“O qədər saxta əlillik alan var ki…” - GİLEY

16-12-2019, 08:40           
“O qədər saxta əlillik alan var ki…” - GİLEY
Masallı rayonunun Təklə kəndi-ndə bundan 6 il əvvəl olmuşduq. O vaxtlar ona yaxın kəndi birləşdirən Həsənli yoluna asfalt döşənmişdi. Bu yol eyni zamanda Təklə kəndinə də gedir. Bu illər ərzində yol dağılıb. Çətinliklə də olsa Təklə kəndinə çatdıq.

Kənddə elə bir ciddi dəyişiklik görmədik. Əksinə, ara yolları baxımsızlıqdan daha da pisləşib.
Təklə kəndinə Həmidovlar ailəsinin müraciəti əsasında getmişdik. Həmidovlar ailəsinə məxsus ev kəndin sonunda yerləşir. Ev yarımtikili vəziyyətdədir. Evin sahibəsi Gülnisə Həmidova-nın dediyinə görə, həyat yoldaşı vəfat edib, yoxsulluq onları əldən salıb: “Ailədə beş nəfərik. Onların arasında bir mənəm evə qazanc gətirən. Qalanları işsizdirlər. Oğlum başından zədə alıb. İki dəfə ağır əməliyyat olunub.Əmək qabiliyyətini itirib. Özünü çətinliklə idarə edir. Gəlin də iki az yaşlı uşağa baxır. Kiçiyin iki yaşı var. Evdə qalıb uşağa baxmağa məcburdur.”

Xəstə görkəmi var. Arıq əllərini göstərib deyir ki, yoxsulluq onu da gücdən salıb: “Müxtəlif şəxslər üçün torpaqda işləyirəm. Həmişə iş olmur. Yağışda, qarda işlər dayanır. İlin bu vaxtında sahədə işlər ağır olur. Qul əməyidir. İşə fasilə vermək üçün, torpaq sahibi gərək icazə verə. İndi iş az, işləyən çox. Bundan istifadə edib günə 5-6 manat ödəyirlər. Göyərti toplayırıq.”

Həyətdə sönmüş ocağı göstərib deyir ki, çoxdandır üstündə yemək bişirilmir: “Oğlum Fəxrəddin Mirzağa oğlu Həmidov iki ildir xəstə yatır, çörəyə möhtacıq. Əslində ona əlilllik düşür. Bu adam yarım iflic vəziyyətindədir. Beyindən ağır əməliyyat olunan adam necə olar? Elə vaxt olur ki, evə həftələrlə bir manat da olsun gəlmir. Mən də artıq yaşlaşmışam. Bir dəfə xəstə oluram, bir dəfə yağış yağır, iş dayanır. Evdə ac qalırıq. Oğlum əməliyyat olunanda bütün ehtiyatları ona xərclədik. Eləməsəydik indi ölmüşüdü. Evə əl gəzdirim, bir şey tapım, satım yoxdur. Kənd kömək edir, o da beş aydan bir. Onunla dolanmaq mümkün deyil. Biz kəndin sonunda yaşayırıq. Məndən bir nəfər soruşdu ki, hansı ölkənin vətəndaşısan? Özümü itirdim. Cavab verə bilmədim.”

Onun həmkəndlisi Səmədağa Həmidov da deyir ki, kəndlərdə yoxsul ailələrin sayı artıb: “Payız, qış aylarında vəziyyətləri pisləşir. Amma elələri var ki, vəziyyəti daha acınacaqlıdır. Quru çörəklə yaşayırlar. Bu ailənin çörək gətirəni Fəxrəddin Həmidov idi. O da ağır xəstədir. Bakıda tibbi sənədlər veriblər və deyiblər ki, rayon mərkəzi xəstəxanasına təqdim edərsiniz, əlillik qrupu verərlər. Sənədləri təqdim ediblər, deyiblər ki, buna pensiya düşmür. Ünvanlı sosial yardım da vermirlər.”

Həmidovlar yoxsulluqdan şikayət edən yeganə ailə deyil. Masallı rayonunun Xırmandalı kənd sakini, 34 yaşlı Bəhruz Cəfərov-un ailəsi də belələrindəndir.

İndi də yolumuz Xırmandalı kəndinədir. Kəndin mərkəzindən keçən yol asfaltlanıb. Bəhruz Cəfərovun yaşadığı ev köhnədir. Suvaqları tökülb, divarı gildəndir. Həyat yoldaşı Bəhruz Cəfərovun əlindən tutaraq həyətə çıxardır. Bəhruz Cəfərov deyir ki, təbii qaz olmadığına görə, evin içi də eşiyi kimi soyuqdur. Ona görə, evdə də qalın geyinirlər: ”2011-ci ildə xəstəliklərim başladı. 2015-də düşüdüm yatağa. Beldən ağır dərəcəli sümük vərəmiyəm. Böyrək çatışmazlığım var. Hazırda mən əmək qabiliyyətimi tamamilə itirmişəm. Bunu məni müalicə edən həkimlər də təsdiq edir. İkinci qrup əliləm. Birinci qrup əlllik üçün müraciət etdim, olmadı. Yaşayışımı görürsünüz, mənim heç nəyim yoxdur. O qədər saxta əlillik alan var ki…”

Nəfəsini dərib sözünə davam edir: “Mənim atam Qarabağ savaşında əlil oldu. Balamirzə Ağamirzə oğlu Cəfərov atamdır. Atam 1992-ci ildə Qarabağa könüllü gedib. Canında qəlpə yaraları var idi. Bu ağır yaralardan da dünyasını dəyişdi. Ağır həyat axırımıza çıxacaq. Yeriyə bilmirəm. Arabir bir təhər çölə çıxıb evin qabağında əyləşirəm. Əlimə heç nə götürə bilmirəm. İki uşağım var, azyaşlıdırlar. Biri xəstədir. Onun da dərdi məni öldürür… Əlil kimi 130 manat alıram, dərmanlar isə 250 manat istəyir.Yaşadığım ev ötən əsrin 60-cı illərində tikilib. Əvvəl mal tövləsi olub, sonra yaşayış üçün düzəldiblər. Bu ev də mənim deyil, başqasınındır. Kirayədəyəm, düzdür məndən pul almırlar. Bura bataqlıqdır.Yağış yağanda içəri damır. Qorxuruq ki, ev uça. Varlı dövlətik, amma onun vətəndaşları miskin yaşayır. Dövlətimizə güvənirəm. Bilsələr kömək edərlər.”

Bəhruz Cəfərovun həyat yoldaşı Aləmzər Cəfərova isə bunları deyir: “Yoldaşıma mən baxıram. Oturanda, duranda kömək edirəm. Ayaqyoluna gedə bilmir. Onun aldığı 130 manatdır. Ünvanlı sosial yardıma görə müraciət etdik, vermədilər. Təbii qazımız yoxdur. Amma kənddə var. İşıq var, o da gündə bir neçə dəfə sönür. Özümüzü yorğana büküb yatırıq. Evin içində bürünmüş halda əyləşirik. Qohumlar olmasa acından ölərik.”

Ailənin bildirməsinə görə, evlərinə mavi qaz çəkdirmək istəkləri də gerçəkləşməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.