"Təəssüflər olsun ki, bu, hadisə baş verdi" - Əli Həsənov

29-08-2015, 16:02           
"Təəssüflər olsun ki, bu, hadisə baş verdi" - Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət əvvəl Mingəçevirdə polis bölməsində bir gəncin ölümü ilə insanlar arasında yaranan narahatlığa aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Əli Həsənov səbəbindən asılı olmayaraq belə bir hadisənin baş verməsini pisləyib. O, həmin hadisənin Dövlət Başçısının nəzarəti altında olduğunu və araşdırıldığını deyib.

“Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olubdu, istər ehtiyatsızlıqdan olub, istər məsuliyyətsizlikdən olub, istərsə də ortada cinayət faktı var və yaxud yoxdur”, - deyə Əli Həsənov bildirib.

Dövlət rəsmisi insanların narahatlığını anladığını, lakin bunun ictimai asayişi pozmaq üçün səbəb olmadığını deyib.

“Təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdı. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır”, - deyə prezident administrasiyasının İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.