Vətəndaşın nəyə inanmağını gözləyirsiniz – Sabah, yoxsa birisi gün öləcəyinə?

29-06-2020, 21:34           
Vətəndaşın nəyə inanmağını gözləyirsiniz –
"Niyə özünüzü bu qədər əziyyətə salırsız, elə milləti verin ordunun qabağına, bitsin bu iş..."

Cənab deputatların bugünki təklifindən belə çıxır ki, "biz deyəni deməyən, həbs olunmalıdır". Məncə də. Bundan gözəl yol yoxdur. Kimdir hər cavabsız suala cavab axtaran. Həbs elə, ağlı gəlsin başına, bir də başından böyük sual zad fikirləşməsin.

Vaxtında mən də demişdim, niyə özünüzə bu qədər əziyyət verirsiniz, elə milləti verin orudunun qabağına, olsun bitsin bu iş... Onsuz 3 aydır eyni şeyi anons edilir: "Enində-sonunda öləcəksiniz. Qurtuluşunuz yoxdur. Can verəcəksiniz, üstünüzə gələniniz olmayacaq. Hazır olun". Bundan artıq mesajınız olubmu?

Bu gün də oxuyuram ki, uroloq həkimimiz çıxıb deyibmiş ki, "6 milyon adam yoluxacaq". Bizdə zatən istənilən mövzuda danışmağa 3 həkim var. Sahələri olsa da, olmasa da hər məsələdə baş roldadırlar. Həyatımız, sanki qorxu filmi ssenarisi üzərində davam edir, sonda yenə üzümüz danlanır. Cərimə, cəza az idi, indi də həbs təhdidi. Bir halda ki, sonumuzu belə görürsünüz, bəs niyə zülüm edirsiniz millətə? "Qurtuluşunuz yoxdur", deməyiniz nədir, "Sizi qoruyuruq" deməyiniz nə?

Sayın vəkillər, əgər bu məsələnin çıxış yolu "fövqəladə hal tətbiq edib, başını çıxaranı həbs etmək" idisə, niyə yoluxma sayının 500-ü üstələməsinə saxladınız bunu? Niyə vaxtında qapatmışkən getmədiniz buna?

Operativ Qərargah çox rahatlıqla çıxıb deyir ki, "sərt karantin tətbiq etsək də, biz gözlədiyimiz nəticəni ala bilmədik təəssüf ki". Səbəb kimi də yenə üzümüzü danladılar, oldu bitdi. Hərçənd vətəndaş edə biləcəyini etmişdi. Öz payıma düz 2 gün çörəksiz və susuz qalmağa məhkum oldum...Başqa neynəməliydim ki, üzüm danlanmasın?

"Vətəndaş məsuliyyətsizdir"- hamı çıxsın bir ağızdan bunu desin, yüklənsin vətəndaşa. Amma heç kim çıxıb deməsin ki, məsələn, "bəs bu 4 aydır işsiz qalan və nə vaxt işə dönəcəyi sual altında olan vətəndaş nə yesin, ailəsinə nə yedizdirsin, hardan alsın yesin, necə kompensasiya edək onun xərclərini? Bunun yemək xərci var, kommunal xərci var, kredit xərci var, həkim xərci var, kirayə xərci var... var ki var... necə yüngülləşdirək bəs?” Yaxud, “sahibkarlara nə qədər "ixtisar etmə" desək də, ixtisar qaçılmazdır, sahibkar qazanmırsa, pulu hardan verməlidir və bu işdən atılanların gününə necə ağlamaq lazımdır?”

Deməyək, soruşmayaq ki, 4 aydır rayon yolları bağlıdır. 100-lərlə vətəndaş həkimə gələ bilmir. "Taksi ilə gələ bilərsən, əlində arayışla" deməklə olmur. Taksi ilə Şəkidən Bakıya ər-arvadın təkcə yol pulu 200 manatı vurur. Hansı ki, cəmi 130 manat əlinə pulu zorla alır. Necə gəlsin, necə getsin? Həkimin pulunu hardan versin, dərmanını nəynən alsın?

Rayonda evi olan şəxs niyə axı şəhərdə 9-cu mərtəbədə qapanıb qalmalıdır havasız? Yaşlısı var, körpəsi var. Adamın öz evidir də, niyə getməsin evinə?

Heç bir söz sahibimiz çıxıb deməsin ki, "biz başa düşürük ki, bu problemlər qaçılmazdır və həll olunmalıdır. Əziz vətəndaş, sən narahat olma, səni də düşünmüşük və çarəni bunda görmüşük. Sən evdə otur, biz sənin məsələni bu şəkildə həll edəcəyik"... qətiyyən, kimsə deməsin. Eləcə sağdan sola, soldan sağa vətəndaşı danlayaq, sonunda da damlayaq, olsun bitsin.

Heç bir ixtisaslı həkimimiz (hərşeyşünas həkim yox, ixtisalı həkim) çıxıb izah etməsin ki, fəslin belə bir vaxtında insanların təmiz havadan təcridi, meyvə-tərəvəz qiymətinin əl yandırması səbəbindən doyunca onu da yeyə bilməyən və hərəkətsiz qalmağa məhkum olması, payızda immun sisteminin zəifləyəcəyi ərəfədə səhiyyəni hansı "sürprizlər"lə üz-üzə qoya bilər? “Gəzmə, hərəkət etmə, üzün gülməsin, səhərdən-axşama, axşamdan-səhərə ancaq necə öləcəyini düşün”- dediyimiz insanlara ancaq əlini yu, immun sistemini normal saxla deməklə olacaqmı bu işlər?

Ya uşaqlar? Bu boyda stress-gərginliyi qaldıra bilməyənlər necə olacaq? Qaş düzəldən yerdə göz çıxarmış olmarıq ki? Operativ Qərargah onda çıxıb deməyəcək ki, "biz belə düşünürdük, amma tam əksinə nəticələr almalı oluruq". Varmı bunun hesabını verən həkim?

Çarəsizlikdən qovrulan və ölən vətəndaşlın gününə ağlamaq lazım bilinmirsə, bu üzücü prosesi niyə bu qədər uzadırıq ki?

Əgər kimsə beynini məşğul edən suala cavab axtarırsa, adı "virusa inanmayıb təbliğat aparan" qoyulub həbs olunanda düzəlir hər şey? Kim deyir axı vətəndaş virusa inanmır? Virusa hamı bal kimi inanır. Virus var və hamı əziyyət çəkir. Sadəcə bu qədər sualın içində vətəndaşa imkan verən yoxdur ki, virusun təhlükəsi haqda da nəsə düşünməyə imkan tapsın, dərk etsin. Virusla bağlı vətəndaşa verdiyiniz bircə mesaj var, onu da hamı əzbər bilir- "öləcəksiniz, xəstəxanalarda yer olmayacaq". Siz nəyi aramla, aydın, vətəndaşın başa düşəcəyi şəkildə izah etdiniz, vətəndaş inanmadı?

İnsanların inanmadığı virus deyil, beyinlərini məşğul edən sualların havada asılı qalması və ya dövrəsində fırlanıb cavabsız qoyulmasıdır. "Virusa inanmır" deyib yenə hər şeyi vətəndaşın kürəyinə yükləməkdə inanın ki, bir anlam yoxdur. Vətəndaş virusa inanır e, verdiyiniz mesajlar sayəsində sabah yıxılıb öləcəyinə, çarəsiz qalacağına inanmaq istəmir, sayın yetkililər.

Onsuz deyirsiniz ki, hara çevirsək, sonda öləcəksiniz. Vətəndaşın nəyə inanmağını gözləyirsiniz – sabah, yoxsa birisi gün öləcəyinə?

Məsələnin həlli yolu çox asandır, əslində. Vətəndaşı hər şeydə günahlandırmaqla, cərimə-cəza ilə gözünün odunu almaqla deyil, onun suallarına aydın cavab verməklə və problemin həll variantını ortaya qoymaqla hər şeyi çox asanlıqla yoluna qoya bilərsiniz. Vətəndaşa sualına cavab lazımdır, nəinki İnzibati Xətalar Məcəlləsini təkmilləşdirmək.

Bilirəm, hamınız bunu gözəl bilirsiniz, mən də öz payıma deməsəmolmazdı...

Əzizə İsmayılova, jurnalistшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.