Uçuq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi... - FOTO

25-04-2019, 08:37           
Salyan rayonu Yolüstü kənd sakini, 2-ci qrup Qarabağ qazisi Qarayev Nəsib Mustafa oğlu “Yeni Müsavat”a müraciət edib. Torpaqlarımız uğrunda canını fəda edən qazi dövlətdən ev ala bilməməsindən gileylidir. O, 7 ailə üzvü ilə birlikdə fotoda gördüyünüz birotaqlı daxmada yaşayır. İndiyə qədər aidiyyəti orqanlara etdiyi müraciətlər nəticəsiz qalıb.Uçuq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi... - FOTO

N.Qarayev səlahiyyətli, imkanlı şəxslərdən kömək istəyir: “Ailəliyəm. 5 övladım var. Artıq 26 ildir ki, ev növbəmin çatmasını gözləyirəm. Nəhayət ki, bu il fevralin 15-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qəbulunda oldum. Cənab nazir çox tez bir zamanda mənzillə təmin olunacağımı bildirdi. Ardınca nazirliyin əməkdaşları yaşadığım ünvana baxış keçirdilər və yaxın günlərdə evin inşasına başlanılacağını bildirdilər. Hətta yaşadığım daxmanın inşaat işlərinə mane olduğunu bildirərək, yeganə yaşayış yerim olan balaca daxmamın yarısından çoxunu mənə sökdürdülər. Hazırda ailəm pərəm-pərəm düşüb, qohumlara sığınmışıq. 2016-cı ildə sizin qəzetə eyni mövzu ilə bağlı müraciət etdim və "Yeni Müsavat" problemimi işıqlandırdı. Ondan dərhal sonra Salyan rayon icra başçısı məni qəbul etmişdi. Mənzillə bağlı təminat onun səlahiyyətində olmadığı üçün bu problemimi həll edə bilməsə də, üç tələbə övladımın təhsil xərclərinə kömək məqsədilə aylıq təqaüd təsis etmişdi”.

Qarabağ qazisi yaşamağa gücünün qalmadığını deyir: “Niyə mən bu vəziyyətdə yaşamalıyam? Mən yarıcan adamam. Ayağımdan davamlı gələn çirk qanıma qarışır, işləyə bilmirəm. 26 ildir ki, mən bu evdə yay aylarında istidən bişirəm, qışda da donuram. Müraciət etmədiyim aidiyyəti qurum qalmayıb. Evdə 200-dən çox məktub var. Ümumiyyətlə, artıq cavab verən yoxdur. Telefonumu belə açmırlar. Dövlət Sosial Müdafiə Fondunun tikinti üzrə sektorunun şöbə müdiri Vüqar müəllimə bu iş birbaşa tapşırılıb. Onun dəfələrlə qəbulunda olmuşam. Telefon nömrəsi vermişdi. İndi də o nömrəyə edilən zəngi açmır. Bəzən də deyir ki, bilmirəm nə vaxt ev veriləcək. Deyirəm ki, axı nazirin göstərişindən sonra mənə söz verdiniz, daxmamı da sökdürübsüz. Əgər belə idisə, heç olmasa sökdürməzdiniz. Evin sökülməyi mənə əlavə problem yaratdı. Bir azdan istilər düşəndə daxmamıza ilan girə bilər. O evə girmək artıq qeyri-mümkündür. Nə edəcəyimizi artıq bilmirik. Yağış yağanda daxmaya su damır”.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.