Təklif: "Jurnalistlər üçün tikilən 3-cü bina tibb işçilərinə verilsin"

10-07-2020, 21:22           
Təklif: "Jurnalistlər üçün tikilən 3-cü bina tibb işçilərinə verilsin"
Jurnalist Samir Kazımlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində jurnalistlər üçün tikilən 3-cü binanın tibb işçilərinə verilməsini təklif edib.

Bu barədə arqument.az-a jurnalist, hüquq müdafiəçisi Samir Kazımlı deyib.

"Toplumda belə bir fikir səslənir ki, koronavirusla mübarizə müharibə kimi bir məsələdir və ön cəbhədə isə koronavirusa yoluxmuş xəstələri müalicə edən tibb işçiləridir. Artıq onlarla həkim koronavirusa yoluxub, ölənlər var. Görünən odur ki, COVİD-19-a yoluxmuş xəstələri müayinə və müalicə etmək üçün tibb işçiləri yetərincə deyil. Virusa yoluxan və ölən tibb işçilərinin, həmçinin koronavirusa yoluxan xəstələrin sayı artdıqca, tibb işçisi çatışmazlığı problemi böyüyəcək", - o bildirib.

"Həqiqətən, bu gün ölkəmizin və insanlarımızın həyatında koronavirusa yoluxmuş xəstələrə baxan tibb işçilərinin əməyi çox böyükdür. Ona görə də bu sahədə çalışan tibb işçiləri ilə bağlı dövlət müxtəlif addımlar atmalıdır. Məsələn, ölən və virusa yoluxan tibb işçilərinə və onların ailələrinə dövlət xüsusi qayğı göstərməlidir ki, adamlar xəstələnəndən və ya öləndən sonra ailələrinin pis durumda qalmayacaqlarını bilsinlər. Hətta mübaribədə şəhid və əlil olanlara xüsusi statuslar verildiyi kimi koronavirusla mübarizədə çalışan tibb işçilərinə də müxtəlif statuslar vermək olar".

Daha sonra jurnalist qeyd edib: "Çox güman ki, bu gün koronavirusla mübarizədə ön cəbhədə çalışan, bu mübarizədə həyatlarını itirən, virusa yoluxan tibb işçilərinin ailələrinin sosial durumu, mənzil şəraiti yaxşı deyil. Bu məsələyə də dövlət diqqət yetirməlidir. Kimsə deyə bilər ki, ilin-günün bu vaxtında dövlət o tibb işçilərinin mənzil şəraitini yaxşılaşdıra bilməz və s. Məncə, mümkündür. Jurnalistlər üçün tikilmiş 3-cü bina hazırdır. Yaxşı olar ki, o mənzillərin hamısı jurnalistlərə deyil, yarısı bu gün koronavirusa yoluxmuş şəxsləri müalicə edən, virusa yoluxan, həyatını itirən tibb işçilərinə verilsə, daha yaxşı olar. Bu həm də ölkədəki və xaricdəki tibb işçilərinin ölkəmizdə koronavirusa yoluxmuş xəstələrin müalicəsinə qoşulmaları üçün motivasiya da ola bilər".

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış binası 2013-cü ildə istifadəyə verilib. 255 mənzildən ibarət ikinci binas isə 2017-ci ildə KİVDF-nin təqdim etdiyi siyahı əsasında jurnalistlərə paylanılıb. Hazırda 3-cü binanın istifadəyə verilməsi gözlənilir. шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.