“Azəriqaz”dan növbəti özbaşınalıq - Hər mənzildən 450 manat alıb, hələ də sayğac quraşdırmayıb

19-11-2019, 16:52           
“Azəriqaz”dan növbəti özbaşınalıq - Hər mənzildən 450 manat alıb, hələ də sayğac quraşdırmayıb
"Kommunal xidmət qurumlarının özbaşınalıqları, abonentlərdən qanunda nəzərdə tutulmayan ödəniş tələb edərək xidmətdən imtina etmələri barədə informasiyalar səngimək bilmir. Bu informasiyalar basında işıqlandırılsa da, hələ ki özbazışanalıq davam edir və insanlar normal kommunal və rabitə xidmətindən yararlana bilmirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Daha sonra məqalədə deyilir: "Bağlantılı dövlət qurumları və hüquq mühafizə orqanları isə aidiyyatı “əsas tutub “ “ötür-ötür oynayırlar”. Ən yaxşı halda məhkəməni nişan verən bu qurumların -İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Maliyyə Nazirliyinin, Hesablama Palatasının, Nazirlər Kabinetinin və digər qurumların , eləcə də hüquq mühafizə orqanlarının bəs özlərinin işinin adı nədir, niyə dövlət büdcəsinin əhəmiyyətli hissəsini yeyirlər? Təsəvvür edin, Sabunçu RİH-in vəzifəli şəxsləri 29 il öncə Qarabağ əlilinin icarəsinə verilən Nardarandakı bağ sahəsində əlilin daxma tikməsinə rüşvət qadağası qoyub; bağa nə su, nə işıq, nə qaz çəkilməsi təmin edilir . Elə bu səbəbdən ağaclar quruyub, ekoloji təhlükə yaranıb. “Azərişıq” 3 ildir texniki şərt versə də, qanuna və NK-nın qərarına zidd olaraq sayğaca görə 201,72 manat ödəniş tələb edərək işıqla təminatdan məhrum edib. İqtisadiyyat Nazirliyindən Energetika Nazirliyinə, oradan da Enerji Məsələlərini Tənzimləmə Agentliyinə göndərilən şikayətə cavab olaraq. .. Qarabağ əlilindən 201, 72 manatdan əlavə köhnə tarixə 800 manatlıq qoşulma haqqı da tələb ediblər! (?) Bu da olur, enerji istehlakçılarının hüquqlarının qorunması sahəsində dövlət siyasəti!

Bu günlərdə Bakının Binəqədi rayonu, Mirmahmud Kazımovski -162 saylı kooperativ evin sakinlərinin üzləşdiyi kommunal problemlər isə şəhərin yeni tikilən bütün evlərinə xasdır. 10 ildir sakinlərlə yox, binanı tikən hüquqi şəxs Mənzil Tikinti Şirkəti ilə müqavilə bağlayan kommunal xidmət qurumları bu yolla mənzil yiyələrini aldadıb dələduzluq edirlər . Aydın olsun deyə, vurğulayaq ki, işıq, su sayğaclarının təchizatı, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara xidmət qurumunun hesabına, hüquqi şəxslərə isə istehlakçıların hesabına həyata keçirilir. Mənzil Tikinti Kooperativləri (MTK ) hüquqi şəxs olduğundan “Azərişıq” , “Azəriqaz, “Azərsu” və “Azəristilik” mənzil yiyələri ilə deyil, MTK-larla müqavilə bağlamaqda maddi maraq güdür. MTK -ların da bu dələduzluq əməlində öz maraqları olduğundan, yəni sakinlərdən ikiqat-üçqat ödəniş alıb cüzi hissəsini xidmət qurumlarına ödəmələrindən qanunsuz gəlir əldə etmələri abonentlərin illərdir hüquqlarının pozulması, sayğaclarla təchiz olunmamaları ilə sonuclanır. Onu da vurğulayaq ki, sözügedən binadan istilik xidmətinə görə haqqını ala bilməyən “Azəristilik” , MTK -nı məhkəməyə verib. Sakinlər isə hər ay mənzilin kvadratmetrinə görə 15 qəpik əvəzinə 25-30 qəpik MTK -ya ödəniş ediblər. “Azəriqaz” hər mənzildən qanuna zidd olaraq 450 manat sayğac pulu alsa da, hələ də nə sayğac quraşdırılıb, nə də pul qaytarılıb. Digər xidmət qurumları “Azərişıq” və “Azərsu” da sayğaclara görə hər mənzildən qanunsuz ödəniş alıblar. Sözügedən Mirmahmud Kazımovski -162 saylı binada yüzə yaxın mənzil hesabı ilə qaz xidməti 45 min , su 25 min, işıq 35 min manat dələduzluqla gəlir götürüb. Maraqlıdır ki, 45 min qazanan “qaz vurub qazan dolduran” “Azəriqaz” hələ də sayğac quraşdırmaqdan imtina edir! (?) Sakinlər isə qışın “oğlan çağında” istilikdən də məhrumdurlar, qazdan da. İqtisadiyyat Nazirliyi də gözləməyi məsləhət görür.

Görəsən, 10 ildən çoxdur gözləyən bina sakinləri daha neçə il gözləməlidirlər?"

Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.