Məşhur siyasətçilər koronavirusa qalib gəlir: təsadüf yoxsa…

6-06-2020, 11:14           
Məşhur siyasətçilər koronavirusa qalib gəlir:
Dünyanı cənginə alan koronavirus pandemiyası hələ də davam edir. Tətbiq edilən karantin rejimi, həyata keçirilən müxtəlif tədbirlər bu problemə çarə ola bilmir. Artıq dünyada 6,7 milyondan çox insan qorxulu virusa yoluxub, 393 mindən çox insan isə ölüb.

Koronavirusa yoluxanlar arasında dünyaca məşhur siyasətçilər, siyasi liderlər də var. Məsələn, İran prezidenti Həsən Ruhaninin müavini İshak Cihangir, İran Sənaye, mədən və ticarət naziri Rza Rəhmani, Fransanın Mədəniyyət naziri Frank Riester, Avropa İttifaqı Parlamentinin prezidenti David, Böyük Britaniya vəliəhdi, şahzadə Çarlz, İngiltərənin baş naziri Boris Conson, Avstraliyanın daxili işlər naziri Peter Dutton, Rusiyanın baş naziri Mixail Mişustin, həmçinin bu ölkənin Mədəniyyət naziri Olqa Lyubimova, İnşaat naziri Vladimir Yakuşev, prezident Putinin sözçüsü Dmitri Peskovun adını çəkmək olar. Son olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın da koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, adı çəkilən siyasətçilərin artıq böyük əksəriyyəti koronavirusa qalib gələrək sağalıb, digərləri isə müalicəsinə davam edir. Maraqlıdır ki, koronavirusa yoluxan siyasətçilər arasında ölüm faktı qeydə alınmayıb. Bəlkə də bunu əsas gətirən bir çoxları korpnavirusun mövcudluğuna şübhə ilə yanaşır, bunun bir oyun olduğunu düşünür. “Düşünürəm ki, bəzi insanların bu cür fikirləri mistik təfəkkürdən başqa bir şey deyil. Çox təəssüf ki, Azərbaycanda belə düşünənlər daha çoxdur”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi. Həkim qeyd edib ki, ilk növbədə reallığa inanmaq lazımdır: “Hər keçən gün koronavirusa yoluxanların sayı artır. Bunun üçün reallığa əsaslanıb, karantin rejiminə əməl etməli, tibbi maska taxmalı, sosial məsafəni gözləməliyik. Əgər deyilən bütün qaydalara əməl etsək, problemigetdikcə bizdən uzaqlaşar”.

Tanınmış psixoloq Vəfa Rəşidova isə mövzu ilə bağlı bunları bildirdi: “Ümumiyyətlə, bütün sahələrdə belədir, hansısa məsələ uzun çəkəndə insanlarda inamsızlıq yarana bilir və bunu normal qəbul etmək lazımdır.
Keçmişdə və indi də insanlarda belə bir düşüncə var: “gözümlə görməsəm, inanmaram”. Cəmiyyətdə bu cür düşünən insanlar çoxdur. Bildiyiniz kimi, karantin rejiminin yumşaldılması insanlarda arxayınçılıq yaratmışdı. Lakin sonradan problemin yenidən baş qaldırması bəzilərində bir qədər inamsızlıq yaratdı. Amma bu, o demək deyil ki, koronavirusla bağlı dünyada baş verən hadisələr, milyonlarla insanın virusa yoluxması, yüz minlərlə insanın ölməsi faktları yalandır”.

Psixoloq qeyd edib ki, siyasətçilərin də koronavirusa yoluxması və tez bir zamanda virusa qalib gəlib, sağalması o demək deyil ki, virusun mövcudluğuna şübhə ilə yanaşılsın: “Hər bir insanın orqanizmi, immuniteti fərqlidir. Buna görə də bir xəstəliyi insanlar müxtəlif cür yaşaya bilir. Ola bilər ki, məşhurlar lazımi qədər müalicə alaraq, xəstəliyə qalib gələ bilirlər. Həmçinin olur ki, insan kifayət qədər müalicə alır, amma immuniteti zəif olduğu üçün virusa tab gətirə bilmir. Düşünürəm ki, insanlar yenə də “dar pəncərə”dən baxırlar. Əgər pandemiya ilə bağlı qərarlar verilirsə, mütləq şəkildə onlara riayət etmək lazımdır. Bunun başqa yolu yoxdur. Bu, bizim vətəndaşlıq borcumuzdur. Buradan başqa mənalar çıxartmağın əsası yoxdur. Əgər prezidentimiz, dövlətimiz bizi qorumaq üçün işlər görürsə, bunun qarşılığında anlayış göstərib, qanunlara tabe olmalıyıq. Bütün ölkələrdə, dünyada, tarixdə buna bənzər hadisələr olub və insanlar qaydalara tabe olaraq, çətin proseslərə qalib gəliblər”.

Vəfa Rəşidova son karantin qaydaları ilə bağlı insanlar arasında yaranmış təşviş barədə öz tövsiyələrini də bildirdi: “Əslində indiki halda biz panikaya qapılmamalıyıq. Çünki karantin dövrünün ən çətin dönəmlərini artıq geridə qoymuşuq. İndi həftə sonları ilə bağlı qərar çıxanda bir çoxları panikaya qapıldı, yeməksiz, ərzaqsız qalacağını düşündü. Halbuki, indi panik şəkildə deyil, daha düşüncəli davranmalı, dövlətimizə bu məsələdə dəstək olmalıyıq. Bu zaman problemlərdən daha tez çıxmış olarıq. İnanıb, inanmamaq hər kəsin öz seçimidir. Amma bu düşüncələri yaymaq, başqalarının da fikrini qarışdırmaq, şübhə toxumları səpmək, təşviş yaratmaq yolverilməzdir və bunu heç tövsiyə etmirəm. İnsanları sadəcə qayda-qanuna riayət etməyə çağırıram”.

Xalidə Gəray,
Müsavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.