Vahid Əhmədov: “Əli Nağıyev təcrübəli və milli adamdır” - “Hörmətli general “beşinci kolon” məsələsi ilə bağlı öz işlərini görür”

12-08-2020, 14:07           
Vahid Əhmədov:
Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın son gündəmi ilə bağlı Modern.az-a geniş müsahibə verib.

Vahid müəllim, uzun vaxtdır ki, koronavirus dünyada qeyri müəyyənlik yaradıb. Ümumən ilk növbədə bu virus dünya iqtisadiyyatına, xüsusilə Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Diqqət etmisinizsə, 2020-ci il dünya tarixində qlobal hadisələrlə yadda qalmaqdadır. Bunlardan ən birincisi bütün dünyada bu pandemiyanın tüğyan etməsidir.

Faktiki olaraq pandemiya bütün dünya iqtisadiyyatına çox ciddi ziyan vurdu. Hesab edirəm ki, dünya iqtisadiyyatı bu ilin yekunlarında hardasa 7-8 faiz itkilərlə nəticələnsə, böyük məsələdir. Bu göstəricinin bəzi ölkələrdə ikirəqəmli olması da gözləniləndir. Konkret Azərbaycana gəldikdə, şübhəsiz ki, bu məsələnin Azərbaycana da böyük təsir etməsi qaçılmazdır. Burada ilk növbədə dünya çapında neftin qiymətinin kəskin ucuzlaşması əyani göstəricidir.

Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurdu. İqtisadiyyatımızda gəlirləri kifayət qədər azaltdı. Ümum Daxili Məhsul 6 ay ərzində 2,5 faiz açağı düşdü. Bu rəqəm ilin sonuna 5-6 faiz proqnozlaşdırılır.

Əlbəttə ki, bu, kifayət qədər böyük rəqəmdir. Amma onu da nəzərə almaq lazımdır ki, dünya dövlətlərinə, o cümlədən qonşu dövlətlərə baxanda Azərbaycanın dövlət başçısının apardığı təxirəsalınmaz tədbirlər nəticəsində bizdə koronavirus kəskin azalmağa başladı.

Çox ciddi karantin tədbirləri həyata keçirildi. Burada Operativ Qərargahın da tədbirlərini xüsusi qeyd etmək istəyirəm. Amma o da var ki, uzun müddət Azərbaycanı karantin vəziyyətində saxlamaq olmaz. İnsanları qapalı yerlərdə saxlamaq, küçəyə, işə buraxmamaq həm psixoloji cəhətdən, həm də sağlıq durumlarında ciddi problemlərin yaranmasına gətirəcək. İlk növbədə dövlət büdcəsində daha ciddi problemlərin yaranmasına yol açan məsələlərə baxmaq lazımdır.

Sabah elə problemlər yarana bilər ki, nəinki sahibkarlara dəstək ola bilərik, heç muzdlu işçilərə əmək haqqı da vermək gücündə olmarıq. Bütün bunların hamısını nəzərə alaraq dövlət başçısı tərəfindən yumşalma siyasəti həyata keçirilməyə başlayıb.

Hesab edirəm ki, yumşalmaları genişləndirmək lazımdır. O sahələrdə ki insanlar işləyir, dövlət büdcəsinə gəlir gətirir, özlərini təmin edirlər, mütləq həmin sahələrə yenidən baxmaq lazımdır. Misal çəkim, uzun vaxt idi Türkiyədə idim, orada hətta kafe və restoranlar fəaliyyətini dayandırmayıb. Sadəcə, ara məsafəsi və bu kimi məsələlərə ciddi əməl edilir. Orada bir nəfəri maskasız görə bilmərsən. Hesab edirəm ki, bizdə də karantin rejimi yumşaldıqca, həmin tədbirlər sərtləşdirilməlidir. İnsanlar anlamalıdırlar ki, yumşalma hələ koronavirisun bitməsi deyil. Baxın, dünyanın ən iri milyarderlərindən Bil Qeyts deyir ki, bu virus 2022-ci ilə qədər davam edəcək.

Düzdür, buna qarşı peyvəndlə əlaqədar iş gedir. Müəyyən müsbət nəticələr də var. Türkiyə, Rusiya, Amerikada müsbət nəticələr əldə olunub. Ümumi fikir odur ki, koronavirusun nə zaman bitəcəyi məlum deyil.

Dəqiq xatirimdədir. Xocalı soyqırımının ildönümü ərəfəsində təkilf etdim ki, İranla sərhədlər bağlanılmalıdır. O məsələdə bir az gecikdik deyə, müəyyən fəsadlar oldu. Amma çox şükür ki, artıq Azərbaycanda bu virus azalır.

Onu da mütləq vurğulamaq lazımdır ki, imkan daxilində Azərbaycanda insanlara maddi dəstək olundu. Düzdür, yardım alanlar kifayət qədər deyil, amma bu, ilk dəfə 200 minə yaxın insana şamil edilirdisə, sonradan 600 minə qaldırıldı. Artıq qərar verilib ki, daha iki ay insanlarımıza sosial güzəştlər verilsin.

Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir

“Pandemiya dünyanın iqtisadi xəritəsini dəyişdi” demək olarmı?

Nəinki iqtisadi xəritəsi, dünyanın düzəni dəyişir. Bu, tək iqtisadi deyil, həm də siyasi cəhətdən dəyişikliklərlə müşahidə olunacaq. Çox ciddi problemlər üzə çıxacaq. Azərbaycanın nefti, qazı, müəyyən ixrac potensialı var, amma elə dövlətlər var ki, belə imkanları yoxdur və indidəm çox ciddi problemlərlə üzləşiblər. Bu mənada Rusiyanın özündə belə çox ciddi problemlər var. Son zamanlar hiss olunurdu ki, dünya səviyyəsində ərzaq təminatı ilə bağlı sıxıntılar yaşanır. Ona görə də belə məsələlərin ortaya çıxması təsadüfi sayıla bilməz. Bunlar bir mərkəzdən idarə olunur. Hər halda inanıram ki, müəyyən müddətdən sonra yaxşılığa doğru da addımlarv atılacaq.

Sadəcə bunun zamanını demək bir az çətindi. Faktiki olaraq dünya Üçüncü Dünya Müharibəsi ilə qarşı-qarşıyadır. Deyə bilərəm ki, həm iqtisadi, həm siyasi cəhətdən pandemiya dünyada böyük dəyişikiklər edəcək.

Siyasi cəhətdən demişkən, bu mənada Cənubi Qafqazı nə gözləyir. Dünyanın super güclərinin regional maraqlarında hansısa dəyişikiklər hiss olunurmu?

Yaşadığımız region dünya dövlətləri üçün həmişə maraqlı olub. Bizdə neft, qaz hasilatı ilə bağlı Azərbaycanın Türkiyə üzərindən həyata keçirdiyi layihələr Avropa üçün də, Amerika üçün də böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, maraqlar toqquşması nəticəsində son zamanlar vəziyyət bir qədər dəyişib.

Xüsusilə Tovuz hadisələrində bunun şahidi olduq. 30 il müddətində Türkiyə indiki qədər sərt addımlar atmamışdı. Ərdoğana qədər Türkiyə yumşaq mövqedə idi, ona görə də Rusiya burada istədiyini edirdi. İndi həm Avropa, həm Türkiyənin Azərbaycanda iqtisadi cəhətdən də maraqları var.

Eyni zamanda, Türkiyə anlayır ki, Azərbaycan onun üçün çox önəmlidir. Və Azərbaycanın Qarabağ problemini həll etmək lazımdır. Aldığım məlumatlara görə, Azərbaycanla bağlı Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir. Əks halda istənilən an bölgədə partlayış baş verə bilər. İnanıram ki, Qafqazın stabilləşməsi üçün Qarabağ məsələsi ədalətli həll olunacaq, Azərbaycanın əraziləri işğaldan azad ediləcək.

Hesab edirəm ki, Ərdoğan son 3 ildə çox böyük addımlar atır. Türkiyə bölgədə söz sahibi olduğunu ortaya qoyur. Düzdür, Rusiya ilə Türkiyə hazırda əməkdaşlıq edir, ancaq bir çox regonlar kimi Rusiya Cənubi Qafqazı da öz əlində saxlamaq istəyir. Sanki 70 illik müstəmləkəçilik siyasətini davam etdirmək fikrindədir. Amma artıq bu, mümkün deyil. Görünür elə buna görədir ki, son zamanlar Azərbaycanda Prezidentin də qeyd etdiyi kimi “beşinci kalon”un üzvləri xeyli aktivləşiblər. Belələri Milli Məclisdə də var, daha yüksək postlarda da...

Onların arasında kifayət qədər vəsait sahibi olanlar da mövcuddur. Özlərini kənara çəkiblər, amma biz bilirik ki, onlar kimlərdir. Dövlət başçısı mütəmadi bu kimi məsələləri qeyd edir və milli maraqlarımız naminə onların üzərinə gedir ki, bilsinlər, Azərbaycan üçün Qarabağ ən birinci məsələdir. Biz bunu həll etməliyik, Tovuz hadisələrində bir çağırışla insanlar meydanlara toplaşdı. Özü də bu çağırışa yalnız Bakıda, rayonlarda deyil, dünya azərbaycanlıları elə bütün dünyada səs verdilər. Düşmən qüvvələr müəyyən təxribatlara getdilər. Çox yaxşı ki, dünya dövlətləri Ermənistanın bu təxribat siyasətini başa düşdülər. İlk dəfə Amerika konqresində Azərbaycanın ərazi bütövlüyü ortaya qoyuldu. Bunlar çox şeylərdən xəbər verir. Amma məni narahat edən xüsusi bir məsələ var.

Azərbaycanda mövcud olan “beşinci kolon” aktivləşib. Bəzi deputatların çıxışlarına diqqət verirəm. Onların adlarını da bilirik. O cümlədən müəyyən rəhbər orqanlarında olan insanlar da var ki, Rusiyaya bağlıdılar. Onlar anlamalıdırlar ki, bir daha Azərbaycana hansısa xarici ölkə ordusu girə bilməyəcək. İndiki gənclər o qədər fəaldırlar ki, milləti, dövləti o qədər sevirlər ki, onlar buna heç vaxt getməyəcəklər. Biz də getməyəcəyik. Biz müstəqilliyimizi qorumalıyıq. Bizim üçün bundan vacib heç nə yoxdur. Təəssüf edirəm ki, “beşinci kolon” üzvləri müstəqilliyimizi qorumaq fikrində deyillər. Mən bu məqamda cənab Prezident İlham Əliyevin apardığı xarici siyasətdən də danışmaq istəyirəm. Azərbaycan kimi dövlətin xarici siyasətini indiki kimi həyata keçirmək şox çətindi, hətta mümkün deyil. Bunu İlham Əliyev bacarır. Hesab edirəm ki, Türkiyə ilə hərbi müqavilə imzalamalıyıq. Müəyyən təkliflər var, konfederasiya və s. Ancaq mən Azərbaycanla Türkiyə arasında hərbi müqavilənin olmasının tərəfdarıyam. Türkiyənin Prezident, Xarici İşlər Naziri, Müdafiə Naziri səviyyəsində vermiş olduğu bəyanatlar indi qardaş ölkənin birmənalı olaraq yanımızda olduğunun sübutudur.


Daxildə milli maraqlarımıza əks olan qüvvələr var. Ancaq indi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev kifayət qədər təcrübəli şəxsdir və milli adamdır. Öz sahəsinin böyük mütəxəssisidir və ona böyük hörmətim var. Hesab edirəm ki, “beşinci kolon” məsələsi ilə bağlı hörmətli general öz işlərini görür.

Korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi istiqamətində atılan addımları da təqdir edirəm. Hesab edirəm ki, “beşinci kolon”un kökünün kəsilməsində də mühüm işlər göürülür və bu, çox vacibdir.

Biz Rusiya ilə strateji müttəfiq dövlətik. Rusiya bizim böyük qonşumuzdur, əsrlər boyu da qonşuluq davam edəcək. Ciddi siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrimiz var. Amma müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin emək kimi müqəddəs işlərimiz də var. Rusiyapərəsət qüvvələr də bunu anlamalıdır. Bilməlidirlər ki, bizim dövlət olaraq, xalq olaraq, fərd olaraq ilk işimiz Aərbaycanın ərazi bötüvlüyü məsələsidir.

Tanıyanlar bilir ki, açıq fikirli insanam. Heç nədən çəkinmirəm, mətbuatda öz fikirlərimi açıq deyirəm. Bilrisiniz, sözdə hər şey asandı. Amma indiki vaxtda xarici siyasətdə Azərbaycanı qoruyub saxlamaq çox çətindi. Yadıma gəlir, 2012-ci ildə TANAP layihəsi həyata keçiriləndə, bizə çox ciddi problemlər yaşatdılar. Mən o işin içində idim. Rusiya bu işə mane olmaq üçün bütün alətlərdən istifadə etdi. Amma Azərbaycan Prezidenti bu məsələdə də yenə də milli maraqlarımızı qoruya bildi. Elə bir siyasət həyata keçirdi ki, milli maraqlarımız təmin olunsun. Burada söhbət tək Azərbaycan qazından getmirdi. Burada Türkmənistan, İran və başqa ölkələrin qaz hasilatının bu layihə vasitəsilə Avropaya çıxarılmasından gedir. Hesab edirəm ki, bu layihə XXI əsrin müqaviləsidir.

Maliyyə tutumu baxımından “Əsrin müqaviləsi”nə çatmasa da, 30 milyard kub metr qazın ixracı böyük bir işdir. 2012-də Azərbaycanda iğtişaşlar törətmək istədilər. Azərbaycan Prezidentinə qarşı ciddi təzyiqlər oldu. Amma dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın stabilliyi qorunub saxlanıldı.

Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmısində bir nəfər kimi Prezidentin ətrafında sıx birləşməliyik. Bilirsiniz, çox istərdik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Ancaq indi də görünən odur ki, Ermənistanın siyasəti nəticəsində bu danışıqlar sıfır səviyyəsindədir. Mənə elə gəlir ki, Qarabağ məsələsi qısa müddətdə öz həllini tapacaq. Dünya dövlətləri də bunu anlayır. Açığı məsələnin sülh yolu ilə həllinə inanıram. Amma torpaqlarımızın müharibə yolu ilə azad ediləcəyinə əminəm. Mən Mikayıl Cabbarovun apardığı siysəti bəyənirəm, düşüncəli, perspektiv verən şəxsdir və heç vaxt tələskənlik etmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.