“Allaha yalvarırdım ki, maşın işə düşsün” – Cəbhədə yaralanan jurnalistin təəssüratları

26-10-2020, 08:57           
 “Allaha yalvarırdım ki, maşın işə düşsün” –
Qarabağda Vətən müharibəsi davam edir. Ön cəbhədə hərbçilərimiz düşmənə göz açdırmır. Döyüş bölgələrində fəaliyyət göstərən jurnalistlərimiz də haqlı davamızı ölkə və dünya ictimaiyyətinə çatdırır. Bəzən media nümayəndələri də düşmən mərmilərinə tuş gəlirlər.

AzTv-nin əməkdaşı Anar Şuşalı da cəbhə bölgəsində xəsarət alan jurnalistlərimizdəndir. O, peşə fəaliyyətini yerinə yetirərkən, ermənilər tərəfindən atəşə məruz qalıb və iki qəlpə yarası alıb. Həmkarımız baş verənlərlə bağlı fikirlərini AYNA ilə bölüşüb.

- Anar, hazırda cəbhədə olan jurnalist və fotoqraflar xüsusi təlim keçiblərmi?

- Ümumiyyətlə, hərbi sahədə çəkiliş aparmaq üçün mütləqdir ki, hərbidən anlayışın olsun. Əks halda, səhv məlumatın ötürülməsi ilə düşmən tərəfin hərbi sirrimizə vaqif olmasına şərait yarada bilərik. Cəbhə xəttində iştirak edən jurnalistlərə gəldikdə, orda həm təlimdə iştirak edənlər, həm də iştirak etməyənlər var idi. Əlbəttə, informasiya müharibəsi üçün bu, vacib idi. Ancaq bəzi görüntülər var ki, həmin çəkilişləri edən jurnalistlər bilmədən ərazini çəkirdilər. Bu da müharibə edən ölkə üçün arzuedilen deyil.

- Təlim keçən, peşəkar olanlar bu dönəmlərdə cəbhəyə getməkdə çətinlik çəkdilər. Onlar üçün niyə şərait yaradılmadı?

- Mən deməzdim ki, çətinlik çəkiblər. Bilirsiz, bir təlim keçmək hərbi jurnalist olmaq anlamına gəlmir. Ona görə də hərbi ilə birbaşa əlaqəsi olan və dəfələrlə çəkiliş edənlər birbaşa qaynar nöqtəyə gedib çəkiliş ediblər. Misal üçün, deyə bilərəm ki, Talış kəndi azad olunandan bir gün sonra mən orda çəkiliş etmişəm. Orda zəfər döyüşündə iştirak edən döyüşçülərin salamlarını çəkib əzizlərinə çatdırmışıq. Müdafiə Nazirliyi bütün şəraiti yaratmışdı. Təhlükəli yerlərə isə elə təhlükəsizlik baxımından icazə verilmirdi. Qalan bütün mümkün çəkilişlərə şərait yaradılıb. Bundan başqa, yeni azad olunan ərazilərə yerli və xarici jurnalistlərin aparılmasını buna sübut kimi göstərmək olar. Ümumiyyətlə, Müdafiə Nazirliyinin bu dəfəki işini yüksək qiymətləndirmək olar. Bütün cəbhə boyu ezam olunan çəkiliş qurupu yüksək keyfiyyətlə işlərini yerinə yetirirlər.

- Cəbhədə sizinlə birgə faəliyyət göstərən həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Burda çalışan yerli media nümayəndələri operativ işləyirdilər. Bütün xəbərləri dəqiqləşdirməmiş vermirdilər. Bu da tamaşaçı və oxucu arasında rəğbətin artması deməkdir. Jurnalistlər arasında olan münasibətlər də çox yaxşı idi. Bu da informasiya müharibəsində bir-birilərinə dəstək deməkdir. Hamı bir nöqtəyə vururdu. Əlbəttə, Ali Baş Komandanın hər dəfə qələbə xəbərini verməsi biz jurnalistlərin də motivasiyasini qaldırırdı.

- Hansı nöqtələrdə oldunuz?

- Mən daimi qaynar nöqtələrdə olmuşam. Bir çox döyüşlərin çəkilişində iştirak etmişəm. Arzum o idi ki, müharibə başlasın, bizə aid torpaqlar azad olunsun və biz də jurnalist kimi həmin döyüşlərdə qələmimizlə iştirak edək. Şükür ki, bu, baş verdi. Tarixi torpaqlarımızı azad edirik.

- Yaralandığınız hadisə necə baş verdi?

- Aldığımız məlumata görə, Ağdamın bir çox kənd və qəsəbələri kimi, Bənövşələr qəsəbəsi də düşmən tərəfdən atəş altında saxlanılırdı. O istiqamətə doğru getdik. Biz bir evə çatan kimi mərmi evin yaxınlığına düşdü. Qadın səsləri gəlirdi. Burda ancaq insanlıq borcunu yerinə yetirməli olduğumu anladım. Həmin evə daxil olub kömək etmək istəyirdim, həmin an mərminin biri də düşdü. Yaşlı qadını ordan çıxardım. Çöldə maşın var idi, ancaq tam yararsız vəziyyətdə idi. Əlimi açıb Allaha yalvardım ki, maşın işə düşsün. Xoşbəxtlikdən işə düşdü və qadını Mərkəzi Xəstəxanaya çatdırdım. Qadını müayinə elədilər. Həkimin biri mənə yaxınlaşıb dedi ki, qardaş, səndən qan axır, gəl səni də yoxlayaq. Müayinə ediləndə məlum oldu ki, sol və sağ ayaqlarımdan qəlpə yarası almışam. Həkimlər sağ olsun, sağ ayağımda ikisini çıxartdılar. Solda bud hissəsində isə iki balaca qəlpə qaldı. Belə məsləhət gördülər ki, əməliyyat olunmayım.

- Son olaraq cəbhədəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, döyüşlərə baxanda Azərbaycan əsgəri tarix yazır. Çox savadlı, düşünülmüş, planlı döyüş aparırlar. Dünya döyüş praktikasına dəyişikliklər etməyi bacardılar. Azərbaycan əsgəri öz gücünü göstərir. Yaxın zamanda biz bütün işğal altında olan torpaqlarımızı tam azad edəcəyik.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.