Qubad İbadoğlu korrupsiyaya qarşı mübarizə üçün təkliflər paketini təqdim etdi...

14-07-2020, 14:26           
Qubad İbadoğlu korrupsiyaya qarşı mübarizə üçün təkliflər paketini təqdim etdi...
Teref.az yazır ki, iqtisadçı professor, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu korrupsiya ilə mübarizə üçün təkliflər paketini təqdim edib.
Qubad İbadoğlu yazır:
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının
korrupsiyaya qarşı mübarizə planını təqdim edirəm.

Təkliflər paketi rəsmi olaraq prezidentə, Milli Məclis sədrinə, baş nazir, iqtisadiyyat nazirinə, maliyyə nazirinə və Hesablama Palatasına göndərilib.

Azərbaycanın əsas ixrac məhsulu olan neftin dünya bazar qiymətinin ucuzlaşması, koronavirus pandemiyasının məhdudlaşdırıcı təsirlərinin davam etməsi, pis və hesabatsız dövlət idarəçiliyi milli iqtisadiyyatda tənəzzülünə gətirib çıxarıb. Yaranmış şəraitdə işsizlik və yoxsulluğun sürətlə artımı, korrupsiyanın genişlənməsi, büdcədən ayrılan vəsaitlərin çox hissəsinin son təyinatının mərkəzi icra hakimiyyəti orqanlarının müəyyənləşdirməsi, ictimai vəsaitlərin xərclənməsinə dair informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması, tenderlərin qapalı və rəqabətsiz keçirilməsi və ya tender keçirilmədən sifarişlərin birbaşa siyasi elitaya məxsus şirkətlərə verilməsi və bütün bunların korrupsiya ilə müşaiyyət olunması ölkəni fəlakət həddinə çatdırıb. Odur ki, ADR Hərəkatı Azərbaycanı onu gözləyən fəlakətdən xilas etmək üçün təxirə salınmaz addımlar kimi aşağıdakı anti-korrupsiya tədbirlərinin həyata keçirilməsini hakimiyyətə təklif edir.

1) Hüquqi müstəvidə:
• Prezidentdən tutmuş icra başçılarına qədər orta və iri ranqlı dövlət məmurları, prokurorluq, hüquq mühafizə, məhkəmə hakimiyyəti işçiləri “Gəlirləri və əmlakına dair bəyannamə”lər dərc etsin.
• “Rəqabət Məcəlləsi” qəbul edilsin.
• “Büdcə Məcəlləsi”nin qəbul edilsin.
• “Maraqlar toqquşması haqqında” Qanun qəbul edilsin.
• “Məlumatlandırıcının müdafiəsi haqqında” Qanun qəbul edilsin.
• “Dövlət maliyyə nəzarəti haqqında” Qanun qəbul edilsin.
• “Mülkiyyət sahibliyinin açıqlanması haqqında” Qanun qəbul edilsin.
• “İşəgötürmədə məhdudiyyətlər, xidmətdə irəliləmə və işdən çıxarılmaya dair” Qanun qəbul edilsin.
• Mülkiyyət sahibliyinə və şirkətlərin ödənişlərinə dair məlumatların açıqlanmasına olan qadağalar “Kommersiya sirri haqqında” Qanundan çıxarılsın.
• Mövcud qanunlar anti-korrupsiya ekspertizasından keçirilsin.
2) İnstitutsional müstəvidə:
• Hüquqi qərarların verilməsi və qanunların aliliyinin təmin edilməsi üçün müstəqil məhkəmələrin fəaliyyəti təmin edilsin.
• Andlılar Mərkəməsi qurulsun.
• Korrupsiya qarşı siyasətin müəyyənləşdirilməsi üçün mövcud komissiya ictimaiyyət nümayəndələrinin iştirakı ilər yenidən təşkil edilsin.
• Rəqabəti dəstəkləmək üçün müstəqil anti-inhisarçı institute yaradılsın.
• Çirkli pulların yuyulmasının qarşısını almaq üçün maliyyə monitorinqi xidmətinin müstəqilliyi təmin edilsin.
• Dövlət büdcəsinin xərclərinin son təyinatı üzrə istifadəsinə nəzarət edən müstəqil audit institutu olaraq Hesablama Palatasının səlahiyyətləri artırılsın.
• Hüquq Mühafizə orqanlarının iştirakı ilə beynəlxalq mətbuatın araşdırmalarında adı çəkilən korrupsiya hallarının və xaricə külli miqdarda pul daşımaları faktlarını araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradsın.

3) Hesabatlılıq/şəffaflıq və ictimai iştirakçılıq müstəvisində:
• Büdcə xərclərinin nəticə əsaslı proqramlar üzrə təsnifatı həyata keçirilsin.
• Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin müdafiə büdcəsi ilə bağlı qapalı dinləmələri təşkil olunsun.
• Azərbaycan Respublikasının 2021-ci il üçün dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərclərinin konfidensiallıq təşkil edən xərcləri istisna olmaqla digər xərclərinin inzibati, iqtisadi və funskional təsnifatı hazırlansın və Milli Məclisin müzakirəsinə təqdim edilsin.
• Müdafiə və milli təhlükəsizlik xərclərinin Hesablama Palatası tərəfindən auditi aparılsın və rəy hazırlansın.
• Müdafiə və milli təhlükəsizlik xərclərinin şəffaflığının və hesabatlılığının artırılması, müdafiə qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlər açıq və rəqabətli keçirilsin.
• Mülkiyyət sahibliyinə dair informasiyalara əlçatanlığı artırılsın
• Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimaiyyətin nümayəndələrinin təmsilçiliyi təmin edilsin
• Vətəndaş cəmiyyəti institutlarının (QHT-lər, azad mətbuat) fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırılsıb
• AHT Təşviqi üzrə Milli Fəaliyyət Planının qəbulu, icrası və monitirqi prosesinə müstəqil vətəndaş cəmiyyəti institutları cəlb edilsin.
• Vətəndaş cəmiyyəti instititlarının iştirakı ilə ayrı-ayrılıqda Milli Məclisin və hökümətin büdcə dinləmələri təşkil edilsin.

4) Beynəlxalq əməkdaşlıq müstəvisində:
• GRECO-nun, OECD-nin anti-korrupsiya tövsiyyələri vaxtında və tam icra olunsun.
• FAFT və MONEYVAL təşkilatları ilə əməkdaşlıq genişləndirilsin.
• DTT -yə üzvlük sürətləndirilsin.
• Açıq Hökümət Tərəfdaşlığı (OGP) təşəbbüsündə Azərbaycanın aktiv üzvlüyü bərpa olunsun.
• Mədən Sənayesində Şəffaflıq Təşkilatına (EİTİ) yenidən üzvlüklə bağlı təkrar müraciət edilsin.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.