“Özünü müxalifət adlandıranların Ramiz Mehdiyev klanına işlədikləri daha aydın görünür”

2-08-2020, 16:38           
“Özünü müxalifət adlandıranların Ramiz Mehdiyev klanına işlədikləri daha aydın görünür”
Ramiz Mehdiyevin Elmlər Akademiyasının saytında yayınlanan yazısını təhlil edirəm.



Bu barədə yazıb-yazmamaqla bağlı qərarsız qalmışdım.



Ancaq, indiki məqamda yazmağın daha vacib olduğunu düşünərək fikirlərimi sizinlə paylaşıram.



İlk öncə onu qeyd edim ki, Ramiz Mehdiyevin çoxillik Prezident Administrasiyası rəhbəri vəzifəsindən alınması, ölkədə aparılan siyasi və adiministrativ islahatlar baxımından böyük bir addım idi.



Ramiz Mehdiyev əslində özü istefa verməli və vaxtını öz ailəsiylə və nəvələriylə keçirməyə ayırmalıydı.



Lakin, son ana qədər dirənən, təslim olmayan 82 yaşlı bu məmurun, ahıl yaşında etdiyi çığallıqların həm qarşısını almaq, hakimiyyət daxilində siyasi bütövlüyün pozulmasını əngəlləmək, həm də indiyə qədər dövlətçilik üçü pis-yaxşı xidmətləri nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna göndərildi.



Yəni, bu yaşında evdə oturmaq istəmirsənsə və özünə akademik deyirsənsə, get barı elmlə məşğul ol!



Ramiz müəllim, prezidentin bu böyük mükafatı qarşısında mızıldanmaq və mısmırığını sallamaq yolunu tutdu.



Gah, Elmlər Akademiyasına nazirləri çağırır, gah hökumətə tövsiyyə motivli yazılar və fikirlər paylaşmağa davam edir.



Ola bilsin ki, hazırkı vəzifəsinin də keçici olduğunu və burada çox qala bilməyəcəyindən də yaxşı xəbərdardır, bəlkə bütün həyəcanı da bundandır.



Son yazısı isə, müxalifət üzərindən hazırkı hökümətə diş göstərməkdən başqa bir şey deyil.



Yazını qısaca təhlil edəsi olsaq,



1. Yazının ilk cümləsindəki "mühacirətdə fəaliyyət göstərən bir sıra müxalif yönlü jurnalist" vurğusunun üzərində durmaq lazımdır.



Ramiz Mehdiyev kimi dövlətçilik təcrübəsi və siyasi backroundu olan bir məmurun bu ifadəni istifadəsi bağışlanılmaz səhvdir.



Mühacirət kəliməsi, sürgün kəliməsinin sinonimidir. Mühacirətdə olan ifadəsi, o insanların öz ölkələrində zülmə məruz qalaraq qaçdıqlarına işarə edir. Mühacir öz vətənini zorla tərketmək məcburiyyətində qalan, tərketdirilən şəxslərə deyilir.



Beləliklə, Ramiz Mehdiyev "mühacirətdə fəaliyyət göstərən bir sıra müxalif yönlü jurnalist" ifadəsini işlətməklə, həmin jurnalistlərə ölkədə repressiya olunduğunu qəbul etmiş olur.



Bu, çox böyük və ciddi siyasi səhvdir.



Özünü akademik adlandıran və AMEA-nın başında olan biri, bu sözün mənasını və etimologiyasını bilməlidir, hər halda akademiyada dilçi alim(lər) olmalıdır.



Ümumiyyətlə, "ölkə xaricində", "xaricdəki" sözlərinin yerinə məhz bu ifadənin səhvən yox qəsdən istifadə olunması da ayrı müzakirə mövzusudur.



Digər məsələ isə, həmin nəzərdə tutulan "müxalif" jurnalistlərin böyük əksəriyyəti Ramiz Mehdiyevin hələ də rəhbərlik etdiyi 5-ci kolona işləyir yaxud xəbərsiz işlədilir.



Təəssüf ki, ölkə xaricində formalaşan bir qism "müxalifət" üzvləri, bir başa yaxud dolayısıyla Ramiz Mehdiyevə bağlı qrupun maraqlarını təmin etməkdədirlər.



2. Yazıda manipulasiya cəhdlərindən danışılsa da, yazı özü hakimiyyətə qarşı manipulativ xarakter daşıyır.



Tarixdə göstərir ki, vurulmuş bir məmur üçün bu çox səhv üslubdur.



3. Hər nə qədər yazıda sədaqətdan danışılsa da, bu yazı öz yerini qoruma narahatlığından qaynaqlandığı aşkardır.



4. Bu yazı, sərt müdafiə yazısıdır - yəni bizə toxunmayın, toxunsanız ölkə qarışar! Ölkə daxilində və xaricindəki "müxalif" havadarlarımızın dəstəyindən faydalanacağıq.



Verilən mesaj budur.



5. Təəssüf ki, özünü əsas müxalifət adlandıranların da Ramiz Mehdiyev klanına işlədiklərini indi daha aydın görmək mümkündür.



İllərdir, müxalifət pərdəsi altında hakimiyyətdaxili qarşıdurmalarda rol alanların xalqa ümidsizlik aşılaması da anlaşılandır.



Həm iqtidar, həm müxalifət cəbhəsində öz şəxsi ambissiyaları və maraqları uğrunda ölkəni qarışdırmağa cəhd edənlərin uğursuzluğa düçar olacağı indidən məlumdur.



Bu arada bu yazı, Mehdiyevin AMEA prezidenti kimi sonuncu yazısı ola bilər.



Elnur Məcidli



Siyasi fəal


шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.