“İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat

16-12-2019, 11:20           
“İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat
“İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat

2020-ci ildən respublika üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın həyata keçirilməsilə bağlı vacib məqamlardan biri də vətəndaşların yaşadığı yer üzrə qeydiyyatının aparılmasıdır. Azərbaycanda isə uzun illərdir sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi həll edilmədən qalır. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın əlçatmaz arzusuna çevirilib. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.


Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb. Bir müddət əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığı və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcəyi bildirilsə də, bununla bağlı da rəsmi məlumatlar yoxdur.



Bu barədə Modern.az-a danışan V çağırış Milli Məclisinin deputatı Vahid Əhmədov bildirib ki, problem illərdir həllini gözləyir:

“Bu mövzu ilə bağlı dəfələrlə cənab Prezident də öz göstərişlərini verib, fikirlərini səsləndirib, Bakı Şəhər İcra Hakimiyyəti müvafiq addımlar atıb, amma məsələ həll edilmədən qalır. Yanvarın 1-dən 4 mərhələ üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılır. İcbari tibbi sığorta tətbiq edilənədək ümumiyyətlə sənədsiz evlər məsələsi həll olunmalıdır. Yanvarın 1-nə isə təxminən 15 gün qalır. Bu məsələ çoxdan həll edilməli idi, artıq çox gecikirik. O vaxt Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb, amma hələ də bir nəticə hasil olmayıb”.


V.Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi zamanı müəyyən problemlərin ortaya çıxması gözləniləndir:

“İcbari tibbi sığorta təcrübəsi Azərbaycanda ilk dəfə tətbiq ediləcək. Bu baxımdan qanun tam tətbiq edilənədək müəyyən suallar, problemlər meydana çıxa bilər. Amma evlərin sənədsiz olması buna əsas olmamalıdır”.



Müsahibimiz qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi üçün vətəndaşların dəqiq ünvanını göstərən sənəd olmalıdır:

“İstənilən halda problem öz həllini tapmalıdır. Çünki sizin də dediyiniz kimi, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi üçün insanların ünvanları dəqiq göstərilməlidir. Ona görə də aidiyyatı qurumlar icbari tibbi sığortanın tətbiqinədək “sənədsiz evlər” məsələsini həll etməlidirlər”.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.