Yayın cırhacırında hovuz müəmması - sahibkarlar da çaş-baş qalıblar

8-07-2020, 09:54           
Yayın cırhacırında hovuz müəmması -
Paytaxtda bir neçə oteldə sərt karantin qaydalarının pozulması ilə bağlı reydlərin keçirilməsi otellərin fəaliyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirib. Qeyd edək ki, koronavirus pandemiyası dövründə otellər müştəri qıtlığı ilə üzləşsələr də, fəaliyyətlərini davam etdirirdilər. Ən maraqlı məsələ isə bir müddət öncə çimərliklərin, akvaparkların, hovuzların fəaliyyətinə metodiki göstərişlərə əməl etmək şərtilə icazə verilməsi idi. İndi yaranan suallardan biri də otellərin tərkibindəki SPA mərkəzlərinin, açıq hovuzların hansı şərtlər altında fəaliyyət göstərməsidir.

Məlumat üçün qeyd edək ki, iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, bu gün sərt karantin rejiminin tətbiq edilmədiyi ərazilərdə də otellər açıq hovuzları müştərilərin ixtiyarına verə bilmir. Səbəb - bu məsələ ilə bağlı dəqiq rəsmi açıqlamanın olmamasıdır.

DAİR Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə otellər bağlanmayıb. Amma ötən bazar “Fairmont Baku” otelində polisin reyd keçirməsi otellərin fəaliyyəti ilə bağlı məsələni şübhə altına salır:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tez-tez qərarlar qəbul edir. Artıq sahibkarlar da bu qərarlardan çaş-baş qalıblar. Əvvəlki fəaliyyətinə icazə verilən sahələrin heç birində yerləşmə yerlərinin fəaliyyətinə qadağa olmayıb. Əgər otelin fəaliyyətinə icazə varsa, karantin qaydalarına əməl etməklə orada xidmət də göstərilə bilər. Çünki bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, eləcə də TƏBİB çimərlik və hovuzlarla bağlı tövsiyələr hazırlamışdı.
O zaman sual yaranır ki, əgər bu sahələrdə fəaliyyətə icazə yoxdursa, o qərarlar ictimaiyyətə niyə açıqlanmışdı? Düşünürəm ki, otellərin fəaliyyəti, orada göstərilən xidmətlərlə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Çünki bu gün sərt karantin olmayan rayonlarda da otellər necə fəaliyyət göstərəcəyini bilmir".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərt karantinlə bağlı NK-nın 208 saylı qərarına əlavələr edilib: "Əgər otellər həmin qərara əlavədə əks olunan siyahıda yoxdursa, deməli, fəaliyyətinə də icazə yoxdur".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a deyib ki, çimərliklər və hovuzlarla bağlı metodiki göstərişlər hazırlandıqda ölkədə karantin şərtləri yumşaldılmışdı. R.Əliyeva həmin göstərişlərin sərt karantin dövrünə aid olmadığını söyləyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, sərt karantin rejimində otellərdə açıq və qapalı hovuzların fəaliyyəti qaydalara ziddir:

"Sərt karantin rejiminin tələbində göstərilib ki, 5 nəfərdən artıq toplaşmaq qadağandır. “Fairmont Baku”da keçirilən reyddə də görünürdü ki, orada həmin tələb pozulub. Açıq hovuzun həm içərisində, həmçinin də kənarında xeyli insan toplaşıb. Bu isə virusun yayılma riskini artırır. Ona görə də otellərin, istirahət mərkəzlərinin hovuzlarının fəaliyyəti sərt karantin dövründə qadağan edilib".
Qeyd edək ki, “Fairmont Baku” həftəsonunu oteldə keçirmək üçün vətəndaşlara çağırış edib. Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Daha sonra oteldə polis tərəfindən reyd keçirilərək orada istirahət edən şəxslər saxlanılıblar.

Məlumat üçün onu da xatırladaq ki, iyulun 2-də Operativ Qərargahın qərarı ilə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.