“Hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil” - Gözlənti

7-12-2019, 10:46           
“Hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil” - Gözlənti
İki ay sonra-fevralın 9-da Azərbaycan müstəqillik tarixində ilk dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək. 9 fevraldan sonrakı Azərbaycanın və onun parlamentinin necə olacağı barədə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla söhbətimizdə olduqca maraqlı məqamlara toxunuldu. Zahid Oruc qeyd etdi ki, 2019-cu il Azərbaycan tarixinə böyük dəyişikliklər, regional və beynəlxalq miqyasda ölkəmizi uğurlu bir simada, çəkidə təqdim etmək üçün aparılan islahatlar ili kimi düşəcək: “Hamımız fərqindəyik ki, miqyasına görə bu il 2018-ci il və ondan əvvəlki illərin hamısından fərqlənməkdədir. Belə olan təqdirdə ortaya hamı üçün haqlı bir sual çıxır. Müxtəlif ölkələrdə, küçə və meydanlarda, etiraz aksiyaları, vətəndaş toqquşmaları, hökumət strukturları ilə əzələ nümayişi səviyyəsində, bir sıra hallarda qanlı savaşlar yolu ilə gedən dəyişikliklərlə müqayisədə nə üçün Azərbaycan hadisəsini bu cür uğurlu qiymətləndiririk. Ona görə ki, bu, ölkənin birinci şəxsinin iradəsi ilə İstiqlaliyyət küçəsi 19, 1 nömrəli kabinetdən verilən qərarlarla baş verir. Bu çox əhəmiyyətli məsələdir ki, dövlətin həyatında baş verən dəyişikliklər, yeni elitanın formalaşması, yeni təyinat alan, mövqe tutan insanların dövlətin əvvəlki xəttini qoruyub saxlamaqla, amma eyni zamanda hansısa problemləri də ortadan qaldırmaq istəkləri sübut edir ki, 2020-ci ilin Azərbaycanı, o cümlədən 2020-ci ilin parlamenti özünün daşıdığı bir çox parametrlərinə görə indikindən qat-qat fərqlənəcək. Biz bütövlükdə bu siyasəti, yeni kurs dönəmi, islahatlar və sair kimi xarakterizə elədiyimiz halda, çox əminliklə demək olar ki, əgər dövlət rəhbəri bütün hakimiyyət qollarına xalqın inam və etibarının bərpası, yaxud gücləndirilməsi tədbirlərini həyata keçirirsə, bu, həm də o deməkdir ki, prezident yeni hakimiyyət qurur. Tam məsuliyyətimlə söyləyirəm ki, bu, belədir”.

Z.Oruc bildirdi ki ki, burada isimlər, adlar və şəxsiyyətlərdən daha çox yeni yanaşma, dövlətin vətəndaşa münasibətindəki kardinal dəyişikliklər, təfəkkür tərzi ilə bağlı qoyulan məsələlər çox-çox önəmlidir: “Burada ayrıca qeyd edim ki, heç bir halda bunun yalnız cavanlaşma, gəncləşmə kursu kimi də təqdim olunmasından söhbət getmir. Bəzən fikir qocalığı, təfəkkür geriliyi hər hansı yaşla ölçülmür. Bu da bizə bəllidir. Belə olan təqdirdə prezidentin qurduğu bu yeni hakimiyyət sırf mənəvi, siyasi, ideoloji anlamda dəyişmələri, yeniləşməni özündə əks etdirir. Parlamentin 9 fevraldan sonrakı arxitekturası necə olacaq? İlk növbədə hesab edirəm ki, burada Azərbaycan ictimai-siyasi məkanının yaradıcı insanları, düşüncə sahiblərini və 21-ci əsrin çağırışlarına hazır olan insanları öz qanadları altına alan bir parlament demək olacaq. Mən buna inanıram və hesab edirəm ki, hakim cinahdan namizədliyi irəli sürülən insanlar bu parametrləri özlərində daşımış olacaqlar. Milli Məclis geniş ictimai diskussiyaların meydanı olmalıdır. Burada reqlament uğrunda yox, yaxşı ideyaları söyləmək uğrunda mübarizə getməlidir. İstər ziyalılar, istər dindar kəsim, elm cameəsi, təhsil məkanı, səhiyyə sektoru, bölgələrdən olanların, sahibkarların, bir sözlə hər bir insanın parlament dinləmələrinə, oradakı seçilən müzakirə saatlarına cəlb olunması lazımdır ki, millətin yaradıcı ideyasını qanunverici orqan daşıya bilsin. Çünki Milli Məclis zəif olanda bu, dövlətin də mövqelərinin geriləməsinə səbəb olur. Zəif parlament, güclü dövlət modelini işlətmək çox çətin olur və ya bir sıra hallarda qeyri-mümkün olur. Orada təmsil olunan insanlar bütövlükdə hakimiyyət mövqeyini özündə ifadə eləyirlərsə, avtomatik olaraq cəmiyyət sual edir ki, nə üçün orada aktivlik olmasın: fikir mübadilələri aparılmasın, təkcə qanun yaratma işində deyil, ölkənin daxili və beynəlxalq həyatına, bölgələrin quruculuğuna, insanların düşüncələrinə aktiv şəkildə öz münasibətlərini göstərməsinlər”.

Həmsöhbətimiz vurğuladı ki, ona görə də parlamentin passiv üzvlərinin yerinə aktiv çalışan və media məkanına da əl çatan ola biləcək insanların gəlişini gözləyir: “Daha kimsə tələb, ambisiya, minnət qoymaq imkanında deyil. Belə olan təqdirdə Azərbaycan parlamenti həm də müxalif dünya görüşü daşıyıcılarından ibarət təsəvvür edirəm. Çünki gerçəklik ondan ibarətdir ki, hakimiyyətə qətiyyən müxalifətsiz parlament gərək deyil. Onlar cəmiyyətin içərilərinə getmək, yaranmış şəraiti dəyərləndirmək, öz qüvvələrini 28 may metrosunun üstü uğrunda mübarizəyə deyil, normal siyasi fikir debatlarına çağırış eləməlidirlər. Onlar xalqın ürəyindən keçən modelin meydana çıxmağına əsas yarada bilərlər və bununla da ictimai-siyasi sabitlik də güclənmiş olur”.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.