Lerikdə əhali maraqlı məsələlərə diqqət çəkdi - “Prezidentə Piran-Hamarat-Vijaker kənd yolunun tam hazır olması barədə yalan məlumat verdilər...”

11-08-2020, 00:10           
Lerikdə əhali maraqlı məsələlərə diqqət çəkdi -
Azərbaycan xalqının birinci xoşbəxtliyi ondadır ki, onun ağıllı, müdrik, öz vətəndaşının həyat tərzini düşünən Prezidenti var. Əhalinin sosial rifahının yaxşılaşması üçün ölkənin bütün bölgələrində böyük əhəmiyyətli layihələr ara vermir. İndi ölkədə insanların rahat yaşaması üçün ölkə başçısının xüsusi diqqət və qayğısı hesabına hər cür şərait yaradılır. Bir sözlə, abadlıq, quruculuq işləri, sosial inkişaf vətəndaşı razı salır, Prezidentə inam, məhəbbət günbəgün artır.

Respublikada belə bir tərəqqi, inkişaf olduğu halda dağlar diyarı Lerik rayonunda məmurların süni sürətdə yaratdığı bir sıra sosial problemlər üzündən adamlar ağır günlər yaşayır. Sovetlər dağılandan sonra rayonda avtobus xətlərinin ləğvi bu problemlərin əsasını təşkil edir. Yerli sakinlərin məsələyə münasibətini öz dillərindən eşitmək lap yerinə düşər.

Əminağa Əliyev (Daster kənd kitabxanasının müdiri): - Bizim əraziyə çox rahat yol çəkilib. Buna görə ölkə rəhbərinə ürəkdən minnətdarıq. Yol rahat olsa da, ondan istifadə edə bilmirik. Çünki marşrut avtobusları yoxdur. Rayon mərkəzinə, eləcə də ətraf kəndlərə gedib-gəlməkdən ötrü ara sürücünün dediyi qiymətə adamın gücü çatmır. Yerli məmurların isə indi adamların ehtiyac duyduğu ictimai nəqliyyatın bərpasına marağı yoxdur. Qalmışıq çıxılmaz vəziyyətdə...

Babalı Babayev (Bradi kəndi, pensiyaçı): - Bəri başdan deyim ki, Prezidentimiz xalqın bütün problemlərin həllinə çalışır. Lerikdə isə rayon rəhbərlərinin əhalini görməyə gözü yoxdur. İndiyə qədər olmayıb ki, icra başçısı sadə bir işə əncam çəksin. Lerikdə kim ki vəzifəyə seçilir, özünü xalqın ağası bilir, hətta rüşvət xətrinə ölkə başçısına yalan məlumat da verir. Nəticədə rayonun kəndlərində sosial problemlər günbəgün artır. Ən əsası isə, ictimai nəqliyyatın yoxluğu bizi narahat edir. Bu səbəbdən biz yaşlı adamlar qonşu kəndə düşüb öz pensiya pullarımızı vaxtında bankomatdan çıxara bilmirik. İmkanlı adamlar şəhərdən gətirdiyi ərzaq məhsulları üçqat bahasına bizə satır... Vaxtılə yaşayış məntəqələrinə işləyən avtobusların bərpasını istəyirik. Rüşvətdən başı ayılmayan rayon rəhbərləri bizi eşitmir. Dövlət tərəfindən əhalinin rahatlığı üçün çəkilən yollarda ayrı-ayrı adamlara məxsus köhnə “UAZ” maşınlar fironluq edir.

Hacımusa Mirzəyev (Hamarat kənd sakini): - Mən əvvəlcə bir başqa məsələyə toxunmaq istəyirəm. Prezidentimiz Piran – Hamarat - Vıjaker kənd yoluna asfalt döşəməsinə 11 milyondan artıq vəsait ayırdı. Yolun Piran - Hamarat hissəsinə qədər asfaltlaşdı. Hamaratdan Vıjakerə qədər olan 5 kilometr yolda heç bir iş görülmədi. Qaldı ki, Prezidentə Piran – Hamarat - Vijaker kənd yolunun tam hazır olması barədə yalan məlumat verdilər. Bəli, Lerik məmurları dövlətin verdiyi vəsaiti yeməkdən belə çəkinmirlər. Hələ ki, onların yalanları keçir. Sovet vaxtı rayonun 28 ərazisinə ictimai nəqliyyat işləyirdi. İndi yolumuz asfalt olsa da, bir yerə çıxmaqdan ötrü əziyyət çəkirik. Köhnə avtobus xətləri bağlanıb, ara sürücülər də elə qiymət deyirlər ki, məhdud maddi imkanlı adamlara sərf etmir...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
bakixeberшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.