"Mağazalar, kafe-restoranlar açılsın..." - "Təhsil haqlarında güzəşt edilsin..."

6-08-2020, 22:03           
"Mağazalar, kafe-restoranlar açılsın..." - "Təhsil haqlarında güzəşt edilsin..."
Kasıb ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri verilməli, mollardan kənar ticarət obyektləri, açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılmalıdır.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünki iclasında büdcə müzakirələri zamanı çıxış edərkən bildirib. “Dünya ağır bir pandemiya dönəmindən keçir. İnsanlarımız cənab prezidentin rəhbərliyi altında əhalimizin sağlamlığı, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirilən proqramları yüksək qiymətləndirir. Amma bəzi məsələlər var ki, onlara da böyük diqqət yetirilməsini istərdik.

Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar.

Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını tək başına böyüdən analar var, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdəndə çətin vəziyyətdə olan ailələrə tələbələrin neçənci kursda oxumasından asılı olmayaraq dəstək göstərilsin, onlara təhsil haqlarında güzəştlər olunsun”.

Qənirə Paşayeva dövlətin sahibkarlığa göstərdiyi dəstək barədə də danışıb. O bildirib ki, bu sahədə 10 minlərlə insan çalışır və ölkə iqtisadiyyatının gücü sahibkarlığın inkişafı ilə ölçülür: “İnsanlarımız karantin qaydalarının onları qoruduğunu bilirlər. Lakin Operativ Qərargahın bəzi sahələrdə yumşaldılma aparılması vacibdir. Mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur.

Mebel, qızıl və geyim dükanlarından başlayaraq mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət addım olardı. Yoluxma riski qapalı məkanlardakı qədər böyük olmayan, açıq havada yerləşən restoranlar, kafelər var ki, orada karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.