəlmişəm, o gündən torpaqla bağlı qurumlara müraciət etməkdəyəm.

- Hardan gəlmisiz?

- Biləsuvardan. Mən ora gəlin getmişəm. Ailədə vəziyyət elə həddə çatdı ki, artıq dözüləsi deyildi. Məcbur olub boşandım. Özümə kreditlə vaqon aldım. Biləsuvar icra başçısına ərizə yazıb xahiş etdim ki, vaqonum üçün yer ayrılsın, balalarımı başıma yığıb yaşayım. Ayırdılar, sağolsunlar. Daha sonra keçmiş yoldaşım məni rahat buraxmadığı, təhdid etdiyi üçün Təhsil nazirinin qəbuluna getdim, xahiş etdim işimi doğulduğum Mingəçevirdə bir məktəbə dəyişsin. Təhsil idarəsi çağırdı, kömək etdilər, yerimi dəyişdilər. Köçdüm Mingəçevirə. Vaqonumu da özümlə gətirdim Mingəçevirə. Amma buranın İcra hakimiyyəti yer vermədi. Şəhərin girişində çöllükdə qaldı. Pəncərələri sındırılıb, şiferi uçurdulub.

- İşə gedirsiz?

- Bəli

- Məktəbdə heç bir problem yoxdu?

- Xeyr, hələ ki... Amma çox ehtiyat edirəm. Deyirlər qorxmursan?

- Kim deyir?

- Videoya baxanlar... Hamı deyir işdən çıxararlar, ya nə bilim, adına söz olar. Hamı soruşur ki, işdə rəhbərliklə problem var? Məktəbin direktoru mənə anadı, saatımı təmin edir, çalışır çətinliyim olmasın.

- İcra başçısı və bələdiyyə sədri sizə konkret nə deyir?

- İki-üç ay gözlə, əmlak icazə versə, qoyarıq, verməsə, nə qədər şikayət edirsən et. Mən onlara görə dayanmalı, qışı keçirməliyəm.

- Əmlak şöbəsindən torpaq icazəsi gözləyirlər?

- Bəli. Avtobazanın qapısının ağzında 4 sot ölçülüb. 1600 manat pul verməliyəm. Onlar desə ki, icazə verildi, pulu verib köçəcəm.

- Necə ödəyəcəksiz o qədər vəsaiti?

- Bilmirəm. Heç nəyə imkanım yoxdu, vaqonu qoyub balalarımı başıma alıb yaşamaq istəyirəm. İçində hər şəraitim var mətbəx, hamam, hər şey. Onu iki kran qaldırır, təkərsizdi. Başçı dedi mən kran verəcəm aparacaq, amma etmədi. Deyir torpağın sənədini göstər, sonra. Deyir get sənəd al. "Tazıya deyir qaç, tulaya deyir tut" məsəlidi, qısacası, aldadılıram. Yazılarıma mane oldu, məni çağırıb dedi dayandır paylaşımlarını da, ərizələrini də, yazma. 10 gün bizə möhlət ver. Artıq qış gəldi, heç nə etmir. Heç qəbul da etmir.

- Konkretləşdirək bir az, sizə 4 sot torpaq satacaqlarını deyirlər, siz də vaqonu ora qoyub yaşayacaqsız?

- Bəli. Ancaq alqı-satqı yolu ilə. Deyirlər 1 sot torpaq satılmır, ancaq 4 sot. O söhbət də havada qalıb.

- Uşaqlarınız neçədə oxuyur?

- Uşaqların böyüyü 6, ortancılı 4 kiçiyi 2-də oxuyur. Üçü də qızdı. Həm vaqonun kreditini ödəyirəm, həm kirəpulu verirəm. Çörək puluna çatdıra bilmirəm. Çarəsiz qalmışam. \\7 news.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.