“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”

13-07-2020, 16:31           
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Kinodramaturq Eldəniz Quliyevin Yenisabah.az-a müsahibəsi:
- Eldəniz bəy, bir müddət əvvəl Vətən Dəyərlər Platforması adlı yeni qurum yaradacağınızı bəyan etdiniz. Bu platformanın məqsədi nədir? Nəyə nail olmaq istəyirsiniz?
- Bu gün Azərbaycan öz tarixinin məsuliyyətli dövrlərindən birini yaşayır. Bu, danılmaz bir faktdır. Hazırki ziddiyyətli, eləcə də mürəkkəb bir mərhələdə mənəvi-əxlaqi dəyərlərin, milli dövlətçilik maraqlarının qorunub saxlanması taleyüklü məsələyə çevrilir. Belə ki, mental dəyərləri aşınmaya məruz qalan cəmiyyətdə xalqın proqressiv inkişafı təmin edilmir. Milli dəyərlər sistemi dağınıq olan ölkələrin dövlətçilik sistemi çökər. Bunun dəfələrlə şahidi olmuşuq, çünki ilahi qanunauyğunluqdur. Hesab edirik ki, mənəvi deqradasiyanın kritik həddə yaxınlaşdığı, siyasi münasibətlərin obyektiv və subyektiv səbəblərdən gərginləşdiyi həssas zaman kəsiyində ictimai-siyasi elitanın bir konsensusa gəlməsi və səylərini vahid bir güc mərkəzi yaradılmasına yönəltməsi tarixi zərurətdir. Biz Vətən Dəyərlər Platforasının Azərbaycanın ictimai-siyasi həyatında birləşdirici funksiyanı yerinə yetirəcək nüfuzlu bir təşkilat kimi fəaliyyət göstərəcəyinə ümid edirik. Zaman tərəzisinə xalqımızın müqəddəratı və dövlətimizin gələcək perspektivləri qoyulub. Artıq yersiz ambisiyalar, qarşılıqlı ittihamlar, populist, qeyri-etik çıxışlarla ciddi nəsə əldə etmək mümkün deyil. Cəmiyyətimiz haqlı olaraq bütün neqativliklərdən cana doyub. Bu gün bizlər öz taleyimizin laqeyd tamaşaçısından fəal iştirakçısına çevrilməsək, qarşımıza çıxan bir sıra problemlərin faciəyə çevrilməsinin şahidi olacağıq. Bütün dediklərim Vətən Dəyərlər Platformasının əsas məqsəd və məramıdır. Biz çalışacağıq ki, həqiqətən, nüfuzlu bir təşkilat yaransın. Biz ruhunda dövlət, xalq, vətən sevgisi daşıyan hər bir alicənab şəxsi bu yola dəvət etməyi fikirləşirik. Hazırda ölkənin 100-dən artıq nüfuzlu insanı bu platformanın yaranmasında iştirak edir. Onlar arasında xalq artistləri, əməkdar incəsənət xadimləri, vəkillər, professorlar, sadə insanlar var. Karantin bitdikdən sonra isə biz öz məram və məqsədimizi geniş şəkildə ictimaiyətə təqdim edəcəyik. Orada kimlərin imza atdığının da şahidi olacaqsınız. Bildirim ki, bu, siyasi meydandan uzaqlaşmaq deyil. Biz istər-istəməz siyasətin içərisindəyik. Suya girən insan orada quru qala bilməz ki... Düzdür, bu, ictimai bir təşkilatdır, amma siyasət hər yanımızda var. Hətta yəqin ki, bu təşkilat yarandığı gündən siyasi proseslərdə də öz səmimi və obyektiv münasibətini ortaya qoyacaq, ona görə də düşünmürəm ki, biz siyasət meydanından uzaqlaşırıq.
- Bu ifadə son illər çox populyarlaşıb. Hamı deyir ki, ziyalılarla cəmiyyət arasında uçurum yaranıb. Əgər bunun belə olduğunu qəbul etsək, gərək səbəbini də axtaraq. Sizcə, ziyalının cəmiyyətdən uzaq düşməsinə səbəb nədir?
- Çox təəssüflə qeyd etməliyəm ki, siz haqlısız və bu gün doğrudan da ziyalı bəndə öz funksiyasını yerinə yetirmir, yükünü çəkmir, təbii ki, bunun da müəyyən səbəbləri var. Ziyalı öz xalqının vicdan daşıyıcısıdır. Belə olmadığı halda, həmin ziyalı cini uçub getmiş çırağa çevrilir. Nəticədə işığının əhəmiyyəti olmur, çünki ziyalı təkcə işıq deyil, fəaliyyəti də önəmlidir. Bu mənada ziyalı insanların bir çoxu öz komformist maraqlarının qurbanına çevrilirlər. Millətin ağrısını anlamaq, dərdi ilə kədərlənmək əvəzinə, ancaq öz maraqlarını güdürlər. Düz yaşam tərzi yaxşı yaşam tərzinə çevrildi, bununla da onlar səhv ömür sürməyə başladılar. Çat bundan yarandı. Bu çat isə artıq uçuruma çevrilir. Mən təəssüf edirəm, çünki ölkədə kifayət qədər problemlər var. Ağrılı, həll olunması vacib olan məsələlər var ki, burada ziyalı qabağa düşməlidir, amma heç bir hərəkət yoxdur. Ziyalı öz mənafeyini xalqın mənafeyindən üstün tutumamalıdır, tutursa, artıq o ziyalı deyil. Əslində formaca çoxlu “ziyalı”mız var, amma reallıqda vəziyyət fərqlidir.Onlar xalqın məsuliyyətini daşımalı, vicdan simvoluna çevrilməlidirlər.
- Bəy, aktiv sosial şəbəkə iştirakçısı olduğunuz üçün bu sualı sizdən soruşmaq yerinə düşər. Sosial şəbəkələrdə bu qədər aqressiyaya səbəb nədir? Biz niyə normal müzakirə apara bilmirik?
- Bəli, sosial şəbəkələrdə aqressiya olduqca çoxdur. Bunun səbəblərindən biri odur ki, insanlarımız sosial problemlər içərisində çabalayır, elə faktlar var ki, onu inkar eləmək qeyri-mümkündür. Pandemiya da bir tərəfdən aşkarladı ki, həqiqətən, sosial məsələlərdə böyük problemlərlə üz-üzəyik. İnsanların işsizlik problemi, kredit borcu onların hövsələsini tükədir. Bu gün insanları daha çox məişət qayğıları, sabaha olan inamsızlıqları incidir. Bunlar bəziləri üçün bəsit gələ bilər, amma elə həyatın özü də bəsitdir. İnsan üç kəlmədən ibarətdir: doğuldu, yaşadı, öldü. Ortada dayanan yaşamaq məsələsində isə bir çox problemlər var. Sosial şəbəkə ictimai həyatımızın aynasıdır. Həyatda baş verənləri özündə əks elətdirir. Sadəcə ölkə rəhbərliyinin ətrafında olan siyasi texnoloqlar qaynayan qazanın qapağının üstünə daş düzməklə xilas olmaq istəyirlər. Yəni problemi görmək istəmirlər. Başa düşmürlər ki, ovucunla gözünü tutub özün üçün günəşi bağlamaq o demək deyil ki, günəş yoxdur. Problem varsa, həll olunmalıdır. Həll məsələsində bizim idarəçilik sistemində ciddi qüsurlar var. İnsanların etiraz enerjisi yavaş-yavaş yığılıb sinergetik enerjiyə çevrilir və bunun da fəsadları çox ağır olur. Bu mənada aqressiyanı başa düşürəm. Amma elə şeylər var ki, onları qətiyyən qəbul etmək olmaz. Məsələn, söyüş ritorikası, qeyri normativ leksikonla danışıq, dövlətə həqarət qəbuledilməzdir. Özü heç bir iş görməyən adamın özünü söyüşlərlə gündəmə gətirməsi yolverilməzdir. Amma problemləri ağrı ilə ifadə edən şəxsi anlamaq olur. Hətta bunda belə aqressiyadan uzaq olmaq lazımdır. Hər halda həqiqi ziyalılarımız bu məsələyə diqqət ayırmalıdır.
- Xalqın tənqid obyekti kimi seçilməsinə, tez-tez qınanmasına münasibətiniz necədir? Məsələn, biz “bu xalq Mirzə Cəlilin, Sabirin dövründə qalıb” qınağı ilə tez-tez qarşılaşırıq. Əgər cəmiyyət 130-150 il ərzində heç bir mədəni tərəqqiyə nail olmayıbsa, bunun tək günahkarı xalqdır?
- Heç vaxt heç bir vəchlə xalqı günahkar çıxarmaq olmaz. Xalq hər zaman haqlıdır. Əgər hər hansı bir şey düz getmirsə, hansısa fəsadlar yaranırsa, bunda xalqı yox, xalqı idarə edənləri günahlandırmaq lazımdır. Bəli, müəyyən təbəqələrin səhvi ola bilər, amma buna görə bütün xalqı qınamaq düzgün deyil. Özü də bu xalq son tikəsini başqasına verən, əməksevər xalqdır. Dünyada ikinci bir xalq yoxdur ki, milli-mənəvi dəyərlərinə belə sədaqət nümayiş etdirsin. Sadəcə gərək onun dəyərlərinə həqarət etməyəsən. Bu yaxınlarda bir xalq artisti xalqa qudurmuş demişdi. Ona qarşı olan aqressiya olduqca haqlı idi. Qudurğan bir aktrisanın xalqına elə söz deməsi yolverilməzdir. Bizim təhsilimizdə, səhiyyəmizdə, siyasətimizdə, sosial sferada, kütlə psixologiyasında mühim problemlər var. Amma bunların heç biri xalqın günahından əmələ gəlmir. Bunlar həmin sferanı idarə edənlərin xalqa münasibətindən yaranır. Ona görə də istənilən halda xalq sevilməlidir. Nə qədər çox sevgi versən, xalq özünü bir o qədər düzgün ifadə edəcək.
- Gələcək barədə düşünəndə hansı hisləri keçirirsiniz? Sizcə, 130-150 il sonra xələflərimiz müasirlərinin yenə Mirzə Cəlilin, Sabirin dövründə qaldığını deyəcək?
- Hamının eybi var. Eybi olmayan təkcə Allahdır. O klassiklər xalqı eyibdən xilas olmaq üçün bəzən səhv tənqid ediblər, amma bunu xalqı sevdikləri üçün ediblər. İstəyiblər ki, eyiblər aradan qalxsın. İnsanların yaşam tərzinin də öz təkamülü var, getdikcə nöqsanlardan azad ola-ola hərəkət edirik. Mən inanmıram ki, 150 il sonra da bizə Sabirin və ya Məmmədquluzadənin qəhramanları kimi baxalar. Baxmayaraq ki, insan xisləti dəyişməzdir, amma bizim nə qədər insanımız var ki, özünü inkişaf elətdirib. Rəssamlarımız, idmançılarımız, elm adamlarımız Avropanı heyrətləndirib, hazırda da heyrətləndirir. Biz inkişaf edirik, ruhumuz da daha da təmizlənir. Yəqin 150 il sonra bizə baxıb deyəcəklər ki, onlar nə qədər çətin vəziyyətdən bu səviyyəyə çatıblar, çətinlikdən qurtulmaq üçün çox cəhd ediblər. Bu gün doğrudan elə bir zaman kəsiminə gəlmişik ki, biz daha çox bir-birimiz haqqında danışmalı deyilik, elə bir-birimizlə danışmalıyıq. İqtidar-müxalifət münasibətlərini də buraya aid edirəm. Gərək, biz baş verən hadisələrə obyektiv münasibət sərgiləyək. Azərbaycan torpaqlarının işğalda olduğunu nəzərə alaq. Elə məsələlər var ki, biz orada danışmalıyıq. Nifrətlə, hər şeyi inkarla mübarizə aparmaq olmaz. Son 20 il də göstərdi ki, inkar heç bir nəticə vermir. Allahın köməkliyi ilə bizim platformada bütün danışdıqlarım fəaliyyət planı kimi öz əksini tapacaq və dediklərimizi addım-addım həyata keçirməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.