Tehranın türk nifrəti: dərdli vətəndaşına nə özü yardım edir, nə kənar yardıma imkan verir

3-02-2023, 12:44           
Tehranın türk nifrəti: dərdli vətəndaşına nə özü yardım edir, nə kənar yardıma imkan verir
Deputat: “Azərbaycan dövlətinə hansı münasibəti göstərirlərsə, özlərinin azərbaycanlı vətəndaşlarına da eyni şəkildə davranırlar”

Politoloq: “Bir halda ki, öz vətəndaşlarına yardım etmirsənsə, imkan ver, Azərbaycan və Türkiyə yardım etsin”

İran Türkiyənin “Kızılay” təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib. Azərbaycan dövləti də Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir. Bu barədə yerli mətbuat diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən Güneydən olan minlərlə azərbaycanlı evsiz qalıb.

Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib. İranın soydaşlarımızı köməksiz qoyması, Türkiyədən təklif edilən yardımı qəbul etməməsi kəskin etirazlara səbəb olub.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, İran Azərbaycanla Türkiyənin yaxınlaşmasından dolayı təşviş keçirir: “İranla Ermənistan “bacı-qardaş” kimidirlər. 30 illik işğal dövründə, tarixi Zəfərdən sonra da daim İran Ermənistana dəstək nümayiş etdirib. Bu dəstək davam edir. Təbii ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıq, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Tehranı narahat edir. Bir millət, iki dövlət reallığını həzm etmirlər”.

“Ermənilərin Türk dünyasına olan patoloji nifrəti iranlı qardaşlarına da sirayət edib. İranın Türkiyənin “Kızılay” təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina etməsi də bundan qaynaqlanır. Əslində Türkiyə ortaya vicdanlı mövqe qoyur. Molla rejimi isə həm bu yardıma şərait yaratmır, həm də əhalini köməksiz vəziyyətdə buraxıb”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, İran rejimi üçün vətəndaş hüquqları anlayışı mövcud deyil: “Onlar şeytanla ittifaq bağlayıblar. Etnik vətəndaşlara, əsasən də soydaşlarımıza münasibətdə bu faktor özünü aydın göstərir. Azərbaycana hansı münasibəti göstərirlərsə, azərbaycanlı vətəndaşlarına da eyni şəkildə davranırlar. Molla rejimi öz vətəndaşlarını istədiyi zaman qırıb, əzib, hüquqlarını tapdalayıb. Bu ölkə üçün insan haqları amili yoxdur”.

“Xoy şəhərində baş vermiş zəlzələdən sonra vətəndaşların Allahın ümidinə buraxılması, onlara qarşı laqeyd münasibət fars rejiminin mahiyyətini bir daha tam çılpaqlığı ilə nümayiş etdirir. Şübhəsiz ki, burada əsas məqamlardan biri də Xoy şəhərinin sakinlərinin türk olmaları ilə bağlıdır. Bu, ilk dəfə deyil ki, Güneydəki soydaşlarımıza qarşı bu cür münasibət ortaya qoyulur. İnsanların evləri dağılıb, küçələrdə qalıblar, gecələməyə yerləri yoxdur, hökumət isə bütün bunları görməməzliyə vurur”, - deyə Mollazadə vurğulayıb.

İranın Türkiyənin yardım təklifindən imtina etməsini AYNA-ya şərh edən politoloq Sülhəddin Əkbər söyləyib ki, İran özünü güclü dövlət kimi göstərməyə çalışır: “Özlərini elə aparırlar ki, guya heç bir dəstəyə ehtiyacları yoxdur. Əslində isə bu, qətiyyən belə deyil. Daxildə baş qaldıran kütləvi etirazların qarşısında aciz qalan, sosial-iqtisadi problemlərini həll edə bilməyən rəsmi Tehran fərqli cür görünmək istəyir”.

“İranın Türkiyənin dəstəyindən imtina etməsinin daha bir səbəbi Azərbaycanla Türkiyə arasında münasibətlərin dərinləşməsidir. Regionda Türkiyə və Azərbaycanın timsalında güc mərkəzinin formalaşması cənub qonşumuzu ciddi şəkildə narahat edir. Bu baxımdan Türkiyənin dəstək təklifindən imtina ediblər. Hansı ki, “Kızılay” humanitar təşkilatdır və acınacaqlı durumda olan insanlara yardım etməsi normal haldır”, - deyə müsahibimiz bildirib.

Ekspertin sözlərinə görə, rəsmi Tehran ciddi cəhdlə çalışır ki, digər dövlətlər humanitar məqsədlərlə də olsa, ölkəsinə ayaq açmasınlar: “Çünki daxildən dəstəkləri yoxdur. Avtoritar idarəçilik sistemi insanları təngə gətirib və rejim hər vəchlə daxili narazılıları yatırmağa çalışır. Bu tip rejimlər üçün xarakterik olan qonşuda düşmən axtarışı texnologiyasından istifadə etməkdir. Bu “düşmənlər” isə Azərbaycan və Türkiyədir”.

Politoloq qeyd edib ki, İran rejimində türklərə qarşı pataloji nifrət hökm sürür: “Molla rejimi Azərbaycan türklərinə qarşı aqressiyasını nümayiş etdirir. Xoy şəhərində əhali ümidsiz durumdadır. İnsanlar evlərini itirib, yaşamağa yerləri yoxdur. Normal qidalana bilmirlər. Molla rejimi isə baş verənlərə kənardan baxır. Sanki bu, onların problemi deyil. Bir halda ki, özünüz həll etmirsiniz, imkan verin ki, Azərbaycan və Türkiyə yardım etsin. Buna da imkan vermirlər. Sanki öz vətəndaşlarına qarşı soyqırımı həyata keçirirlər”.

“Hesab edirəm ki, molla rejimi süquta uğramayana qədər bu münasibət dəyişməyəcək. İranda başlayan kütləvi etirazların davam edəcəyi, Xoyda baş verənlərin bu etirazları artıracağı, molla rejiminin yekunda süquta uğrayacağı qənaətindəyəm. Azərbaycana qarşı yürütdükləri xain siyasətini türksoylu vətəndaşlarına qarşı da davam etdirirlər. Fars rejimi bu mənfur siyasətinə son qoymalıdır”, - deyə Əkbər fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.